Koronavirus epidemiyası günü-gündən yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç maska taxmağın vacib olmadığını bildirsə də, həkimlər əlin üz nahiyəsi ilə kontaktının qarşısını almaq üçün maska, əlcək taxmağın vacib olduğunu vurğulayır. 

Lakin hələ də ölkədə maska problem yaşanır. Nə qədər deyilsə ki, hər gün apteklərə maskalar gətirilir, lakin maska tapmaq mümkün deyil.

Musavat.com-un əməkdaşı bu gün apteklərə yollanaraq satışda maska olub olmadığı ilə maraqlanıb.  Lakin apteklərin heç birində maska tapa bilməyib. Əczaçılar ya maska gətirilmədiyini deyib, ya da səhər satılıb qurtardığını.

Daxil olduğumuz ilk aptekin əməkdaşı bildirib ki, 4 gündür, maska gətirilmir. Digər aptekdə bir gündən bir 50 maska gətirildiyi bildirilsə də, bir başqasında gündə 100 ədəd maska gətirildiyi və satıldığı deyilib.

Bəs, maska problemi nə zaman həll olacaq?

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov mətbuata açıqlamasında deyib ki, yaxın günlərdə maska qıtlığı aradan qaldırılacaq: “Spirt məhsulları istehsal edilir. Sumqayıtda maskaların istehsalına başlanılıb, aprelin birinci həftəsində avadanlıqların quraşdırılmasının başa çatacağı gözlənilir. Azərbaycana təyyarə ilə maska istehsalı üçün xammal gətirilib. Yaxın günlərdə 2-3 qat bakterioloji, nano və tibbi maskaların istehsalına başlanılacaq. Gündə 200 min maska istehsal olunacaq”.

Bu gün Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək.

Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

Könül İbrahim,
Musavat.com,
Fotolar müəllifindir.