Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı həm müddətinə, həm də verilən sualların sayına görə dünyada bir ilk idi. Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, bu konfrans Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyırdı və Vətən müharibəsindəki zəfərdən sonra ölkəmizin informasiya müharibəsində möhəşəm qələbəsi idi:

“Mətbuat konfransının 26 fevral Xocalı soyqırımı gününə təyin edilməsi də xüsusi məna kəsb edirdi və erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilən bu qətliamın dünyaya tanıdılması istiqamətində çox uğurlu addım idi. Cənab Pezident İlham Əliyev həmişə olduğu kimi yüksək natiqlik, peşəkarlıq və təmkinlə bütün sualları müfəssəl şəkildə, real faktlara əsaslanaraq cavablandırdı, Azərbaycanın mövqeyini aydın şəkildə, tutarlı arqumentlər əsasında izah etdi.

Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıq, regiondakı mövcud vəziyyət, yeni əməkdaşlıq imkanları, gələcək planlar və digər məsələlər barədə dünya ictimaiyyətni maraqlandıran çoxsaylı suallar var idi və mətbuat konfransı zamanı verilən suallar da bunu göstərdi. Cənab Prezident bütün bu suallara aydınlıq gətirdi, öz səlist natiqliyi, peşəkarlığı ilə Azərbaycanın qəti mövqeyini 4 dildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.

A.Həsənova vurğulayıb ki, dövlət başçısı mətbuat konfransında bir çox mətləblərə aydınlıq gətirdi, eyni zamanda Ermənistanda revanşist qüvvələrə və onların havadarlarına da ciddi mesajlar verdi: “Dövlət başçısı açıq şəkildə bildirdi ki, revanşist qüvvələr bu cür absurd iddialara qapılmaqla sadəcə Ermənistan üçün daha ciddi problemlər yarada bilərlər.

Cənab Prezidentin toxunduğu mühüm məsələlərdən biri də ermənilərlə azəbaycanlıların birgə yaşayışı ilə bağlı idi. Cənab Prezident bununla bağlı Azərbaycanın açıq mövqeyini dünya mətbuatının diqqətinə çatdırdı və ermənilərin Azərbaycan tərkibində daha yaxşı yaşayacaqlarını bildirdi.

Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır və işğaldan azad edilmiş ərazilərdə də birgə yaşayış regionda davamlı sülhün yaranmasına səbəb ola bilər. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır.

Cənab Prezident qeyd etdiyi kimi Dağlıq Qarabağda da ermənilər Azərbaycan tərkibində daha yaxşı yaşaya bilərlər. Onlar Azərbaycan vətəndaşları kimi daha yüksək pensiya alacaqlar, daha geniş sosial qayğı ilə əhatə olunacaqlar, ölkəmizin iqtisadi inkişafının müsbət təsirlərini öz həyatlarında hiss edəcəklər.

Bu gün Azərbaycan regionda yeni əməkdaşlıq formatı təklif edir. Azərbaycanın məqsədi regionda kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər”.