Azərbaycanda məşhur “KredAqro” şirkəti insanları aldadır.

“KredAqro” şirkəti müqavilə ilə avtomobil almış şəxsi ittiham edib, məhkəməyə verib, məhkəməni uduzsa da avtomobili başqa müştəriyə satıb.

Minval.İnfo xəbər verir ki, bu barədə saytımıza iş adamı Fuad Hacıyev məlumat verib. Onun sözlərinə görə, 2018-ci ilin dekabr ayının 4 – ü “KredAqro” şirkəti ilə müqavilə bağlayıb “Porsche-Cayenne GTS”  markalı avtomobil alıb. Amma bir müddət sonra avtomobil qanunsuz olaraq ondan geri alınıb və satılıb: “İlkin ödənişdən əlavə avtomobil üçün sığorta və bütün əlavə sənədlər üçün təxminən 5000 manatdan çox xərcim çıxıb. Bu arada aracı şirkət də var idi, ona da 1600 azn ödəmişəm. Aylıq olaraq da hər ay 1150 azn ödəniş edirdim bəzən bu rəqəm dəyişirdi. Tutaq ki, bu ay 1500 manat ödəyirdimsə digər ay 900 manat ödəyirdim. Hər bir halda artıq ödəmişəm.

Fuad Hacıyev 300 minlik dələduzluqda ittiham edilir

21 avqust tarixində Bakı şəhəri Xətai rayonunda avtoqəza baş verdi. “Ata sığorta”dan ödənişimi almaq üçün iki aya yaxın müddətdə dəfələrlə “KredAqro” şirkətinə zəng edirdim. Avtomobil lizinq yolu ilə alındığı üçün onlar mənə sənəd verməli idilər, amma vermirdilər. Maşın şirkətin adına olduğuna görə sənəd verilmədən ödəniş almaq mümkün deyildi. Mənə nə sənəd, nə də ödənişim verilmədi. Daha sonra öz pulumla avtomobili rəsmi avtoservisə aparıb düzəltdirdim. Bir müddət sonra şirkət məni  güya “avtomobilə bilərəkdən zərər verir” səbəbindən məhkəməyə verdi, avtoservis isə məhkəmədə bu məsələni təsdiqləmədi. Onlar iddia edirdilər ki, guya mən maşını parçaladıb satıram. Hansı məntiqlə? Axı, avtomobil rəsmi servisdədir, orada maşın parçalanır? Gülməli iddia idi və bu məsələdə də uduzdular”.

Zərərçəkənin sözlərinə görə, bütün sübutları hazırlayaraq məhkəməyə təqdim edib, mübarizə aparıv və qalib gəlib. Lakin şirkət maşını başqa adama satıb: “Binəqədi rayon məhkəməsi isə qarşı tərəf olaraq məni dinləmədən qərar verdi ki, avtomobil məndən geri alınsın. Məhkəmə prosesi davam edərkən şirkət müraciət etdi ki, müqavilə ümumiyyətlə ləğv edilsin, hətta mən də avtomobilə dəymiş zərərin qarşılığını ödəyim. Mənim ödədiyim pul isə batsın.

Növbəti proseslərdə Binəqədi rayon məhkəməsinin ədalətli qərarı nəticəsində məhkəməni mən qazandım. Onların sözlərinə görə, ödənişlə bağlı problem var idi. Qanuna əsasən 3-4 ay ərzində ödəniş olunmasa maşın məndən alına bilər. Lakin mən 2 ay ödəniş etməmişdim. Daha sonra məni Bakı Apellyasiya Məhkəməsinə verdilər və haqlı olaraq burada da qalib gəldim. Bununla da qalmayıb məni əlavə olaraq Ali Məhkəməyə də verdilər, yenə də məhkəməni mən qazandım.

KREDAQRO – NBCO

İndi isə şirkətin qanunsuzluğu barəsində danışaq. Məhkəmənin davam etdiyi vaxtda, Binəqədi rayon məhkəməsinin verdiyi qərardan dərhal sonra, mənim məhkəmədə haqlı tərəf olduğum halda avtomobili rəsmi “instagram” səhifələrində paylaşıb, satmışdılar. Hazırda avtomobil başqa dövlət nömrə nişanı ilə istifadə olunur”.

Fuad Hacıyev deyir ki, bütün məhkəmələrdə haqlı çıxmasına baxmayaraq şirkət maşını geri qaytarmır, icra qurumu da vəzifə borcunu yerinə yetirmir: “Ali məhkəmənin qərarından iki ay keçməsinə baxmayaraq icraçı şəxslər mənim avtomobilimi mənə qaytarmırlar. Amma maşının məndən geri alınması qərarı veriləndən bir gün sonra dərhal gəlib maşını avtoservisdən aparmışdılar.

Şirkətlə bu barədə əlaqə saxladıqda isə zənglərimə cavab vermirlər. Şirkətin hüquq şöbəsinə zəng etdik də isə mənimlə hər dəfə əlaqə saxlayacaqlarını deyirlər, lakin əlaqə saxlamırlar. Şirkətə avtomobil üçün iclas keçirib məsələni həll etmək barəsində müraciət də etmişəm. Həmişəki kimi geri dönüş olmadı. Əlimdə olan bütün məktubları da sizə göstərə bilərəm.

Dəfələrlə şirkətin baş direktoru Məcid Əsədova poçt vasitəsi ilə məktublarımı göndərib avtomobilimi almaq üçün məsələni həll etməyə dəvət etmişəm, hər dəfə isə “yox” cavabı almışam.

Bircə dəfə görüş təyin etdilər, getdik. Bu zaman da bizi departamentdə Ülviyyə xanım qəbul etdi və məsələ həlli ilə bağlı bizə heç bir məlumat vermədi”.

İş adamının sözlərinə görə, bu günə qədər avtomobilin dəyərinin böyük hissəsini ödəyib: “İndiyənə qədər avtomobil üçün təxmini 25 000 manatdan çox ödəniş etmişəm. Şirkətin hansı İcra orqanına getdiyindən də xəbərimiz yoxdur. Binəqədi rayon icrası ilə əlaqə saxladım, onda isə mənə şirkətin hüquqi ünvanı haradadırsa ora getməli olduğumu dedilər. Lakin heç bir sənəddə və ya saytda hüquqi ünvanları ilə bağlı məlumat əldə edə bilmədim.

Qeyd edim ki, həmin o şirkət xarici təşkilatlarla, “Xalq bank”, bir çox nüfuzlu qurumlarla və nazirliklərlə əməkdaşlıq edir. Həmçinin də bu cür fırıldaqçılıqla məşğuldur”.

Məsələ ilə bağlı “KredAqro” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin rəsmi saytında (kredaqro.com) qeyd edilən yeganə telefon nömrəsinə ((+994 12) 441-21-34) dəfələrlə zəng etdik, amma cavab verən olmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırıq.

Ləman Cavadova

Minval.İnfo