Siyasi iddia elə şeydir ki, adam gərək onu vaxtından qabaq göstərməsin. Vaxtından tez sərgilənən ambisiya məğlubiyyətə məhkumdur. Çünki bu halda meydanda daha güclülər, təcrübəlilər var, rəqabət böyük və şiddətlidir, iddiası böyük olan yox, gücü artıq olan qalib gəlir.

Siyasi iddia göstərməyi gecikdirmək də olmaz. Qatar ötüb gedəndən sonra beş dəqiqə gecikməklə yarım saat gecikməyin fərqi yoxdur. Əsas odur ki, öz qatarını gözləyəsən və ona uğurla minəsən.

Rauf Arifoğlu 9 il öncə, 2010-cu ildə deputatlığa namizədliyini verərkən nə tələsmişdi, nə də gecikmişdi, yaşı, təcrübəsi, keçdiyi mübarizə yolu – hər şey uyğun gəlirdi.

Əslində “Yeni Müsavat” media qrupunun rəhbəri hələ 2000 və 2005-ci illərdə deputatlığa namizəd olarkən də malik olduğu populyarlıq etibarilə rəqiblərindən daha öndəydi.

Ancaq ölkəmizdəki mövcud reallıqlar onun deputat mandatı əldə etməsi üçün kifayət etmədi, hətta mane oldu. O dövrün siyasi konyukturası beləydi və onunla razılaşmaqdan başqa çarə yox idi.

İndi, 53 yaşını tamam edib, 54-nə qədəm qoyan Rauf Arifoğlu yenidən deputatlığa namizəddir.

2015-ci ildə keçirilən seçkilərə qatılmayan və “taym-aut” götürən Rauf Arifoğlu bu dəfə daha iddialı, daha hazırlıqlıdır. O, hiss edir ki, bu gələn qatar onundur və bu dəfə ona maneçilik olmayacaq.

2015 “taym-aut”u öz gücünü, enerjisini, şanslarını, reallıqları dəyərləndirmək baxımından düşərli oldu və R.Arifoğlu doqquz ildən sonra Milli Məclisin üzvü olmaq üçün, necə deyərlər, qollarını çırmaladı.

Bəs ölkədəki siyasi situasiya, seçki mühiti 9 və ya 5 il öncəkindən fərqlidirmi?

Belə görünür ki, bir xeyli fərqlidir. Hər halda bu fikirdə olanlar daha çoxdur və bunu parlament seçkilərinə qatılanların sayının çoxluğu əyani şəkildə göstərir.

İlin ortalarından son həftələrə qədər ölkədə aparılan islahatların, xüsusilə də kadr siyasətinin öz istiqamətini müsbətə doğru dəyişməsi göz qabağındadır.

Parlamentin köhnə tərkibinin vaxtından bir il tez buraxılması da yeni mühitdən xəbər verir və meydana yeni siyasi simaların çıxacağının göstəricisi sayıla bilər.

Rauf Arifoğlu belə bir durumda parlament seçkilərinə qatılır, siyasi mübarizəyə qoşulur.

Təbii ki, hər bir namizəd kimi onun da tərəfdarları və əleyhdarları olacaq, yaxşı-yaman sözlər danışacaqlar. Onu gözdən salmağa çalışanlar, barəsində qara piar aparanlar da olacaq.

Bunlar seçki prosesinin tərkib hissəsidir, normal hallardır. Zatən, heç bir seçkidə rəqiblər bir-birini tərifləmir, bir-birini təbliğ etmir. Bu dəfə də hər kəs təbii olaraq özünün seçilməsinə çalışacaq.

Ancaq rəqibə nifrət püskürmək, düşmən elan etmək, rəqibin barəsində olan-olmayan hər şeyi danışmaq da yolverilməzdir, məqsədəuyğun deyil.

Çünki seçki ay yarımdan sonra bitəcək, ehtiraslar soyuyacaq, qızğın beyinlər sakitləşəcək, hər şey normala dönəcək, amma bir-birinə vurulmuş söz yarasının yeri il yarıma da sağalmayacaq.

Heç kəs bu ölkədən köçüb gedəsi deyil, bugünkü rəqiblər mütləq sabah yenə də xeyir-şər məclislərində, müxtəlif tədbirlərdə üz-üzə gələcəklər, o zaman bir-birinin üzünə baxmalı, əlini sıxmalı olacaqlar.

Əgər kim öz rəqibi ilə qanunlar və etik çərçivə daxilində davranıbsa, heç bir diskomfort yaşamayacaq, amma kim öz rəqibini mübarizə qaydalarına uyğun olmayan yerlərdən vurubsa, bunu onun başına qaxmasalar da, xəcalət çəkməli olacaq.

Demək, hər zaman təmkinli, soyuqqanlı olmaqda fayda var.

Rauf Arifoğlu ölkənin istənilən seçki dairəsindən namizəd ola bilərdi (bu hüquq hamıda var) və hansı dairəyə getsə, mütləq orada da özünü şanslı namizəd sayanın tərəfdarları “o, bura niyə gəldi” deyəcəkdilər.

Bu baxımdan heç kəs əlini hansısa dairənin üstünə qoyub “bura mənim seçki dairəmdir” deməməlidir. Bir və ya beş dəfə həmin dairədən deputat seçilmək heç kəsə o hüququ vermir. Bütün seçki dairələri məhz həmin dairədə yaşayan seçicilərindir.

Seçilmək, nəzərdə tutduğu mənzilə doğru yola çıxmaq istəyənləri qatara mindirən də, endirən də onlardır.

Xalid KAZIMLI