“Status haqqında demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb, Azərbaycan bunu həll edib”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında yerli və xarici jurnaslistlərin suallarını cavablandırarkən deyib.

Prezident bildirib ki, 30 ildir davam edən danışıqlar heç bir nəticə vermədi:

“Minsk qrupunun fəaliyyəti olsa da, nəticəsi sıfra bərabər oldu. Ermənistan baş nazirinin yersiz bəyanatları onların fəaliyyətlərini də iflic etmişdi. Faktiki olaraq, son iki il ərzində danışıqlar aparılmırdı. Azərbaycan bu problemi təkbaşına həll etdi. O ki, qaldı statusa, mən bunu demişəm və yerini də göstərmişəm, bunu hər kəs bilir. Ermənistan bu məsələni nə qədər az dilə gətirərsə, daha yaxşı olar.

Bir daha demək istəyirəm ki, Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Baxmayaraq ki, onun bir hissəsində erməni əhalisi yaşayır. Biz buna etiraz etmirik”.

Dövlət başçısının sözlərinə görə, kimsə statusla bağlı məsləni qaldırırsa, sülhə yox, münaqişəyə daha çox xidmət göstərir:

“Mən hər zaman deyirəm ki, bizim erməni xalqı ilə işimiz yoxdur, Azərbaycanda minlərlə erməni yaşayır. Müharibə dövründə bizim əsirlərlə rəftarımız da bunu göstərdi. Qarabağda müharibə zamanı erməni əsgərləri iki yaşlı insanı qoyub qaçmışdı. Onları xəstəxanaya yerləşdirdik. Ermənistanla əlaqə saxlayıb sərhəddə qaytarmaq istədik. Onlar qadını qəbul etdilər, amma kişini yox. Dedilər o, xəstədir, kimsəsi yoxdur və onu qəbul etmədilər. Qırımızı Xaç Komitəsi də buna şahiddir. Həmin vətəndaşı xəstəxanaya yerləşdirdik, amma bir müddət sonra bütün səylərə baxmayaraq, həmin şəxs vəfat etdi”.