Bu gün Çempionlar Liqasının final matçı keçirilib.

Minval.info xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarəyə etdiyi matç “Estadio da Luş” stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olub. PSJ və “Bavariya” indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəlmiş, bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanmışdı. PSJ-nin 12 qoluna, “Barvariya” 11 topla cavab vermişdi.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindəydi. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlmişdi. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcəkdi.

5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaqdı.

Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli idi. İlk dəfə “Bavariya” 1975/1976 mövsümündə “Sent-Etyen”i 1:0 hesabı ilə üstələmişdi…

Görüş güman edildiyi qədər parlaq alınmayıb. İlk yarıda yetərincə fəal olan tərəflər azsaylı qol vəziyyətlərindən yararlana bilməyiblər. İkinci hissənin əvvəllərində Komanın vurduğu qol isə oyunda yeganə olub.

Beləliklə, Münhen təmsilçisi 6-cı dəfə qitənin ən nüfuzlu klub turnirinin kubokunu başı üzərinə qaldırıb.

Çempionlar Liqası
Final
23 avqust

PSJ (Fransa) – Bavariya (Almaniya) 0:1
Qol: Kinqsli Koman, 59
PSJ: 1. Keylor Navas, 2. Tyaqo Silva (k), 3. Presnel Kimpembe, 4. Tilo Kehrer, 5. Markuinyos, 7. Kilian Mbappe, 8. Leandro Paredes, 10. Neymar, 11. Angel Di Maria, 14. Xuan Bernat, 21. Ander Herrera.
Bavariya: 1. Manuel Neuer (k), 6. Tyaqo Alkantara, 9. Robert Levndovski, 17. Jerom Boatenq, 18. Leon Qoretzka, 19. Alfonso Davyes, 22. Serj Qnabri, 25. Tomas Müller, 27. David Alaba, 29. Kinqsli Koman, 32. Yosua Kimmix.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Estadio da Luş” stadionu.