“Mən deyəndə bəziləri özlərinə sərf edən tərzdə məni qınadılar, linç etdilər. “Nə var burada”, “Nə oxuyub ki?”, “Niyə qarışırsınız?”, “Mənə dəxli var?” deyib, keçdiyinizin əks-sədasıdır”. 

Musavat.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə xalq artisti Flora Kərimova yazıb.

O, sosial şəbəkədə 3 qızın çılpaq videosunun yayılmasına münasibət bildirib: “Gözəl Çin atalar sözü var: “Bir mıx, bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igidsə, bir ordunu məhv edər”. İndi durub günahkar axtarıb, kimisə qurban vermək, artıq gec deyilmi?! Kökünü bəsləyib, üzə çıxan alaqları təmizləməyin nəticəsi olacaqmı?! Özü də biganəliklə 31 Mart soyqırım müsibətimizi, faciəmizi andığımız bir gündə…

Qadın adının məsuliyyəti kişi adının məsuliyyətindən daha böyükdür. Bu kimi hallardan istifadə edənlər, gündəmə gətirənlər nə etdiklərini heç düşündülərmi?! Halları ikrah doğuranları qoyduq bir kənara, qardaşlarını-bacılarını, valideynlərini, qohumlarını, çevrələrində namuslu, qeyrətli kim varsa, hamısını gözü kölgəli, başıqapazlı etdilər.

Tək dərd budurmu, millət?! Sabah biz, millət olaraq, namusdan söz salanda oğullarımızın üzünə şillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?! İctimai qınaq, utanc pərdəsi aradan götürülüb. Kimi nə istəyirsə, etməməli idi, etdi. Nə düşünsə dilinə gətirməməli idi, gətirdi.

Açıq şəkildə kimsə əxlaqının alverini edəndə, söz sahibləri açıq-aşkar efir etikasını pozanda, bu yarğanlar çat olan vaxtlar deyəndə ki, olmaz, bu bayağılığı yığışdırın, nə qadına, nə də kişiyə yaraşmır, cəmiyyəti çirkləndirməyin, bir çoxları əməllərinə haqq qazandırıb, üstümə yürüdülər və bunu əksəriyyətiniz görməzdən gəldiniz.

Bu gün biri öz dəyərini əlində qazandığı pulla ölçüb, qaval çalıb oynayanda, sabah bir başqası ona baxıb, lüt soyunub, “salfetka” ilə oynayacaqdı. Və bu da baş verdi.

Bunu görmək çoxmu çətin idi? Təəssüflər olsun ki, artıq ilmələr sökülüb.

Baş prokurora, nazirlərə  müraciət edilir. Nə günə qaldıq ki, nazir səviyyəsində, baş prokuror səviyyəsində, deputat səviyyəsində elementar ailə tərbiyəsi həll edilir.

Hər gün şəhid qanını bunlara görəmi axıdırıq, hər gün analar bunlara görəmi qara geyinir? Millət, bu olmamalı idi”.