Bircə öldüyüm günü bilmirəm. Təxminən bir ay bundan əvvəl o narkomaniyanı təbliğ edən mahnını 3-cü mikrorayon dairəsində eşidəndə hövlnak gəlib yazı yazmışdım. Axşamlar qızımı hazırlıq kursundan götürəndə orda gözlədiyim 10-15 dəqiqənin mənə necə zəhər olmasının səbəbi də o idi.

O “Kazbek”ə nəsə qoyub, hallananların mahnısı var ha, günlərlə onu yaxınlıqdakı kafenin səsgücləndiricisi sayəsində dinləmək zorunda qalmışam. İndi baxıram ki, daha da betər olacaq. Çünki indi insanlar qulaq asmaqla qalmır, oynayır, “sındırır” və hətta bunu trendə çevirirlər. Cavan-cavan qızlar, qadınlar (hətta yanlarında azyaşlı uşağı olanlar da var) ən biədəb, vulqar formada, əl-qol hərəkətləri, jestləri ilə mahnını pleybek edir, açıq-aşkar narkomaniyanın, tiryəkin təbliğatı ilə məşğul olurlar. Baxırsan görüntülərinə, əksəri gözəldir, cazibədar görüntüləri var. Əminsən ki, əllərinin hərəkəti də, məntiqləri də bu mahnının nəyə xidmət etdiyindən xəbərdardır. O zaman niyə?

Aylar öncə “Səni deyirlər” trendə çevriləndə, hər kəs onun sədaları altında rəqs edib, videosunu yayanda heç birimiz təlaşlı deyildik. Əksinə, güneyli-quzeyli Azərbaycanımızın, azərbaycanlılarımızın belə bir trendlə bütünləşməsindən zövq alırdıq. Mahnıda Urmiya gölünün qurudulmasına qədər bir neçə siyasi mesaj vardı. Bəs bu? Qanunvericildə narkomaniyanın təbliği və təşviqi qadağandır. Bunu edənlər cəzalandırılır, daha doğrusu, cəzalandırmalıdır. Bəs hanı? Biz niyə görmürük? Niyə bu kliplər youtube-də və ya Facebookda şikayət edilmir? Niyə bu mahnını oxuyanı (ki, qəhrəmanın üzünü hələ görməmişik) polisə çağırıb, ona qanunsuzluğu, əxlaqsızlığı, cinayəti təbliğ etdiyini başa salmırlar? Neyləyək? Oturub bunun milyonları əhatə etməsini seyr edək? O klipdəki məktəbli qız kimi bütün məktəblilərin sinif otağında elə kliplər çəkib yaymasını gözləyək? Hansısa narkomanın “fırlanım başuva”sının dalğa kimi yayılmasını susqunluqla izləyək?

Halbuki bizim millət susqunluqla izləməyi, gözləməyi, bəxtinə düşəni yaşamağı o qədər də xoşlamır. Son olaraq, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın hadisəsində sözünü deyən ticarətçilərin, işçilərin olması özümüzə olan inamımızı diriltdi. Anladıq ki, söhbət para-pul olunca əjdahaya çevrilirik, qarşımıza gələni parçalamağa hazır oluruq. Bu situasiyada mənim diqqətimi əsas iki fraqment çəkdi. Birincisi, ticarətçilərlə Nizami rayon icra başçısının görüşü zamanı yaşananlar. Onlardan biri durub dedi ki, müxalifət hazırda sosial şəbəkələrdə bizi özünə tərəf çəkmək istəyir, amma biz razı olmuruq. Sətiraltı şantajlı mesajını da yolladı. Yəni “baxın daa, siz hərəkətə keçməsəz…” Mən onda şoka düşdüm. O hay-həşirdə, malını-mülkünü, pulunu itirdiyin vaxtda insanın ağlına belə bir şantajın gəlməsi onun təpədən-dırnağa azərbaycanlı olmasını göstərirdi. Hələ orda çəkiliş edən jurnalistin üstünə hücuma keçənlərdən danışmıram. Bu yarınma kimə hesablanmışdı?

İkinci fraqment isə bir xalanın dedikləri idi. Səsini başına atıb iddia edirdi ki, komissiya onların malını qiymətləndirə bilməz. Məntiq də təxminən belə idi ki, “onlar nə bilirlər, bizim nə qədər malımız vardı içəridə?” Halbuki ötən ayın satış dövriyyəsinə görə hesablanma aparıla bilər. Məntiqlisi də budu. Amma bir başqa qadın da dedi ki, içəridə 100 minlik malım yanıb, evdə də yeməyə bir çörəyi yoxdu. O qədər mala pul verən adamın o alverdən bir həftəlik çörək pulu saxlaya bilməməsi də bir başqa söhbətin mövzusu idi.

Yəni bu və bunun kimi hekayələri yaxın günlərdə çox eşidəcəyik. Görəcəyik ki, el dili ilə desək, “batdı balıq, yan gedər” məntiqi ilə nə qədər sui-istifadəçilər, dələduzlar ortaya çıxıb. Onda biləcəyik ki, “fırladanlar” onun-bunun başına fırlananlardan daha çox imiş. O da bir başqa söhbətin mövzusudur ki, fırlanmaq daha qorxuludu, ya fırlatmaq…