Gənc ifaçı Hiss (Röya Məmmədova) reper Aslixanın ittihamlarına cavab verib. 

“Minval.info” yazır ki, o, bununla bağlı instaqramda paylaşım edib.

Hiss deyib ki, bu mövzu haqda sonuncu dəfə danışır:

“Sən o qədər çoxbilmiş adamsan ki, o mahnının hit olduğunu bilsən, mənə verməzdin. Özün oxuyardın, ya da o qiymətə satmazdın. Nə oldu 3 ildən sonra birdən-birə? Sən düzgün insan olsan, mənim ətrafımdakı insanlarla aran yaxşı olardı. Çünki indiki ətrafımın 70 faizini sənə görə tanımışam. Sənin onlarla heç bir əlaqən qalmayıb. O ki qaldı “səni görəcəm” söhbəti yadımda deyil. Nə qədər demisən, pulunu verib, mahnını almışam. Elə söz demişəmsə, məndə səni görəcək üz qoymadın. O mahnıdan sonra mənə qatdıqların qədər, mən də sənə bir şeylər qatdım. Ən azı səni bəstəkar kimi tanıtdım, məndən sonra yanımda olan 2-3 nəfərə, 3-5 minə mahnı satdın. Heç biri də hit olmadı. Efirlərdə çıxıb adını tərifləyə-tərifləyə danışdım, bunları görmədin? Verilişdə sənə paxıl deməyimin arxasında dururam. Çünki təkcə “Kəpənəklər” mənə sound olaraq daha yaxın gəlir” sözünə görə söhbət bura qədər gələ bilməz. Elə idisə, özün bilirdin necə xasiyyətli olduğumu.

“Röyadı da yenə axmaq-axmaq danışır” deyib keçərdin. Çünki necə ürəyə sahib olduğumu yaxşı bilirsən. Sənin eqon isə imkan vermədi. O verilişdən 3 ay əvvəl 1 “track” onlayn etdin. Yanındakı jurnalistlərə adımdan iyrənc piar etdin. Nə qədər söhbətdən xəbərinin olmadığını desən də, var idi. Çünki həmin gün səhifə sahibləri ilə bir yerdə idiniz. Mən reaksiya vermədim, çünki versəm, mahnı indi yarım yox 1 milyon olacaqdı. İndi də məzlum rolu oynayan sənsən. “Hype” istəyirdin ala sənə ömründə görmədiyin “hype”. Yutubdan pul verib aldığım mahnını sildirmək insanlıq deyil. Şikayəti “Məndən xəbərsiz oxuyub” adı ilə etmək isə ikiqat deyil. Gəlib kişi kimi deyərdin ordan mənə faizimi ödə. Ödəməzdim? Onsuz yutub pulu mənə gələnə qədər min yerə faiz ödəyirəm. Ancaq “İstəmirəm”lə bu yerə gəlsəydim, sənə haqq verərdim. “Karma”, “Kəpənəklər”, “Sayıram” kimi hitlərim var. Onları ki, mənə sən verməmisən. Deməli mən artist olaraq uğurluyam. “İstəmirəm” ilk olmayacaqdı, “Karma” ilk olardı. Mən qədirbilən qızam.

Amma buna layiq olana…Sən buna layiq olmadın. Min dənə mənəm-mənəm deyən kişiyə dəyərəm. Özün bunu yaxşı bilirsən. Bura kimi öz əziyyətimlə gəlmişəm. Çünki məqsədim var idi. Heç bir qız dövlət işində mühasib işləyə-işləyə çıxıb bələdçi (hostes) kimi çalışmazdı. O işin maaşı çox olduğu üçün pul yığıb musiqiyə yatırım etmək, uğurlu olmaq üçün çıxdım. Uğurlu oldum da. Mən xaos istəmirəm, bu günə qədər kiminlə nə söhbətim olubsa, ya zəng etmişəm, ya da özünə yazmışam. Heç dinləyicinin xəbəri olmayıb. Amma sənə ümumi cavab vermək düşür. Və səni paylaşan öz ətrafını uşaq-uşaq hekayədə yerləşdirib camaatı yönləndirə bilərsən, mənim kütləmi əsla”.

Qeyd edək ki, Reper Aslixan gənc ifaçı Hissin (Röya Məmmədova) mahnısını yutubdan sildirməsi ilə bağlı açıqlama verib.

Aslixan bu addımı atmasının səbəblərindən danışıb. O bildirib ki, Hiss ona həmin mahnı üçün 1000 manat ödəniş edib: “2019-cu ildə Hiss mənə Röya Məmmədova profili ilə yazıb, mahnı istədiyini söylədi. Mən də onu studiyaya dəvət etdim, gəldi və “Yalnızlar” mahnısı kimi bir bəstə istədiyini, qardaşının da onu dəstəklədiyini bildirdi. Mən də eyni tərzdə iki mahnı yazmışam, biri “Yalnızlar”, digəri “İstəmirəm”. Sözügedən mahnını Hissə göstərdim və onu almaq istədi. Dedi ki, ofisiant işləyir, 600 manat maaş alır. Sonra söylədi ki, 500 manat mənə beh versin, əlavə 300 manat da ödəniş etsin. Mən 800 AZN ilə razılaşmadım. Söylədi ki, onda gələn ay da 500 verə bilər. Mən soruşdum ki, Hiss sən bu mahnı üçün 1000 manat düşünmüsən? Dedi, Aslixan qabağa gedim, səni görərəm. Ona inandım, mahnını verdim. Maşallah qabağa getdi, nəticə gözünüzün qarşısındadır. Bu günə qədər də onunla bağlı pis danışmamışam, ona pislik etməmişəm. İlk dəfə açıqlama verirəm. O ki qaldı mən bunu durduq yerə etməmişəm. Bir müddət əvvəl o, mənim haqqımı Murad Arifin proqramında yerə saldı. Hissin feyk profili var.

Biz hamımız bilirik, oradan mənə yazılmışdı ki, “Sənsiz olmur”u Hissə diss atmısan? Dedim yox. Ona diss atsam, açıq deyərəm. Çox böyük adamlara diss atıb, çəkinmədən söyləmişəm. O elə düşündü ki, mən diss atmışam, verilişdə haqqımda paxıl kimi ifadələr səsləndirdi. Hətta Murad Arif dedi ki, adam bəstəkarına belə söz deyər? Mənim qəlbim qırıldı, ona uğurlar arzu edib, hörmətlə sağollaşdım, dedim sənin üçün daha mahnı yaza bilmərəm. Ümumiyyətlə paxıl sənə iki mahnı verərdi? Səni dünyaya çıxaran o mahnı oldu. Ondan sonra neçə iş gördün, onun kimi olmadı. Məsələ maddiyat deyildi, mənəviyyat idi. Dedin, görəcəm səni. Kor oldun, görmədin məni. Sən mənimlə görüşməyəcəksən, hüquqlarımı qoruyan şirkətdə qanun yolu ilə məsələ həll olacaq. Camaatı mənim üstümə yanlış yönləndirmə. Milyonların qarşısında üzləşməyə hazıram. İcazə vermirəm ki, bu mahnını haradasa oxuyasan. Bu təbii haqqımdır, araşdıra bilərsiz. O 1000 manatdan xərcləri çıxandan sonra mənə 500 manat pul qaldı. Hələ deyir, bir mahnı üçün 10 min saymışam. Sənə düzgün yol göstərən mən olmuşam”.

Qeyd edək ki, Aslixan Hissin “İstəmirəm” klipini şikayət edərək yutubdan sildirib.