“Mən və Şəhər”, “Ağlayan Əsgər”, “Azarkeş”, “Sovqat”, “Əzizim Fellini”, “Səhərə inan” bədii filmlərinin, “Döngələr” çoxseriyalı bədii televiziya filminin rejissoru, Azərbaycan Prezidentinin “Tərəqqi” medalı ilə təltif etdiyi Cavid Təvəkkül illərdir ona qarşı edilən haqsızlıqdan narazıdır.
Beş il əvvəl İctimai Televiziyadan işdən çıxarılan Cavid Təvəkkül ona qarşı irəli sürülən haqsız ittihamlardan bezdiyini bildirir.
Open.az-a özəl açıqlamasında rejissor qeyd edib ki, işdən uzaqlaşdırılmasından sonra yaradıcılıqla normal şəkildə məşğul ola bilməyib: “İctimai Televiziyada Qarabağ həqiqətlərini əks etdirən “Qarabağnamə” adlı 10 seriyalı film çəkməliydim. Çoxseriyalı film İsmayıl Ömərovun vaxtında İctimai televiziyada çəkilirdi. Filmin Avropa Televiziya Yayımları Birliyinə üzv olan tele kanallarda yayımı da nəzərdə tutulurdu. Bir neçə seriyanı ekranlaşdırdıq və uğurla nümayiş olundu. Kanal rəhbərliyi dəyişərkən şirkətini təhvil təslim prosesində filmin istehsalı dayandırıldı, mən bu layihədən uzaqlaşdırıldım. Baş verənlər Cəmil Quliyev kanala rəhbər gələndən sonra olsa da, düşünürəm ki, bütün bunlar AzTV-nin o vaxtkı rəhbərliyinin iradəsini əks etdirmişdi. Sonradan adımı ləkələməyə çalışdılar. Buna görə də müəyyən işlərdə problemlərim yarandı. Mənə qarşı əllərində heç bir hüquqi sənəd yoxdur. Sadəcə, filmin çəkilişləri zamanı yeyintiyə yol verildiyini irəli sürüblər. Mən, yaradıcılıqla məşğul olan adamam, heç vaxt mühasibatlıqla bağlılığım olmayıb. Yalnız müqavilə ilə mənə vəd olunan qonorardan başqa bir qəpik əlavə pul görməmişəm. Qonorarımızı belə, vəd olunan, müqavilədə yazılan kimi vermədilər, yalnız bir hissəsini ala bildim. İrəli sürülən ittihamlar rəsmi surətdə heç bir fakta əsaslanmır və bunu yazılı olaraq kimsə mənə bildirməyib. Bəzi televiziya layihələrinə dəvət olunarkən müzakirə zamanı kanal rəhbərliyi mənim adımı siyahıdan çıxarıb, bu da gəzən şayiələrə görə baş verib. Düşünürəm ki, bu şayiə və böhtanların yayılması konkret şəxslərin marağında olub. Hamı bilir ki, kanal rəhbərliyi dəyişəndən sonra “Qarabağnamə”yə ayrılan vəsait kimin əlində olub. Məlumdur ki, hər bir kanalda rəhbərlik dəyişərkən kanalın təhvil-təslim prosesi həyata keçirilir, amma maraqlıdır ki, mənim üzərimə atılan böhtanla bağlı heç bir yazılı fakta rast gəlinməyib. Əgər doğrudan da mən hansısa bir saxtakarlığa yol versəydim, rəsmi formada bunu mənə və lazımı instansiyalara bildirərdilər. Hamı bilir ki, mən daim keyfiyyətli işin tərəfdarı olmuşam və işlərimdə də bunu sübut etmişəm. Heç vaxt film istehsalı zamanı heç bir maliyyə işlərinə qarışmamışam, məni yalnız bədii keyfiyyət maraqlandırıb”.
Cavid Təvəkkül ona qarşı illərdir yaşanan haqsızlığa görə İctimai Televiziyanın yeni rəhbərliyinə müraciət edəcəyini bildirir: “İctimai Televiziya yarananda “Carçıfilm”i biz yaratmışıq. Bu, kinonun inkişafı üçün görülən iş idi. Bu günlərdə İctimai Televiziyanın yeni rəhbərliyi yaxşı işlərə imza atır. İstedadlı insanları yığır, layihələrə start verirlər. Düşünürəm ki, bundan sonra İctimai Televiziyanın yeni rəhbərliyi başqaları kimi mənim adım olan hər hansı maraqlı bir layihəyə etiraz etməz. Məncə, yeni rəhbərlik bu dedi-qoduya inanmaz . Yaş gedir, iş görmək istəyirəm. İndi İctimai Televiziyada, o vaxt olduğu kimi, kino ilə bağlı yaxşı işlər görülür. Hər zaman arzulamışam ki, mənə doğma olan İctimai kanalda yenidən rejissor kimi müxtəlif layihələrə imza atım”.
Qeyd edək ki, Cavid Təvəkkül 1974-cü ildə Tərtərdə anadan olub. Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsinin məzunudur.

































