“Mayın 20-də analiz verdim. Həmin gün testin nəticəsi pozitiv çıxdı. Məni Atletlər Kəndinə apardılar. 10 gün orada karantində qaldım. Sonra verdiyim testin nəticəsi neqativ çıxdığı üçün evə buraxıldım və rentgendən keçdim. Ağciyərimdə “kristal şüşə” görüntüsü var. Nəfəs ala bilmirəm.

Yenidən təcili yardıma zəng vurdum. Məni 1 saylı Kliniki Tibbi Mərkəzə gətirdilər. Təkrar analiz verdim, cavab pozitiv çıxdı. Hazırda Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunuram. Bir neçə gündür buradayam, dəqiq yadımda deyil. Məni süni nəfəs aparatına qoşublar”.

Bunu Oxu.Az-a koronavirusa yoluxmuş pauerliftinq üzrə üçqat dünya və Avropa çempionu Bayram Əliyev deyib.

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin mayoru, pauerliftinqin benç-press növündə yarışan idmançının testinin nəticələri pozitiv çıxıb. O, təngnəfəs halda bizə fikirlərini çatdırmağa çalışdı:

“Ölməsəm, 10-15 gün müalicə olunmalıyam. Yəqin ki, bundan sonra yenidən testdən keçiriləcəm.

Nədən, kimdən mənə virusun yoluxduğunu deyə bilmərəm. Hər şey ola bilər. Kiməsə şər ata bilmərəm. Dövlət Gömrük Komitəsində tək məndə deyil, bir çox işçidə testin nəticəsi pozitiv çıxıb. Hamısı müalicə olunur. Şükürlər olsun ki, əməkdaşlarımızdan dünyasını dəyişən yoxdur”.

Əməkdar idman ustası olan B.Əliyev onu da bildirib ki, əhali koronavirusa inanmır. O, insanları bu xəstəliyə ciddi yanaşmağa çağırıb:

“Yazıya mənim idmançı şəkilimi qoyun. İnsanlar görsünlər ki, mən nəşə çəkən deyiləm, idmançıyam. 2003-cü ildən peşəkar idmandayam. İndiyədək ağciyərimdə heç bir xəstəlik olmayıb. Mən koronavirusa yoluxdumsa, adi vətəndaşlar da bu xəstəliyə tutula bilər. Ona görə də özünüzü və ailənizi qoruyun. Mən də koronavirusa inanmırdım. Amma özüm yoluxandan sonra gördüm ki, çox ciddi xəstəlikdir”.