“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən parlament seçkilərinə qatılması və seçki qərargahının yaradılması ilə bağlı keçirilən iclasa ölkənin qeyri-hökumət təşkilatlarının rəhbərləri də qatılıblar.

Musavat.com-un məlumatına görə, onların sırasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, habelə “Təmiz Dünya” Mərkəzinin rəhbəri Mehriban Zeynalova olub. Onlar da R.Arifoğlunu millət vəkilliyi yolunda atılan bu ilk addımda tək qoymayaraq, dəstəklərini ifadə ediblər.

Musavat.com xatırladır ki, bu, seçki qərargahının ilk toplantısı olduğu üçün bütün sferalar üzrə tanınmış şəxsləri, ictimai-siyasi xadimləri dəvət etmək mümkün olmayıb. Amma növbəti toplantılarda cəmiyyətin əksər tanınmış və nüfuzlu şəxsləri, ictimai-siyasi xadimləri də R.Arifoğluna dəstək vermək üçün onun yanında olacaqlarını anons ediblər.

Musavat.com