18.08.2026 - 02:13
Lent 41 baxış

İxtisas seçimi edərkən pul xərcləməyin: Rəsmi məsləhət xidmətləri pulsuzdur

İxtisas seçimi mərhələsi davam edir və hələ də seçim etməmiş abituriyentlər üçün bir neçə vacib məqamı diqqətə çatdırmaq istəyirik. İlk növbədə, ixtisas seçimi ilə bağlı ödənişli xidmətlərdən istifadə etməyə tələsməmək tövsiyə olunur.

Minval.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında bu mövzuya toxunaraq, abituriyentlərə DİM-in Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində ödənişsiz dəstək göstərildiyini bildirib.

Bu xidmətlərdə abituriyentlərə yalnız ümumi məlumat verilməklə kifayətlənilmir. Əksinə, hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında fərdi məsləhətlər təqdim olunur. Bu mərkəzlərdə çalışan mütəxəssislər ixtisas seçimi prosesini və qəbul mexanizmlərini dərindən bilən peşəkarlardır. Buna görə də, ilk növbədə rəsmi məsləhət xidmətlərindən yararlanmağınız tövsiyə olunur.

İxtisas seçiminə başlamazdan əvvəl özünüzə bəzi suallar vermək vacibdir: Nəticələriniz hansı seçimləri etməyə imkan verir? Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir? Seçiminizin məsuliyyətini öz üzərinizə götürməyə hazırsınızmı? Əsas seçim baş tutmasa, alternativiniz nədir? Bu sualların cavablarını ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də sizinlə birlikdə axtarmalıdır.

Əlavə olaraq, heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə sizə “keçid balları ilə bağlı xüsusi məlumat var” və ya “nəticəni əvvəlcədən bilirəm” kimi vədlər verirsə, buna inanmayın. Qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hər kəs üçün əlçatandır. Heç kimin əlində digərlərinin çıxışı olmayan “gizli keçid balı” və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: