Dekabrın 20-də İsmayıllı rayonunda 18 yaşlı Fərid Musayevin həmyaşıdı tərəfindən öldürülməsi ilə bağlı detallar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, F.Musayev sevgi münasibətində olduğu qızın Səxavət Məsimli ilə də telefonda danışdığını eşidib.

İlkin məlumata görə, F. Musayev Sumqayıt şəhərində yaşayan S.Məsimliyə zəng edərək həmin qızla niyə danışdığını soruşub və bunu ona irad kimi bildirib. Səxavət qızla danışmadığını deyəndə Fərid onu söyüb. Bundan sonra gənclər söhbəti aydınlaşdırmaq üçün İsmayıllı rayonunda parkda görüşüblər. Səxavət görüş üçün Sumqayıtdan İsmayıllıya gəlib. Dekabrın 20-də saat 17 radələrində görüş baş tutub, iki saata yaxın söhbət ediblər. Yekunda Səxavət Məsimli qızla heç vaxt danışmadığını bildirib və telefonla danışarkən söydüyü söyüşə görə Fəridin üzr istəməsini tələb edib.

Fərid Musayev isə üzr istəməyəcəyini bildirib. S.Məsimli istintaqa ifadəsində deyib ki, Fərid ondan üzr istəmədiyi üçün üzərində gətirdiyi bıçaqla onu vuraraq qətlə yetirib.

S.Məsimli barəsində məhkəmə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, hazırda Şəki istintaq təcridxanasında saxlanılır.