Kamran Əsədov: “Hər iki sistemə yalnız kağız üzərində keçmişik…”

“Azərbaycanın öz təhsil konsepsiyası mövcuddur. Xaricə baxıb özümüzü oda yaxmağın əhəmiyyəti yoxdur. Kurikulum və Boloniya sistemini götürək. Bunların bizə nə xeyri var?!”

Ötən gün Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun verdiyi açıqlama xeyli müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə əksəriyyət şura sədrinin bu fikri ilə razılaşdığını, hər iki sistemin Azərbaycan təhsilinə heç bir xeyri olmadığını, əksinə, bəzi fəsadlar gətirdiyini, digər qisim isə bu fikirlərlə razılaşmadığını qeyd edib.

Xatırladaq ki, hər iki sistem artıq uzun illərdir Azərbaycan təhsilində tətbiq olunmaqdadır. Belə ki, Boloniya sisteminə ölkəmiz hələ 2005-ci ildə qoşulub. Bu proses Avropa ölkələri təhsil sistemlərinin inteqrasiyası və ümumavropa ali təhsil məkanının formalaşdırılmasını nəzərdə tutur. Bu prosesin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiq edilməsidir. Bu sistem özündə əsas iki məsələni birləşdirir. Buraya tələbələrin mobilliyini təmin etmək və öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirmək imkanları daxildir.

Boloniya prosesinə qoşulmaqla tələbələrin tədris yükünün həcmi azaldıldı, ənənəvi təhsil sistemində ixtisas üzrə tədris planında tam kursu bitirmək üçün tələbəyə 60-a yaxın fənnin tədrisi nəzərdə tutulurdusa, kredit sisteminə keçidlə əlaqədar olaraq təsdiq edilmiş yeni dövlət standartlarında fənlərin sayı və saatların miqdarı 2 dəfəyədək azaldıldı. Bu sistem üzrə müəllim daha məlumatlı olmalı, auditoriyaya daha hazırlıqlı şəkildə girməli, innovativ texnologiyalarda əks olunan faktlara və biliklərə yiyələnməlidir. Bolonya prosesi ali təhsilin iki-bakalavriat və magistratura səviyyələrində olmağı nəzərdə tutur.

Kurikulum sisteminə gəldikdə isə Azərbaycanda 2008-2009-cu tədris ilindən  birinci siniflərdə bu sistemin tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Bu sistem dünyanın bir çox ölkələrində tətbiq olunur. Lakin ölkəmizdə valideynlərin böyük əksəriyyəti bu sistemdən narazılıq edir, onun heç bir işə yaramadığını qeyd edirlər.

Beləliklə, kurikulum və Baloniya sistemindən imtina edəkmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov öncə kurikulum sisteminin dünyanın bir çox ölkəsində tətbiq edildiyini söylədi: “Məlum olduğu kimi, Azərbaycan ali təhsil müəssisələri 2005-ci ildən başlayaraq Boloniya sisteminə qoşulub. Orta ümumtəhsil müəssisələrində isə 2008-ci ildən etibarən yeni təlim standartlarına, yəni kurikuluma keçildi. Əslində hər iki sistem heç bir qeyri-adi təhsil standartı deyil. Bu, müasir dövrün tələblərindən irəli gəlir və onlardan imtina etməməliyik. Dünya yenilənir, müasirləşir və yeni tələblər meydana çıxır. Biz mütləq bununla ayaqlaşmalıyıq. Məşhur şairimiz Mirzə Ələkbər Sabir demiş: ”Əcnəbi seyrə balonlarla çıxır, biz hələ  avtomobil minməyiriz”. Burada söhbət ondan gedir ki, müəllimlərimizin özü istər kurikulum, istərsə də Boloniya sisteminin üsullarını mənimsəyə bilmirlər. Ona görə ki, onlar yeniliyə cavab verəcək bilik və bacarığa malik deyillər. Biz artıq yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik. Buna əsasən orta məktəblərdə təhsil alan hər bir şagirdimiz əldə etdikləri bilikləri əzbərçi yaddaşla mənimsəməməlidirlər. Onlar bunu anlamalı, qavramalı və  buradan tənqidi təfəkkür ortaya qoyub, fikirlərini  ifadə etməlidirlər”.

Ekspert qeyd etdi ki, hər iki sistemdən imtina etməkdənsə, onları təkmilləşdirmək lazımdır: “Müşahidə edirik ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonra ən yüksək bal toplamış abituriyentlər öz fikirlərini  ifadə etməkdə çətinlik çəkirlər. Hətta əmək bazarında bu günə qədər 111 nəfər 700 bal toplayıb və onların heç birinin uğurunu görməmişik. Bu ona görədir ki, onlar yaddaş məktəbindən çıxmışdılar və onlar hər hansı əldə etdikləri uğuru yüksək əzbərçilik qabiliyyəti ilə əldə ediblər. Lakin ali və orta ixtisas müəssisələrinə ən az balla qəbul olunmuş şəxslər var ki, onlar əmək bazarında, sosial cəmiyyətdə, ictimaiyyətdə kifayət qədər uğurludurlar. Düşünürəm ki, biz burada Boloniya və kurikulumdan imtina etməklə heç nə əldə etməyəcəyik. Əksinə, bu sistemləri daha da inkişaf etdirməli, təkmilləşdirməliyik.

Söhbət kurikulum sistemindən gedirsə, bu sistem mütləq şəkildə təkmilləşdirilməlidir. Orta ümum məktəblər üçün standartlar yazılarkən daha çox akademik biliklər önə çıxarılıb. Halbuki dövrün tələbləri tamamilə fərqli məsələlər istəyir. Düşünürəm ki, Şahlar müəllim açıqlamasında daha çox korektə və redaktə ehtiyacı olduğunu desəydi, daha effektli olardı. Azərbaycan ali  təhsil müəssisələri dünya reytinqində yoxdur. Halbuki istəyirik ki, dünya reytinqində öndə gedən al təhsilə sahib olaq. Bunun üçün dünyanın müasir çağırışlarına xidmət etməliyik. Lakin Azərbaycan ali təhsil müəssisələri buna uyğunlaşmır. Hətta 2005-ci ildə  qoşulduğumuz Boloniya sisteminin tələblərini belə öz-özlüyündə dəyişdirdik və  özümüzünküləşdirdik. Məsələn, Boloniya sistemində ali təhsil müəssisəsində qayıdıb, mühazirə və bu kimi məsələlər olmasa belə, biz onları əlavə etdik. Həmçinin həmin sistemdə məsafəli təhsil nəzərdə tutulsa da, bizdə hələ də bu cür təhsil yoxdur. Yəni biz, sadəcə, hər iki sistemə yalnız hüquqi baxımdan kağız üzərində keçmişik, amma praktiki olaraq biz yenə ənənəvi qaydada prosesi qururuq. Məsələn, orta təhsil müəssisələrində tələblər kurikulum tələblərinə uyğun qurulmalıdır, amma qurulmur. Ona görə qurula bilmir ki, kurikulumun tələbləri ilə dərs keçmək üçün müəllimin əmək haqqı 1000-1500 manat olmalıdır. Çünki o, növbəti günün çap materiallarını, rəngli kağızlarını hazırlamalıdır, müəyyən summativlər, qiymətləndirməni tətbiq etməlidir. Bunun üçün isə onun həm kifayət qədər resursu, həm də vaxt itkisi sərf olunur. Bunun qarşılığında aldığı əmək haqqı isə yetərli deyil. Ona görə də kurikuluma daxil olan dərslərin hamısı formal xarakter daşıyır”.

Ekspert onu da vurğuladı ki, ilk növbədə müəllimlərin bilik və bacarıqlarını həmin sistemlərə uyğunlaşdırmaq lazımdır: “Təsəvvür edin, 2014-17-ci illərdə orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik imtahanı keçiriləndə müəllimlərin 45 faizinin nəticələri 50 faizdən aşağı idi. Təbii ki, öz bilik və bacarığı şagirdindən heç də yuxarı olmayan müəllimdən yüksək keyfiyyətli təhsil tələb edə bilməzsiniz. Hələ də orta təhsil müəssisələrində diplom problemi olan müəllimlərimiz var”.

Kamran Əsədovun sözlərinə görə, adıçəkilən sistemlərdən imtina təhsildə bir çox fəsadlara gətirib çıxara bilər: “Kurikulum tələb edir ki, insanlarda dinləmə, anlama təfəkkürü formalaşsın. Amma bəziləri deyir ki, bu olmasın. Niyə? Bu çox gözəl tədris üsuludur və bundan imtina müəyyən fəsadlara gətirib çıxaracaq. Təhsil elə bir sahədir ki, əkdiyimiz meyvənin zərərini də, xeyrini də qısa müddətə görə bilmərik. Doğrudur, ilk nəticələri görməyə başlamışıq. Belə ki, şagirdlərin beynəlxalq olimpiadalarda əldə etdikləri uğur buna nümunə ola bilər. Həmçinin bəzi universitetlərimizin bir qədər irəlilədiyini, xarici tələbələrin sayının artdığını görürük. Lakin bu, bir faktdır ki, müəllimlərimizin böyük əksəriyyətinin bilik və bacarıqları yetərli deyil”.