Xalq artisti Flora Kərimova ilə jurnalist Ülviyyə Alovlu (Muradova) arasında məhkəmə çəkişməsi davam edir. 

Minval.info xəbər verir ki, tərəflər arasında qalmaqala F. Kərimovanın çılpaq halda videoları yayılan üç qız barədə “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?!” fikirlərinə Ü.Alovlunun sərt reaksiyası və aşağıda işlətdiyi bu sözlər səbəb olub:

“Ey hörmətli Xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” deyə, fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi?..”

Bu qalmaqal məhkəmələrdə davam edir. Amma bir nüçə gün öncə, “Ülviyyə Alovlu məhkəməyə məcburi gətiriləcək” başlıqlı xəbərlər yayılıb. Jurnalist bu barədə açıqlama verərək Flora Kərimovanı yalançı aldandırıb və deyib ki, onun məhkəməyə məcburi gətirilməsi yalandır. Xalq artisti isə bundan sonra məhkəmə qərarını paylaşaraq Ülviyyə Alovlunu ifşa edib.

Flora Kərimova bu barədə paylaşım edərək bildirib ki, Ülviyyə Alovlu yalan danışır: “2019-cu ilin avqust ayından bu günə qədər davam edən məhkəmə prosesində bir dəfə iştirak edən, Ülviyyə. Belə başa düşürəm söyüşlərlə xitab eləmək sizin üçün adi hala çevirilib və cinayət sayılmır! Demokratiya anlayışınız da düşüncəniz qədər dayazdır. Hakim Abbas Rzayevin məhkəmə prosesində verdiyi qərarlarını, ünvanıma səsləndirdiyin ittiham, həqarət və vulqar ifadələri, hətta mənim xeyirimə iki dəfə çıxarılan ekspertizanın rəyini də inkar edə biləcək bir simaya sahibsən. Hakimin adından yalan danışmaq, “ xəbər yalandır” deməyiniz məni təəccübləndirmir. Əlbəttə ki, hakimdən mənə verilən qərarın surətinin yayılması ixtiyarım daxilindədir və etdim. Çağırılan yerə “məmnuniyyətlə” gələn birinin barəsində ( iki dəfə) polislə məcburi gətirilsin qərarı çıxarılmır. Telefonuna məhkəmədən göndərilən sms-ləri belə inkar etməyi biləcək “cəsarətə” sahibsən! O ki qaldı mənim xaricdə yaşayan yaşıdlarımın konsert verməyinə: əminəm ki, onların məmləkətində sənin miqyasında qərəzli “jurnalist” hələ yetişməyib! Məkirli fəaliyyəti boyunca heç bir dəfə də salamım olmayan adam, tanımadığın biri haqqında fikir yürütməyin “ustadının sənə bəxşişidir”!

Yaratmaq istədiyiniz polemika baş tutdu, təbrik edirəm. Fərdlər bacarığı ilə göz önündədir. Kimi mənəviyyatı, kimi davranışı və tərbiyəsi ilə örnəkdir, sən isə yalnız gündəm axtarışı ilə…!
Özümü, sən və havadarların kimi aparmadım ki, sizlərdən fərqli olaraq söyüş eşitməyə vərdişim olsun. Məhkəməyə verdiklərimin, içi sən qarışıq mənə nifrət etməsi başadüşüləndir! Başqalarının adından yalan, böhtanlı qeybətin isə redaktor olduğunuz vaxtların havasındandır.

İnanmıram ki, üç ildə cürət tapıb məhkəməyə gəlməyən, bu dəfə də sözünü tutsun. Ona görə də hakim Abbas Rzayevin adından dediyiniz “Yalan xəbərdir”, mənə ünvanladığın “yalandır” sözünə, məhz hakimin verdiyi qərarların sənədli təsdiqinin surətini təqdim etməklə cavab verirəm. Kimin nə qədər yalançı olduğunun sübutuna gərək duymasam belə… “Saxtakarlığınızdan utanın!” deyərdim, təəssüf ki, vərdişlərdən yayınmaq hər iradə sahibinin işi deyil. 20-si məhkəmədə görüşənədək”.

Minval.info