24.07.2026 - 14:07
Siyasət 73 baxış

Ermənilər Sinirlioğlundan əl çəkmirlər - İrəvandan yeni sərt bəyanat

ATƏT-in türkiyəli baş katibini nədən ittiham edirlər? 

Ermənistanda hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında uzun müddətdir davam edən qarşıdurma artıq yeni mərhələyə qədəm qoyur. Bu dəfə müzakirələrin mərkəzində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlunun adı hallanır.  Ermənistanın bir sıra hüquq müdafiə təşkilatları ATƏT-in baş katibi Feridun Sinirlioğlunu Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxiləni dəstəkləməkdə ittiham ediblər.

Musavat.com news.am-a istinadən xəbər verir ki, Ermənistan Siyasi Hüquqlar Mərkəzi, Ermənistan Helsinki Komitəsi, Avropada Din Azadlığı Forumu və Christian Solidarity International təşkilatının birgə bəyanatında bildirilib ki, ATƏT-in baş katibi insan hüquqlarını və dini azadlıqları qorumaq əvəzinə, Ermənistan hakimiyyətinin Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin vəzifədən uzaqlaşdırılması təşəbbüsünə dəstək verməyə hazır olduğunu nümayiş etdirib.

Bəyanat müəlliflərinin fikrincə, Sinirlioğlu söhbətin heç bir mərhələsində dövlətin dini lideri vəzifədən uzaqlaşdırmasının dini etiqad azadlığının pozulması olduğunu xatırlatmayıb. Onların qənaətincə, bu mövqe ATƏT-in Helsinki Yekun Aktında təsbit olunan vicdan və din azadlığı prinsipləri ilə uzlaşmır.Sənəddə Ermənistan hökumətinin 2025-ci ilin may ayından etibarən Erməni Apostol Kilsəsinə qarşı sistemli kampaniya apardığı iddia edilir.

Müəlliflər bildirirlər ki, baş nazir Nikol Paşinyan dəfələrlə II Qareginin istefasını tələb edib, onun uzaqlaşdırılması ilə bağlı “yol xəritəsi” açıqlayıb, yüksək rütbəli din xadimlərinə qarşı cinayət işləri başlanıb, bəzi yepiskopların ölkədən çıxışına məhdudiyyət qoyulub. Bəyanatda bu addımların kilsəni dövlətin nəzarəti altına almaq cəhdi olduğu irəli sürülür. Təşkilatlar xatırladırlar ki, Ermənistan Konstitusiyasının 18-ci maddəsində Erməni Apostol Kilsəsinin xalqın milli kimliyinin, dilinin və mədəniyyətinin qorunmasında “müstəsna missiyası” tanınır. Buna görə də Katolikosun vəzifədən uzaqlaşdırılması cəhdinin həm beynəlxalq dini azadlıq öhdəliklərinə, həm də ölkənin konstitusion quruluşuna zidd olduğu bildirilir.

Bəyanatın sonunda təşkilatlar ATƏT-in baş katibi Feridun Sinirlioğlunu II Qareginin vəzifədən uzaqlaşdırılmasına təşkilatın dəstək verə biləcəyi ilə bağlı yaranmış təəssürata ictimai şəkildə aydınlıq gətirməyə, ATƏT-in dini etiqad və vicdan azadlığının qorunmasına sadiqliyini bir daha təsdiqləməyə, eləcə də Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginlə dialoq qurmağa çağırıblar. Bəyanat müəllifləri bildiriblər ki, məsələ ilə bağlı ATƏT nümayəndələri ilə görüşərək əlavə məlumat təqdim etməyə hazırdırlar və təşkilat rəhbərliyinin bu istiqamətdə fəaliyyətini diqqətlə izləməyə davam edəcəklər.

Picture background

Qeyd edək ki, Feridun Hadi Sinirlioğlu 1956-cı ildə anadan olub. Türkiyə diplomatıdır və Ankara Universitetinin məzunudur. Diplomatik fəaliyyətə 1982-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində başlayıb. Uzun illər nazirliyin müxtəlif rəhbər vəzifələrində çalışıb, Türkiyənin xarici siyasətinin formalaşdırılmasında iştirak edib. Karyerası ərzində Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri və baş müşaviri, 2009–2015-ci illərdə xarici işlər nazirinin müavini, 2015-ci ildə isə Türkiyənin xarici işlər naziri vəzifəsini icra edib. 2016–2023-cü illərdə Türkiyənin Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi olub. 2024-cü ilin sentyabrından ATƏT-in baş katibi vəzifəsini tutur. ATƏT-in Baş katibi kimi isə təşkilatın gündəliyində olan münaqişələr, demokratik institutların inkişafı, təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərinin koordinasiyasına cavabdehdir.

Musavat.com 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: