“Qeyri-hökumət təşkilatları bir çox məslələrdə daha öndə olmalı, yaxşı işləməlidirlər. Bir çox məsələləri hökumət yox, elə QHT-lər yerinə yetirməlidirlər”.

Bu sözləri millət vəkili Razi Nurullayev Bakupost.az -a açıqlamasında qeyd edib.

Deputat bildirib ki, QHT-lər bu gün Azərbaycanda ən çətin dövrlərini yaşayır:

“Çünki 2009-2014-cü illər ərzində qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanuna məhdudlaşdırıcı müddəalar əlavə edildi. Demək olar ki, onlara xaricdən qrant almaq qadağan edildi. Azərbaycan QHT-ləri yanlız ildə bir dəfə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən və müxtəlif dövlət orqanlarından müəyyən sosial layihələrə pul ala bilirlər.

Bunlar da çoxrəqabətlidir. Az məbləğdir. Bu məhdudlaşdırıcı müddəalardan sonra qeyri-hökumət təşkilatlarının hamısı ofislərini itirməli oldu. Onlar işlərini, layihələrini dayandırdılar. Həmin təşkilatlarda olan peşəkarlar dağılıb başqa işlərə getdilər. Bu gün qeyri-hökumət təşkilatları güclə ayaq üstə durub. Ona görə də yarımcan olan vətəndaş cəmiyyətindən bir şey ummaq, küsmək doğru deyil. Onlara qadağa tətbiq olunandan sonra təxmini 200-ə yaxın iş yeri bağlandı.

Ona görə də bu gün QHT-lərin peşəkarlığı zəifləyib, maliyyə ehtiyatları sıfıra enib. QHT-lər üzərlərinə götürdükləri missiyanı yerinə yetirə bilmir, cəmiyyətin isə buna ehtiyacı var. Qeyri-hökumət təşkilatları bir çox məslələrdə daha öndə olmalı, daha yaxşı işləməlidir. Bir çox məsələləri hökumət yox, elə Qeyri-Hökumət Təşkilatları yerinə yetirməlidirlər. Amma təəssüflər olsun ki, onlar bunu müəyyən səbəblər ucbatından edə bilmir”.