Dağlıq Qarabağ Azərbaycana məxsus bölgədir və Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşaraq işğalçılıqdan əl çəkməlidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində İran İslam Şurası Məclisinə (parlamentə) Urmiya şəhərindən seçilmiş deputat Hadi Bahaduri deyib. Deputat Ermənistan baş nazirinin Xocalı soyqırımının ildönümü ərəfəsində İrana səfərinə yol verildiyi üçün Xarici İşlər Nazirliyini kəskin tənqid edib.

O, İran İslam Respublikası Ali Rəhbərinin də mövqeyini xatırladaraq qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycan və İslam torpağıdır. İran Azərbaycan ilə münasibətlərinə xələl gəlməsini istəmir. İki qonşu və dost dövlət arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Xarici İşlər Nazirliyi bu səfərin Xocalı soyqırımının ildönümü ərəfəsində baş tutmasına icazə verməməli idi.

Deputat deyib: “Hesab edirəm ki, bu səfər başqa bir vaxtda da keçirilə bilərdi. Biz Ermənistanla həmsərhəd ölkələrik. Ona görə də bu ölkə ilə əlaqələrimizin olması təbiidir. Amma bu əlaqələr İranın rəsmi siyasətinə uyğun olmalıdır. Biz parlamentdə xarici işlər nazirinə sual ünvanlayacağıq. Nazirlik açıqlamalıdır ki, nə üçün İranın sərhədləri daxilində onun rəsmi siyasətinin əleyhinə belə bir hadisə baş verib?”.

Hadi Bahaduri vurğulayıb ki, dini inancımıza görə, dünyanın istənilən yerində müsəlmanların haqqı müdafiə olunmalıdır: “Dağlıq Qarabağda müsəlmanların məscidini tövləyə çevirənlərin İrana səfər etməsinə icazə verilməməli idi”.