“Bəzən reallığa ən uyğun reaksiya dəli olmaqdır”

(Filip Dik, amerikalı yazıçı)

Ölkəmizdə demokratiyanın qalib gəldiyini isbat edən faktlar saysız-hesabsızdır. İndi mən onlardan bir-ikisini göstərəcəyəm, prinsipcə buna məcbur deyiləm, ancaq niyə xaricdən qara qüvvələr üstümüzə hürsün? Belə şeylərə imkan vermək lazım deyil. Bu mənim vətəndaşlıq borcumdur. Ümidvaram əlaqədar təşkilatlar vətəndaşlıq borcumu ləyaqətlə ödədiyimi nəzərə alaraq payızda məni Mətbuat Şurası sədri qoyarlar, çünki deyilənə görə, hörmətli Əflatun müəllim o vəzifədən istefa verməyə hazırlaşırmış. Müqəddəs yer boş qalmasın deyə Amaşovun yerinə keçə bilərəm. Söz verirəm mənim sədrliyim müddətində bütün yazı-pozu adamları kənddə qoza və pazı yetişdirilməsinə cəlb ediləcək, axırıncı qəzetin də tabutuna gümüş mıxlar çalınacaqdır.

Yeri gəlmişkən, Əflatun müəllimin istefası xəbəri ildırım sürəti ilə planetdə yayılıb, hətta “Sərhədsiz reportyorlar” bəyanat və təbrik teleqramı vermişlər, ancaq heç kəs bu hadisənin əsl səbəblərini bilmir. Səbəb isə qeyri-adidir, yazım, bilin: Əflatun müəllim yazıçılığa başlamışdır, bu yay onun “Qaragöz, Qanıq və Hasan” adlı ilk magik realizm üslublu romanı çapdan çıxıbdır. Ədəbi tənqidçilərin rəyinə görə, roman dünya ədəbiyyatında inqilabdır. Deyirlər Qabriel Qarsia Markesin ruhu Amaşova keçmişdir, Buker və Nobelin rəyasət heyəti kitabı oxuyandan sonra ədəbi-bədii sarsıntıya uğramışdır. Uzun sözün qısası, Amaşov biz jurnalistləri yetim qoyub ədəbiyyat sahəsinə keçibdir və payızda Azərbaycan Yazıçılar Birliyinin Şabran meşəsində qeyri-leqal qurultayı olmalıydı, lakin meşə yandığından qurultay Bakıda olacaqdır və məndəki dəqiq məlumata görə, orada Amaşovu Anarın yerinə sədr təyin edəcəklər! Vəssalam. MŞ-dən istefanın sirri AYB sədri olmaq istəyidir.

Bu sirri də belə çözdük, indi keçək demokratiyanın isbatına.

Demokratiyanın əsas şərtlərindən biri hər kəsin qanun qarşısında bərabər olmasıdır. Hazırda məhkəmədə bir işə baxırlar, orada zərərçəkən… Prezidentin əmisi oğludur! Birbaşa. Onun 1 milyon manatlıq torpağını hansısa dələduzlar aldadıb 40 min manata ələ keçirmişdir. Gördün? Bizdə hamını aldadırlar. Əsl demokratiyadır.

Yaxud Türkiyədə Gülşən adında manısı türməyə basmışdılar, sonra ev dustaqlığına buraxdılar, günahı isə bizim ölçülərlə anekdot kimi şey idi: sən demə, bu xanım oradakı hansısa liseyi tənqid edibdir. Bah. A kişi, biz burada nə lisey, universitetlərin daşını daş üstündə qoymuruq! Hələ o bir yana, təhsil naziri haqda ağzına gələni yazmayana jurnalist vəsiqəsi vermirik, di gəl gör buna görə kiməsə gözün üstdə qaşın, türmədə yoldaşın var deyən olmuşdurmu? Hansı məktəbi istəyirsən söy. Söz azadlığıdır.

Yeganə problem xiyar-pomidorun bahalığı, azad rəqabətin yoxluğu kimi iqtisadi problemlərdir, lakin bununla da hamı üzləşir! Qətiyyən ayrı-seçkiliyə yol verilmir, hamı hər şeyi baha alır. İstəyirsən rəis ol, istəyirsən manıs ol. Qiymət eynidir. Bunun təzahürünə elə dünən rast gəldik, deyir xaricdəki səfirlərimizdən biri Bakıda kafe-çayxanaların baha olmasından şikayətlənibdir. Sən demə, bizim pulla 10 manata Varşavada qarın dolusu səhər yeməyi nuş eləmək mümkün imiş, üstündə çay və kofesi ilə. Bakıda isə o pulla yalnız iki fincan çay içərsən, o da müdirin insafı olsa.

Bəli, elə bu cür bahaçılıq üzündən hörmətli səfirimiz neçə ildir səfir işləyir, heç Bakıya qayıtmaq istəmir. Mənə də çayı elə baha satsalar, bura bir də gəlmərəm. MŞ sədrliyi olmasın, səfir vəzifəsi olsun. Gözləyirəm.

Yəqin yaxın günlərdə Prezidentin əmisi oğluna 30 sutka-filan verərlər. Nəsə elə bil çox danışır.