Əməkdar artist Firuzə İbadova gənc müğənnilərin fəxri ad almasından danışıb.

Musavat.com-a açıqlama verən ifaçı deyib ki, həmkarlarının uğurlarına sevinir: “Bu məsələ ilə bağlı fikrimi almaq üçün bir çox insanlar mənə zəng edib. Tünzalə Ağayeva Azərbaycanın güclü səslərindən biridir. Mən bunu ürəklə deyirəm. Röya Ayxan ürəkdir, ürək. Şərt deyil sənin səsin üç “oktava” olsun, əsas ürəkdir. Təpədən-dırnağa qədər ürəkdir. Bunu isə danmaq olmaz, günahdır. Paxıllıq etmək lazım deyil. Axı niyə bəzi müğənnilər onlara paxıllıq edirlər? Azərbaycanın vətəndaşları öz balalarımızdırlar. Röya körpə yaşlarından mənim gözümün önündə böyüyüb. Röyanın atası Yaqub bəyin də gözəl səsi olub. Bir tərəfi gəncəli, bir tərəfi isə qarabağlıdır. Onların “Xalq artisti” fəxri adına layiq görüldüklərinə çox sevindim”.

“Xalq artisti adı alanlardan biri də Miri Yusifdir. Lakin siz onun adını çəkmədiniz. Onu fəxri ada layiq görmürsünüz?” sualına isə İbadova belə cavab verib: “Əgər Miri Yusif də Röya və Tünzalə kimi fəxri ada laiq görülübsə, halal xoşu olsun. Ona mən “sənətkar” deyə bilmərəm. Çünki mən Şövkət Ələkbərova görmüşəm, “Mahnı Teatr”ı ilə dünyanın 50 ölkəsini gəzmişəm. Mən yalandan durub “Ürəyim Miri Yusif üçün gedir” deyə bilmərəm. Miri Yusif də bizimkidir, qoy alsın!”.

Sənətçi sözügedən ifaçıların fəxri ad almasının birmənalı qarşılanmamasını da belə şərh edib: “Zamanı gələr onlar da düzələr. Onların illərlə gördükləri öz zəhmətləri yadlarına düşür,  bəlkə də ona görə bir az narahat olurlar. Çox dəyərli ifaçılarımız var ki, hələ heç bir fəxri ada layiq görülməyiblər. Elə biri Akif İslamzadədir. O uzun müddətdir ki, oxumur. Amma səsi artıq tarixə həkk olunub. Onun simasında bir çox sənətçilər var ki fəxri adsızdırlar. Elə bu səbəbdən ola bilər ki, umu-küsülükləri olsun”.