Bir neçə gün öncə başa vurduğumuz 2019-ci il Azərbaycan tarixinə uzun fasilədən sonra yaşanan ciddi dəyişikliklər ili kimi düşdü. Prezident İlham Əliyevin öz komandasını sərt tənqidləri fonunda hakimiyyət vitrininin sürətlə yenilənməsi toplumda hərəkətliliyi artırıb. Uzun zamandır siyasi proseslərdən, bütünlükdə cəmiyyət həyatından uzaq düşüb gündəlik qayğılara bürünənlər bu gün passiv müşahidəçilikdən aktiv müzakirəçilərə çevrilməkdədirlər.

2019-cu ilin ən önəmli qərarlarından biri də sözsüz ki, Milli Məclisin buraxılması və yeni parlament seçkisinin təyin edilməsi oldu. Yaşadığımız dəyişiklik dönəmində aparılan islahatların tempinə uyan parlament formalaşdırılması Azərbaycan üçün son dərəcə önəmlidir. İndi ölkədə çoxları ümid edir ki, 9 fevral seçkisi ilə yaradılacaq yeni parlament tərkibi ali qanunvericilik fəlsəfəsinə daha çox uyacaq, eyni zamanda Azərbaycanın yenilənməsi prosesində aparıcı rollardan birini üstlənəcək.

Bir müddətdir, başlanan seçki prosesindəki müşahidələr onu deməyə əsas verir ki, seçicilər yalnız seçki dönəmlərində peyda olub gələn seçimlərə qədər qeyb olan Milli Məclis üzvlərini bir daha özlərinə vəkil görmək istəmirlər. Seçicinin düşüncəsindəki deputat obrazı onun problemlərini dərindən bilən, davamlı gündəmdə saxlayan, həmin sorunların aradan qaldırılması üçün qanun bazası yaradan, ən önəmlisi, həmin qanunların icrasını hökumətdən davamlı tələb edən, yeri gələndə onunla bir yerdə, sonuc alana qədər görəvli dövlət qurumlarının qapısını döyən vəkil obrazıdır. Bəlkə də seçicinin düşüncəsindəki deputat obrazını aydın gördüklərindəndir ki, 9 fevral seçkisinə qatılmaq istəyənlər sırasında jurnalistlərin sayı çoxdur. Çünki qanun yaratmaq imkanları xaric vətəndaşın millət vəkilindən digər gözləntiləri jurnalistlərin birbaşa vəzifəsləridir. Millət vəkili mandatı qazanmaq onlara bu görəvlərini daha üst səviyyədə həyata keçirmək, cəmiyyətin yaralarını daha sürətlə sarmaq şansı qazandırar.

35 saylı Xətai III Seçki Dairəsinin seçicilərini bu baxımdan çox şanslıdırlar. Çünki ölkənin əsas yazarlarından, çağdaş Azərbaycan qəzetçiliyinin aparıcı simalarından olan Rauf Arifoğlu Milli Məclis üzvlüyünə namizədliyini məhz bu dairədən irəli sürüb.

Rauf Arifoğlu Azərbaycan mediasının əsas sütunlarından sayılan “Yeni Musavat” Media Qrupunu yaradan, onu çağdaş tariximizin ən talətümlü dönəmlərindən uğurla keçirib ölkənin xəbər siyasətinin əsas daşıyıcılarından birinə çevirən qəzetçi olmaqla yanaşı, ictimai fəaliyyətə başladığı gündən bəri siyasi proseslərin mərkəzində olmağı bacaran güclü ictimai fiqurdur.

Rauf Arifoğlu ölkənin ən populyar, ən informasiyalı insanlarından biri kimi, sahib olduğu bilgini ölkənin, dövlətin, cəmiyyətin xeyrinə yönəltməyi bacaran istedad sahiblərindəndir. 30 ildən artıqdır ki, ölkənin ictimai-siyasi gündəmini diqqətdə saxlayan on minlərlə oxucu, son zamanlar həm də seyrçi üçün Azərbaycan və dünya gündəminə bələd olmağın ünvanı onun sahib olduğu “Yeni Müsavat” Media Qrupunda birləşən media orqanlarıdır.

Azərbaycan Respublikası çətin sınaqlar dönəmindən keçir. Var olduğumuz coğrafiyanın geosiyasi durumu dövlətimizin güclü, sabitliyimizin qalıcı olması naminə bütöv cəmiyyət quruculuğunu qısa zamanda tamamlamağımızın vacibliyi gerçəyini üzə çıxarıb. Çevik hökumət aparatı, milli düşüncəli insanların idarəetmənin önəmli postlarına gətirilməsi, cəmiyyətimizin dayaqlarını möhkəmlədəcək qanun bazasını yaratmaqla yanaşı, toplumu narahat edən və uzun illərdir yığılıb qalan problemlərin üzərinə cəsarətlə gedib onları çözmək, beləliklə də hakimiyyətlə xalq arasında körpü yaratmaq gücündə olan şəxslərin təmsil olunduğu Milli Məclis formalaşdırılması çağımızın tələbidir.

Rauf Arifoğlu 30 ildən çoxdur, davam edən fəaliyyəti ilə hər zaman dövlət quruculuğu prosesinin önündə olub. Dövlət müstəqilliyimizin bərpa edilməsi, ərazi bütövlüyümüzün qorunması üçün həm qələmlə, həm silahla vuruşub, ağır sınaqlar atladıb, Azərbaycanın müstəqilliyinin əleyhinə olan qüvvələrin hədəfinə çevrilib. Zamanında onunla mübarizə aparan bir çox qüvvələr, fiqurlar bu gün nə siyasi, nə də ictimai səhnədə yoxdurlar. O, uzaq hədəfləri dəqiq hesablamaq bacarığı ilə zamanın qalibidir.

Allahın izni ilə seçici Rauf Arifoğlunu 9 fevralda parlament seçkisinin də qalibi edər.

Uğur olsun!!!

Aygün MURADXANLI