Sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin “Report”a müsahibəsi…

– Ötən həftəsonu Rusiyanın paytaxtı Moskvada keçirilmiş ALROSA Kubokunda qalib oldunuz. Bu, əsas hədəfiniz olan olimpiya çempionluğuna nə dərəcədə uyğun yarış idi?

– ALROSA Kubokundakı təşkilatçılıq gözləmədiyimdən də yaxşı idi. Demək olar ki, dünya çempionatı və Yay Olimpiya Oyunları səviyyəsində idi. Yaxşı güləşçilər var idi. Çıxış etdiyim 65 kq çəki dərəcəsindəki rəqiblərimdən bir neçəsi orada idi. Turnirdəki görüşlərimin öhdəsindən yaxşı gəldim. İkinci gün Rusiya millisi ilə dünya yığması qarşılaşdı. Mən dünya komandasının heyətində idim. Rusiya millisi 11:1 hesabı ilə qələbə qazandı. Dünya komandasından qızıl medal qazanan təkcə mən oldum. Sevindim ki, dünya yığmasında azərbaycanlı kimi çıxış etdim və qızıl medalçı oldum. ALROSA Kuboku 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq baxımından gözəl yarış idi.

– Azərbaycan çempionatına niyə qatılmadınız?

– Çünki Bakıya dekabrın 4-də – çempionatın start götürdüyü gün qayıtdıq. Heç cür çatdıra bilməzdim. Düşünürəm ki, gənclərə də bir qədər yol vermək lazımdır. Qoy onlar da öz güclərini ölkə çempionatında göstərsinlər. 65 kq-da yeni güləşçilər üzə çıxmalıdır ki, mən də rəqiblərimi tanıyım. Gələcəkdə onlarla necə güləşəcəyimi bilməliyəm.

– 2020-ci ildə ilk yarışınız hansı olacaq?

– 10 – 12 yanvarda Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəs turniri olacaq. Orada çıxış etməyi planlaşdırıram. Yarışdan öncə İstanbulda təlim-məşq toplanışı keçəcəyik. Hazırlıq prosesində özümü yaxşı hiss etsəm, 65 kq-da yarışacağam.

– Moskvada olarkən daha bir rusiyalı güləşçi Naçin Kuulana uduzdunuz. Halbuki onu builki Avropa çempionatında məğlub etmişdiniz…

– Bəli, Avropa çempionatında daha erkən mərhələdə Kuulanla qarşılaşmış, ona iki xal fərqi ilə qalib gəlmişdim. Həqiqətən də, güclü idmançıdır. Bir neçə dəfə Rusiya çempionatında ikinci və üçüncü yerləri tutub. Həmin Avropa çempionatında bürünc medal qazandı. ALROSA Kubokunda çəkilərdə 3 kq-a icazə verdikləri üçün 65 yox, 68 kq-da güləşirdik. Rusiya təmsilçisinin çəkisinin çox olması xalça üzərində olanda da bilinirdi. Hiss edirdim, çünki 65 kq-la 68 kq arasında çox fərq var. Son saniyələrdə xalda geri düşdüm. Rəqibə 4 xal verdilər, onu verməyə də bilərdilər. Rusiya güləşçilərinə kömək etdilər. Hamı bilir ki, əsas hədəfim olimpiadaya qatılmaq və orada çempion olmaqdır. Bütün gücümlə bütün həvəsimlə ora hazırlaşıram.

– Bəs Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında qalmaqallı görüşdə uduzduğunuz Hacımurad Rəşidovla yenidən qarşılaşmağı arzulardınız?

– Əlbəttə. Mən onunla Tokio olimpiadasında da görüşə bilərəm. Çünki o, Avropa və dünya təsnifat turnirlərinə gəlməyəcək, artıq lisenziyanı qazanıb. Olimpiadada isə qarşılaşa bilərik.

– Dünya çempionatına qayıdaq. Rəşidovla görüşdən sonra çox əsəbi idiniz. Bu, növbəti gündəki çıxışınıza da təsir etdi. Rusiyalı pəhləvanla qarşılaşmanı soyuq başla necə analiz edərdiniz: Özünüzdə səhv var idimi?

– Hər görüşdə səhv olur. Tez-tez səhvlər edirik. Çünki bu, idmandır. Hər bir yarışda səhv ola bilər. Həmin görüşdə bir-iki səhvə yol verdim. Rəqibin ayağına girdikdə, o, mənim arxama keçdi. Ancaq mən hücum etdim və o da səhvlərimdən xal aldı. Amma hər güləşdə səhvlər olur. Sadəcə, səhv olsa da, mundialdan sonra olduğum bir neçə ölkədə mənə deyiblər ki, biz belə bir şey görməmişik. Passiv olduğum üçün bir xal verə bilərlər. Amma görüşdə hər şey açıq-aydın görünürdü. Haqsızlıq oldu. Düşünürəm ki, orada etdiyim hərəkətlər boşuna deyildi. Hər zaman çalışıram ki, xalça üzərində özümü tam tərbiyəli aparım. Çünki mənə baxan nə qədər gənc idmançı var. İstəmərəm ki, məndən pis örnək götürsünlər. Sadəcə, o həddə gətirdilər ki, həmin hadisələr də baş verdi. Çalışacağam ki, bundan sonra səhv etməyim və o idmançıya qalib gəlim. Həmin güləşçidən zəif olduğumu düşünmürəm. Yenə deyirəm: hamı bilir ki, həmin görüşdə qalib gəlmişdim. Amma belə hallar da baş verir.

– Yenicə başa çatan Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsiniz?

– Azərbaycan çempionatlarında dəfələrlə iştirak etmişəm. Böyüklər arasında 5-6 dəfə ölkə çempionu olmuşam. Əsas məsələ odur ki, yaxşı idmançılarımız yetişsin. Görürəm ki, gənc və yaxşı güləşçilər var. Daha da çox çalışmalıdırlar. Yuxarı çəkilərdə bir qədər zəiflik var. Bunların üzərində işləmək lazımdır ki, bütün çəkilər yaxşı olsun. İdman tək 2020-ci ildə keçiriləcək olimpiada ilə bitmir. 2024-cü il Paris və 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunları da var. Yaxşı idmançıları gələcək üçün hazırlamalıyıq. Hacı Əliyevlə, Toğrul Əsgərovla, Cəbrayıl Həsənovla və ya Rəsul Çunayevlə idman bitmir. Bizdən sonra gələnlər də olacaq. Gənc və ölkə çempionatında qalib olan idmançıların üzərində işləmək lazımdır.

– 3 dəfə dünya və 2 dəfə Avropa çempionluğu qazandığınız 61 kq çəki dərəcəsində Azərbaycan çempionatının final görüşündə mübahisəli hakim qərarı oldu. İntiqam Vəlizadənin son saniyələrdə Ruslan Qasımovdan xal alaraq qızıl medal qazandığı görüşü necə şərh edərdiniz?

– İdmanda qanamanın və travmanın olması problem deyil. Sadəcə, son saniyələrdə xal verildi. Yaxşı olardı ki, o xalı final fitinə 30-40 saniyə qalmış verərdilər. Amma sona 7-8 saniyə qalmış xalı verdilər və məğlub duruma düşən pəhləvana vəziyyətdən çıxmaq üçün şans yeri qoymadılar. Hamısı öz idmançılarımızdır, Azərbaycan güləşçiləridir. Mən onların arasında fərq qoymuram. İstəyim odur ki, gənc pəhləvanlarımız ölkə çempionatında qızıl medal qazanıb rahatlaşmasınlar. Gələcək yarışlar üçün bundan da çox məşq etsinlər.

– Amma razılaşın ki, hakimlik də vacib amildir…

– Gənc referilərimiz çoxdur, onlar da səhvlər edirlər. Bu, təcrübəsizlikdən irəli gəlir. Amma təcrübəli hakimlər də var. Tez-tez təyinat alsalar, təcrübələri artacaq.