Məlum olduğu kimi həbsdə olan bloger Mehman Hüseynovun barəsində açılan yeni cinayət işinə xitam verilib.
Minval.info xəbər verir ki, günlərdir müzakirə mövzusuna çevrilən gənc fəalın bununla əvvəlki ittihamına əsasən mart ayında azadlığa çıxacağı gözlənilir.
Xatırladaq ki, Mehman Hüseynov barədə yeni cinayət işi açıldıqdan sonra xeyli insan, o cümlədən şou-biznes nümayəndələrindən bir neçəsi blogerə qarşı atılan bu addıma narazılığını bildirib. Dünən gənc fəalın ölkə başçısı İlham Əliyevə müraciətindən sonra prezident məsələ ilə əlaqədar tapşırıq verib. Buna əsasən, bloger barədə irəli sürülən yeni ittiham geri götürülüb.
Bu hadisələrin fonunda siravi vətandaşlarla yanaşı, şou-biznes nümayəndələri də onun haqda verilən qərarı sevinclə qarşılayıblar. Onlar sosial media hesabında blogerlə bağlı paylaşımlar ediblər.
Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.
Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı.
Minval.info





































