Hamam hamam içində, xəlbir saman içində. Dəvə dəlləklik eylər, köhnə hamam içində…

Azərbaycan xalq nağıllarında deyilən bu sözlər necə də Azərbaycanın son iki gündə müzakirə edilən gündən mövzusuna uyğun gəlir.

Suyun qiyməti qalxır, “su şefi”nin Bakıdakı hamamları, istirahət mərkəzləri gündəm olur. “Su şefi” dəlləkliyi, daha doğrusu hamamçılığı xalqın üstündə öyrənməyə davam edir…

“Azərsu” suyun qiymətini iki dəfə qaldırdı. Bu o deməkdir ki, “Azərsu” şefi Qorxmaz Hüseynovun hamamlarının sayı da iki dəfə artacaq. Qardaşının, ailə üzvlərinin, qohumlarının sərvətinin üstünə sərvət gələcək. Özləri pulsuz su vurub hamamlarını, istirahət mərkəzlərini dolduracaqlar. Yenə də “Azərsu” üçün lazım olan avadanlıqları özləri istehsal edəcək. Qaz vuracaqlar, qazan dolduracaqlar…

İnsanlar niyə Qorxmaz Hüseynovun adını çəkir?

Düşünə bilərik ki, suyun qiymətini Tarif Şurası qaldırıb, amma biz niyə Qorxmaz Hüseynovu qınayırıq?

Ona görə ki, illərdir “Azərsu”nun yarıtmazlığı məhz Qorxmaz Hüseynovun rəhbərliyi altında davam etdir. Yayda Bakı susuz qalır, qışda isə yağış suları altında kirlənir, kanalizasiyalar daşır…

Təsəvvür edirsiniz ki, Bakının fərdi yaşayış evlərinin olduğu Mərdəkan, Buzovna, Kürdəxanı, Zabrat və bir çox böyük qəsəbələrdə hələ də kanalizasiya sistemi yoxdur? XXI əsrdə insanlar özlərinə kanalizasiya quyusu qazır…

Amma bu işlərin axırı Qorxmaz Hüseynov üçün heç də yaxşı görünmür. O da özünə quyu qazır. Fikir verirsinizsə son illərdə cəmiyyətin ciddi narazılığına, qəzəbinə tuş gələn məmurların əksəriyyəti yola salınıb. İllərdir özünə və ailə üzvlərinə milyonlar yığan, övladlarının adına Londonda şirkətlər açan, evlər alan Qorxmaz Hüseynovun da kreslosu laxlayıb…

Dünən prezident İlham Əliyevin ölkədə illərdir tutduqları vəzifələrdə böyüyən, varlanan məmurlar haqda dediklərindən sonra belə qənaətə gəlmək olar ki, Qorxmaz Hüseynov üçün yolun sonu görünür. Çünki həmin məmurlarla Qorxmaz Hüseynovu eyni tərəziyə qoymaq olmaz…

Gələk əsas məsələyə. Qorxmaz Hüseynov və yaxınlarının sərvətlərinə…

Azərbaycanda böyük məmurlar həmişə özlərinin bizneslə məşğul olduqlarını inkar edirlər. Ailə üzvlərinin, qohumlarının sərvət sahibi olmasını isə onların “bacarıqlı biznesmen” olmaları ilə izah edirlər.

Belə biznesmen olmağa nə var ki…

Məsələn, təsəvvür edin ki, siz “Azərsu”nun rəbərisiniz. “Azərsu”nun bütün layihələrini, tenderlərini qardaşınıza və digər qohumlarınıza verirsiniz. Yaratdığınız ailə biznesində varlanırsınız və “uğurlu, bacarıqlı biznesmen” olursunuz…

Qorxmaz Hüseynov da belə edib. Düzdür, onun qardaşı Faiq Hüseynov SOCAR-da yüksək vəzifə tutur. Amma bu, heç nəyi dəyişmir. İki tərəfdən də qazanırlar.

Faiq Hüseynovun milyonları hansı yollarla qazandığını növbəti yazıda faktlarla izah edəcəyik. Bu faktları ortaya qoyan isə Faiq Hüseynovun öz işçisi, daha doğrusu işdən çıxardığı keçmiş işçisidir.

Hüseynovların son günlərdəki qalmaqalları sırasında sərt karantin günlərində keçirilən toy məclisi də var. Həmin toy məclisində iştirak edənlər və sonradan bu toy məclisi ilə bağlı görülən tədbirlər haqda geniş yazacağıq.

Ən maraqlısı isə Qorxmaz Hüseynovun hamamları haqda olacaq. “Atilla”, “Osmanlı” və daha bir neçə fitnes və əyləncə mərkəzlərində Qorxmaz Hüseynovun nələr qazandığını araşdıracağıq. Həmin milyonluq obyektlərin Qorxmaz Hüseynovun hansı qohumlarının nəzarəti altında fəaliyyət göstərdiyini qeyd edəcəyik.

Paşa Sadıqlı

Minval.İnfo