Gürcüstanda aksiyalar davam edir; Burcanadze: “Mən çoxlu belə fokuslar görmüşəm, onlar hakimiyyət üçün əvvəl-axır çox pis başa çatıb”

Gürcüstan parlamenti ətrafındakı aksiyanın dağıdılması zamanı saxlanılan şəxslərin sayı 37 nəfərə çatıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyanın dağıdılması zamanı iki polis əməkdaşı və dörd etirazçı xəsarət alıb. Lakin etirazların davam etdiyi xəbər verilir. Aksiya iştirakçıları və müxalifət liderləri parlament binasının qarşısında çadırlar qurub və binanın darvazalarına simvolik qıfıllar taxmışdılar. Etirazçılar hakim partiyanın deputatlarının binaya girişinə imkan verməyəcəklərini deyiblər.

Gürcü Arzusu Partiyasının heç bir deputatı bu binanın hər hansı bir qapısından içəri daxil olmayacaq”, – müxalif “Avropa Gürcüstanı” Partiyasının liderlərindən biri Gigi Ugulava deyib. “Əgər parlament kifayət etməyəcəksə, sonrakı katiblik, şəhər meriyası, digər şəhərlər, rayon mərkəzləri olacaq. Növbədənkənar proporsional seçkilər elan olunanadək Gürcü Arzusu Partiyasının heç bir nümayəndəsi hər hansı hökumət binasına daxil ola bilməyəcək”, – Gigi Ugulava əlavə edib.

Gürcüstanda aksiyalara baxmayaraq, hakimiyyət hələ də güclüdür. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Nikolay Silayev deyib. “Hazırkı situasiya olduqca qeyri-müəyyəndir. Lakin fikrimcə, Gürcü Arzusu, ümumiyyətlə, hakimiyyət hələ güclüdür.

Müxalifətin çıxışları davam edəcək. Hakim partiya deputatlarının proporsional seçki ilə bağlı qərarı müxalifətə ağır zərbə oldu.  Mən Vahid Milli Hərəkatı, onun törəmələrini və parlamentdə olub təsir güclərini artırmağı hədəfləyənləri nəzərdə tuturam. Bu, Gürcüstan Vətənpərvərləri Alyansıdır. Bu qərar hazırda parlamentdə olmayanlara, lakin oraya can atanlara güclü təsir etdi: Nino Burcanadze və onun Demokratik Gürcüstanı…İvanişvili çoxlarının planını məhv etdi”, – deyə politoloq bildirib.

“Əgər ölkə rəhbərliyi proporsional seçki sisteminə keçmək qərarı verməsə, Gürcüstan hakimiyyəti ilə danışıqlar aparmağın mənası yoxdur”. Bunu “RİA Novosti”yə açıqlamasında Gürcüstanın eks-spikeri Nino Burcanadze deyib. “Danışıqlar masasına keçmək üçün problemə ciddi yanaşmaq və fokus göstərmək gərək deyil. Mən çoxlu belə fokuslar görmüşəm və onlar hakimiyyət üçün əvvəl-axır çox pis başa çatıb. Bizim iclas zalına keçməyimiz üçün seçki sisteminə dəyişikliklə bağlı real siyasi iradə lazımdır”, – deyə o bildirib.

Bu arada Gürcüstanda siyasətçilər arasında ən neqativ reytinqi ölkə prezidenti Salome Zurabişvili qazanıb.

ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (IRI) qeyri-hökumət təşkilatının Gürcüstanda keçirdiyi sorğunun yekunlarına dair hesabatda belə bildirilib.

Prezidentdən sonra yüksək neqativ reytinqə sahib olan “Girçi” Partiyasının lideri Zurab Caparidzedir. Neqativ reytinqdə üçüncü yeri hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili tutub.

Əhalinin siyasətçilərə müsbət münasibəti baxımından ən yüksək reytinq Avropalı Gürcüstan Partiyasının sədri David Bakradzeyə məxsusdur. Tiflis meri Kaxa Kaladzenin də göstəriciləri, təxminən, eynidir.