Vilayət Quliyev eks-rabitə naziri Nadir Əhmədovla “Xalq Cəbhəsi” qəzetinin əməkdaşını onun məqaləsini oğurlamaqda suçladı, reaksiyalar gəldi

“Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq rabitə naziri Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə ”525-ci qəzetdə” çap olunmuş “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə “Elm və Təhsil” nəşriyyatında çıxan “İblis xislətli erməni” kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib”.

“Yeni Müsavat” yazır ki, bu ittihamla Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas Vilayət Quliyev çıxış edib.

O bildirib ki, Googleda axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma – yazı Nadir müəllimin “əsəri” kimi təqdim olunur.

“Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş ”qocaman ədib” heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi… Görünür, “Oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən “Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib. Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu “müəlliflərə” təşəkkür etməkdir”.

N.Əhmədov report-a bildirib ki, V.Quliyevin dedikləri əsassızdır.

Sabiq naziri keçmiş həmkarı olan V.Quliyevi savadlı, yaradıcı adam kimi qiymətləndirib: “Səfirimiz Vilayət Quliyevə böyük hörmətim var. Yazdığım ”İblis xislətli erməni” kitabımda onun “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsindən istifadə etmişəm. Onun qeyd etdiyi “Türk ordusunun azərbaycanlı generalları” məqaləsini böyük qürurla oxudum.

Həmin məqalə ilə təkcə Azərbaycanda yox, eyni zamanda Türkiyədə azərbaycanlı generallar barədə geniş ictimaiyyətə məlumat verilir. Onun mənim haqqımda dediklərini oxuduqda çox təəssüfləndim. Buna heç nə deyə bilmərəm. Fikrini başqa cür səsləndirsəydi, yaxşı olardı. Mən yazdığım kitabda onun müəllifi olduğu “Türk ordusunun azərbaycanlı generalları” məqaləsinə istinad etmişəm. Kitabı açdım, 87-ci səhifəsində “Türk ordusunun azərbaycanlı generalları” məqaləsinə istinad olunub. Səhifənin aşağısında isə qeyd olunub: “Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyevin verdiyi müsahibədən”. Bu yazılıb da burada, başqa nə yazılmalıdır ki?”

N.Əhmədov deyib ki, Vilayət Quliyevin belə addım atması düzgün deyil: “Mən hər yerdə demişəm ki, ”Türk ordusunun azərbaycanlı generalları” məqaləsi hörmətli Vilayət Quliyevindir. “İblis xislətli erməni” adlı kitabımda məqsədim gənclərin sağlam mənəviyyat, vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixin unudulmamasıdır.  Mənim dostumla birgə yazdığım kitab heç bir yerdə satışa çıxmayıb, yayılmayıb. Yalnız özümüzə, dostlarımıza, ailəmə, nəvələrimə oxumaq üçün yazmışam. Hesab edirəm ki, elə bir pis iş görməmişəm. Ola bilsin ki, haradasa müəllif hüquqları ilə bağlı səhvə yol vermişəm. Vilayət Quliyev məndən nə istəyirsə, etməyə hazıram, mübahisə edən adam deyiləm.

Mən rabitəçiyəm, kitab yazmaqla bağlı mütəxəssis deyiləm, ola bilər ki, hansısa texniki səhvlər olub. Buna görə də Vilayət müəllim məni bağışlasın. Amma ondan xahiş edirəm, fikrini o cür ifadə etməsin. Mənə nə desəydi, əlimdən gəldiyi qədər düzəliş edərdim”.

Plagiatlıqda ittiham edilən jurnalist Ü.Tahirqızı ilə əlaqə saxlamaq mümkün olmasa da, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidən məsələyə aydınlıq gətirməsini istədik.

Baş yazar “Yeni Müsavat”a bildirdi ki, Ü.Tahirqızı 2012-ci ildə “Xalq Cəbhəsi” qəzetindən işdən gedib: “Vilayət müəllim isə qeyd edir ki, məqalə 2014-cü ildə çap olunub. Əvvəla, bu, zaman baxımından mümkün deyil. Ola bilsin ki, hörmətli səfir yanlışlığa yol verib. Çünki təcrübəmizdə işdən gedən jurnalistin məqaləsinin çap olunması halı yoxdur. Əgər çalışsaydı və həmin yazını vermiş olsaydı belə, məsuliyyət müəllifin üzərinə düşərdi. Çünki həmin anda yazının plagiat olmasını dəqiqləşdirmək vaxt və texniki baxımdan imkanımız daxilində deyildi. Ancaq yenə deyirəm ki, Ülviyyə Tahirqızı 2012-ci ildə işdən çıxıb və artıq 7 ildir bizimlə işləmir”.