Milli Şuranın Koordinasiya Mərkəzinin “Zoom”la keçirilən iclasında işlədilən ifadələr və videonun həmin hissəsinin sosial şəbəkədə paylaşılması qalmaqala səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli, videoda xaricdə yaşayan jurnalist İsmayıl Cəlilovu hədəf alaraq, cinsi azlıq nümayəndələrini sərt şəkildə təhqir edib.

Onun  bu tərzdə danışması sosial şəbəkədə etirazla qarşılanıb.

Bundan başqa, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri Rafiq Manaflının videoda qeyri-etik ifadə işlətməsi və  ardınca “Mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı” deməsi də etiraza səbəb olub. 

Sözügedən videoda adı keçən jurnalist Xədicə İsmayıl da məsələyə sərt mövqe bildirib: “Salam verilməyəcək bir qrup adam. Milli Şuranın sədri Cəmil Həsənli, bir zəhmət, silahdaşlarının lüğətinə və düşüncə tərzinə aydınlıq gətirsin. Dostlar dedi, diqqətlə baxdım. Özü də orada imiş. Həm də buna niyə rahat qulaq asdığını izah etsin”.

Sözügedən qalmaqalın videosu sosial şəbəkədə geniş şəkildə yayıldıqdan sonra Gültəkin Hacıbəyli feysbuk hesabında paylaşım edərək ifadələrinə görə üzr istəyib: “Sərt, kobud ifadə işlətmişəm, razıyam, ancaq yenə deyirəm, bu bilavasitə uzun müddətdir məni və dostlarımı ədalətsiz bir şəkildə hədəfə alan şəxslə bağlı olduğu üçün emosional münasibətin qüsuru kimi ortaya çıxıb. Bir daha bəyan edirəm ki, insanlara insan olduğu üçün dəyər verirəm, onların şəxsi həyatı, cinsi, etnik, siyasi, sosial mənsubiyyəti məni maraqlandırmır və əgər kimsə qapalı görüşdə işlətdiyim uyğunsuz ifadəni hansısa bir qrupa və ya azlığa qarşı hörmətsizlik kimi dəyərləndiribsə, səmimi üzrxahlığımı qəbul etsin”.