Zamin HACI“Ha kəsirik, ha asırıq, azalmır,

Ha tuturuq, ha basırıq, azalmır.

Bu get-gəllər, bu basırıq azalmır,

Bu şəhəri Səlyan, Ələt korlayır,

İşimizi müxalifət korlayır”

(Mətləb Nağı)

Şənbə günü paytaxtın mərkəzində 3 metro stansiyası beş-altı saat müddətində bağlı qaldı, nəticədə zəhmətkeşlərimiz müəyyən qədər əziyyət çəkdilər. Hərənin bir işi-gücü vardır, toya-nişana gedən, elmi kəşf ardıyca universitetə yollanan, kosmik tədqiqatlar aparan, Qarabağ üçün yeni substantiv danışıqların konturlarını düşünən… İşsizlik aradan qalxıb, hamı işləyir. Lakin yuxarıda yazdığım kimi, şəhər rəhbərliyinin yarıtmaz fəaliyyəti sayəsində 3 metro işləmədi.

Bəziləri hesab edir ki, metroların bağlanması özünü müxalifət adlandıran qüvvələrin “28 may” metrosu ətrafında mitinq elan etməsiylə bağlı olmuşdur. Guya şəhər rəhbərliyi onlara mitinq icazəsi verməyibdir. Səbəb isə belə göstərilib ki, orada əhalinin sıxlığı var, nəqliyyatın hərəkəti iflic olar, o üzdən gedin mitinqi başqa yerdə edin. (Bu başqa yer Lökbatandır, ancaq vətənin hər yeri bizə əzizdir, lazım gəlsə mitinqi İsa bulağında edərik). İndi ortaya sual çıxır: fərqi nə oldu? Yenə nəqliyyatın hərəkəti iflic olmadımı? Bəlkə mitinq keçirilsə heç bu qədər metronu bağlamaq lazım gəlməzdi, bir-iki saata danışıb dağılışardılar. Deməli məsələnin qoyuluşuna yenidən baxmalıyıq. Zəhmətkeşlərin rifah halı bizi hər şeydən öncə düşündürür.

Haşiyə çıxaraq qeyd edim ki, əslində mən yuxarıdakı abzasdakı fikirlərlə, yəni metroların mitinq cəhdinə görə bağlanması ilə razılaşmıram. Diqqətli izləyicilər hadisədən cəmi bir gün qabaq Bakı metrosunda bəzi stansiyaların rəislərinin dəyişdirildiyi xəbərini oxumuşdur. Sitat: “Şah İsmayıl Xətai” stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək “Sahil” stansiyasına, “Neftçilər” stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək “Şah İsmayıl Xətai” stansiyasına rəis təyin edilib. Bundan əlavə “Sahil” stansiyasının rəisi Yusif Şabanov “Nizami” stansiyasına rəis kimi transfer olunub. “Əhmədli” stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək “28 May” stansiyasının rəisi təyin edilib. Metronun “Memar Əcəmi 2″ stansiyasının rəisi Faiq Həsənovla ”Avtovağzal” stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişib. “Bakmil”in rəisi Əlişan Ağayev “Memar Əcəmi” stansiyasına, “Memar Əcəmi” stansiyasının rəisi Sərdar Babayev isə “Bakmil”ə rəis təyin edilib”. Hələ sitat uzun idi, oxuculara yazığım gəldi, hamısını yazmadım. Gördüyünüz kimi, metronun rəisi Zaur müəllim bütün stansiyaların rəislərini yerdəyişmə etmişdir. Bu da haqlı olaraq mətbuatın diqqətini çəkmişdir – ayrı nə xəbər var yazaq? Metro stansiyaları rəisləri hər biri lokomotiv qədər ağır insanlar olduğundan bunların yerdəyişməsi qatarların hərəkətinə mütləq təsir etməliydi. Vəssalam, 3 stansiyanın dayanmağı buna görədir.

Qaldı müxalifət… Məncə hökumət bütün başqa sahələrdə apardığı islahat və yenilikləri müxalifətin işində də aparsa yaxşı olar. Xalqımıza yeni, gənc, islahatçı, dünyagörüşlü müxalifət lazımdır. Hətta yaxşı olardı “bir pəncərə müxalifət” sistemi qurulsun,  hakimiyyətə qarşı bütün bəyanatlar o pəncərədən verilsin. Yoxsa ağız deyəni qulaq eşitmir, xalqda çaşqınlıq yaranır, bilmirik əsl müxalifət kimdir, saxta müxalifət kimdir, halal müxalifət sertifikatını kim verir, hansı müxalifətin vaxtı keçib və sairə. Sözgəlişi, qabaqlar bu işdə sistem var idi, xalq öz müxalifətini tanıyırdı, hökumətdən də həmin müxalifətə görə narazı qalmırdı. İndi nəsə bu üzvi əlaqələr qırılıbdır. Hökumətin müxalifət siyasəti zamanın tələblərinə cavab vermir. Açıq danışmaq lazımdır.

Mitinqlər, küçə yürüşləri üçün yer məsələsinə də yenidən baxmaq yaxşı olardı. Lökbatan doğrudan da, hardasa, üzr istəyirəm, güman edirəm ki, mənə belə gəlir, deyilənə görə bir az, müəyyən qədər, bəlkə də, ola bilsin uzaqdır. Bakının bəzi küçə və meydanlarını yenidən müxalifətə ayırmaq olar. Misal üçün, elə ənənəvi “20 yanvar”-“Qələbə” marşrutu. Necə deyərlər, “Qələbə”yə qədər siz gəlin… Yaxud, “Dərnəgül” metrosu tərəflər. Nə bilim, “Neftçilər” metrosundan maşın bazarına… Bakıda 3 metro stansiyasına embarqo qoymadan mitinq üçün ayrılası tarixi məkanlarımız çoxdur.

Bu marşrutların yenidən bərpası əhalidə hökumətə inamı gücləndirər, bəlkə köhnə-yeni müxalifətin, islahatçı müxalifətin ortaya çıxmasına zəmin yaradardı. Struktura da baxmalıyıq. Müxalifət Nazirliyi yaratmaqla dünyada analoqu olmayan yeniliyə imza atardıq. Məleykə xanım bu nazirliyə işçiləri dövlət imtahanı ilə seçməlidir.

Zamin Hacı