Lətifəsi birinə dəyəcək, bilirəm, amma nə dediyimi izah etmək üçün bundan yaxşı pritça tapa bilmirəm.

Deməli, rəhmətlik Molla Nəsrəddin bazara gedir, özünə eşşək almaq istəyir, birinə baxır, ikisinə baxır, axırda gözü birini tutur. Ulağın yiyəsi eşşəyə yaxşı qiymət qoyur və hamı kimi başlayır öz malını tərifləməyə: “Zəhmətkeş eşşəkdir, güclüdür, yaşlı deyil, samana qane olur, yaxşı yük daşımağı var, üzüyoladır”. Bir sözlə, adam öz eşşəyini təriflədikcə mollanın şübhəsi artır və fikrində bu bahalı eşşəyi almaqdan vaz keçir. Amma mal yiyəsi bu qədər tərifləyib axı, necə fırlatsın? Molla soruşur ki, yaxşı, bəs bu eşşəyin heç bir eybi yoxdurmu. Kişi görür ki, “yoxdur” desə, qeyri-səmimi görüməcək, ona görə də deyir, yox, çər dəymişin bir dənə pus cəhəti var, hərdən arxaya təpik atır. Molla tez sevincək deyir: “Bax, o təpik mənim dədəmə də bəsdir”.

İndi gələk mətləb üstünə. Bizdə də ölkədə xeyli tərifəlayiq işlər görən, yaxşı, güclü, zəhmətkeş, iddiasız adamlar yaşayır, amma hərəsinin də bir eyibi var və o eyib onların təmsil olunduqları komandanın, düşərgənin, bəzən isə ölkənin dədəsinə də bəs olur.

Uzağa getməyək, “Qarabağ” futbol klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev elə adamlardan biridir. İndiyədək onun “Qarabağ”ın qapısını qoldan xilas etməsinə dair yüzlərlə videofakt var, adam gerçəkdən peşəkardır, pişik kimi çevikdir, qapıya tuşlanan, Anadolu türkləri demikən, füzə kimi top zərbəsinə gülləyə sıçrayan ilan kimi sıçrayır, mövsüm boyunca komandasına çox faydalı olur, di gəl, Şahruddinin bir eyibi var: ən həlledici oyunda elə bir uşaq səhvi edir ki, hər şey məhv olur.

İki ay öncə “Qarabağ” sırf Şahruddinin iki bəsit səhvi üzündən özündən zəif Çexiya klubuna – “Viktoriya”ya uduzub Çempionlar Liqasından Avropa Liqasına düşəndə azarkeşlərin bir yarısı qeyzlənsə də, digər yarısı “xeyir bundaymış” moduna girdilər. Sonradan qrupdakı komandalar “Viktoriya”ya hər oyunda 4-5 qol vuraraq çex komandasını aşsüzənə döndərəndə ikincilər öz arqumentlərini daha tutarlı hala gətirdilər və Şahruddinə haqq qazandırdılar. Hətta onu xilaskar elan edənlər də oldu. Guya “Viktoriya”nın yerində “Qarabağ” olsaydı, güclü klublar onu da o hala salacasdılar, ona görə də komandasını vaxtında uduzdurduğuna görə Şahruddinə alqış düşür. Mübahisəli söhbət idi və bu xüsusda çox mübahisə oldu.

Amma dünən Fransada “Nant”la oyunda qapıçımızın buraxdığı uşaq səhvi göstərdi ki, o, doğrudan da ekstremal situasiyaların qəhrəmanıdır, adi vaxtlarda bəsit səhvlər buraxır. Ortada heç bir qol vəziyyəti yox idi, Şahruddin topu 70 metr qabağa vura, ya da meydandakı 10 komanda yoldaşından birinə tərəf göndərə bilərdi. Amma o, nə etdi? Topu qapımızın həndəvərində qapıçının yüzdə 1 faiz səhv etməsinə ümid bəsləyən rəqib hücumçunun ayağına ötürdü. O da Allah qismətini yetirmiş yetimlər kimi fürsətdən dərhal yararlandı. Beləcə, “Qarabağ” hesabda geriyə düşdü və toparlanması uzun çəkdi. Əksinə, rəqib daha вф qızışdı.

Halbuki ona qədər “Qarabağ” “Nant”ın oyunularını öz qapılarının ağzına yığmışdı. “Nant”ın məşqçisi qara-qara düşünürdü ki, bu dəfə də “Qarabağ” onun komandasına azı 3 top vuracaq və oyundan sonra onu istefaya göndərəcəklər.

Şahruddinin “hədiyyə”si məşqçinin ürəyinə su səpdi, azarkeşləri coşdurdu, rəqib futbolçuları dirçəltdi, “Qarabağ”ın oyunçularını isə çərşənbə günündə çeşmə başında Aşıq Ələsgərin girişdiyi nişanlı qızın aşığı bir kəlməylə saldığı günə saldı. Şahruddinin səhvindən sonra komandamızın qol-qanadı qırılıb yanına düşdü. Bir sözlə, oyun çöndü, sonda məğlubiyyətlə üzləşdik. İşimiz son tura qaldı. Hələ onu da bilmək olmaz. Ola bilər, bu səhv komandamızı Avropa Liqasında yola davam etməkdən məhrum edəcək, komandanı Konfrans Liqasına sürüşdürəcək.

Həlledici oyunlarda buraxılan taleyüklü səhvin bədəli ağır olur.

Hesab edin ki, müharibədir. Dron idarə edən bir döyüşçü lokal toqquşmalarda həmişə yaxşı döyüşür, sərrast olur, amma həlledici döyüşdə öz döyüş dostlarının avtobusunu vurur, bundan sonra o, necə sevimli döyüşçü ola bilər?

Şahruddinin etdiyi təxminən budur.

İndi “Qarabağ” klubunun rəhbərliyi və baş məşqçi Qurban Qurbanov onu müdafiə edəcək, xətirinə dəyməyəcəklər, amma bu, acı gerçəyi dəyişmir. Həmin gerçək də budur: Şahruddinin bəsit xətaları ölkəmizin futbol azarkeşlərini üzür, məyus edir, komandanı geri salır.

Yenə özləri bilərlər.

Samir Sarı