16.09.2026 - 15:46
İqtisadiyyat 16 baxış

Müharibə veteranlarına 400 manatlıq vergi güzəşti!

44 günlük Vətən müharibəsi iştirakçıları üçün gəlir vergisi güzəşti ilə bağlı yeni açıqlama verilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, müharibə veteranı statusu sonradan rəsmiləşdirilən şəxslərin əvvəlki dövrlərdə ödədiyi gəlir vergisinin güzəşt əsasında yenidən hesablanmasının mümkün olduğunu bildirib.

Minval.info xəbər verir ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, müharibə veteranı adı almış şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Güzəştdən yararlanmaq üçün müharibə veteranı statusunu təsdiq edən sənədin əsas iş yerinə təqdim edilməsi vacibdir.

Əsas məqam isə ondan ibarətdir ki, sənədin təqdim edilmə tarixi nəzərə alınmadan, güzəşt statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Məsələn, şəxsin müharibə veteranı statusu 2022-ci il yanvarın 1-dən qüvvəyə minib, lakin təsdiqedici sənəd sonradan təqdim edilibsə, həmin tarixdən etibarən vergi güzəşti hesablanmalıdır. Bu halda, əvvəlki dövrlərdə əməkhaqqından güzəşt nəzərə alınmadan tutulmuş gəlir vergisinin yenidən hesablanması üçün şəxsin əsas iş yerinin mühasibatlıq şöbəsinə müraciət etməsi tövsiyə olunur.

Dövlət Vergi Xidməti həmçinin qeyd edib ki, müharibə veteranlarının muzdlu işdən əldə etdikləri gəlirlərinə məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə azadolma tətbiqi qanunvericilikdə nəzərdə tutulmayıb. Bu məsələ Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə tənzimlənir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: