“İngilis və rus dillərində indiyə qədər düşmənlərimizlə söz güləşdirirəm. Hələ ki, mənə qalib gələ bilməyiblər. Allahın köməyilə, bu informasiya savaşında qalib gələ də bilməyəcəklər. Çünki haqq bizim tərəfimizdədir. Paylaşımlar üçün yüzlərlə tanımadığım izləyicilərdən təşəkkür məktubları alıram. Eyni zamanda özümü böyük bir mətbuat orqanı kimi hiss edirəm”.

Bu sözləri musavat.com-un suallarına cavab verən Dövlət Sərhəd Xidmətinin baş leytenantı, müğənni Elnarə Xəlilova deyib. O, cəbhədə yaşananlardan sonra sosial şəbəkədə ermənilərlə informasiya savaşı apardığını bildirib:

“Dünyanın 4 yerindən tanımadığım soydaşlarımız mənə gün ərzində onlarla foto və video materiallar göndərirlər. Təbii ki, mən onların hamısını sərgiləmirəm. Öz süzgəcimdən keçirib millətə, dövlətə lazım olan aspektdən görüntüləyir və şərh edirəm. Bu çox vacib bir məqamdır. Mətbuatda hal-hazırda çalışan hər bir kəsdən də bunu gözləyirəm. Azərbaycan maraqlarını gözləmək və diqtə etmək lazımdır”.

–  Baş leytenat olan 4 uşaq anası Elnarə bu günlərdə yaşananları övladlarına necə izah edir?

– Övladlarımı maksimum olub-bitənlərdən uzaq tutmağa çalışsam da, mənə müharibə ilə bağlı çoxlu sual verirlər. Mən də sevə-sevə doğru olanları və lazım bildiklərimi söyləyirəm. Körpələrə dost və düşmən uşaqlıqdan aşılanmalıdır. Hərdən mənə elə gəlir ki, onlar məndən də çox bilirlər.

– Sənətçilərin, məşhurların cəbhədə yaşananlardan sonra vətənpərvərlik ruhda mahnı oxuması, hərbi geyimdə şəkil çəkdirməsi, səfərbərlik üçün qeydiyyatdan keçməsi də tənqid olundu. Tənqidçilər arasında müğənnilər də vardı. Məşhurların vətənpərvərliyi niyə səmimi qəbul edilmir?

– Bu gün gün birlik günüdür! Ona görə də fürsətdən istifadə edib bütün soydaşlarımıza, həmvətənlərimizə və həmkarlarıma onu demək istəyirəm ki, nə olur olsun, heç bir azərbaycanlının atılan dırnağını düşmən ayağına vermək olmaz. Yüz ölçün, bir biçin. Kim necə bacarır o cür də dəstək olur. Kimi mahnısıyla, kimi təbliğatı ilə, kimi hərbi geyimi və silahı ilə. Və heç bir halda bu dönəmdə heç kəsi ruhdan salmaq olmaz. Biz birlikdə güclüyük və yalnız birlik nümayiş etdirərək düşmənə qalib gələ bilərik. Digər öz həyatına heç nə olmamış kimi davam edən məşhurlarla bağlı yalnız onu deyə bilərəm ki, onlardan da incimirəm. Nə də heç nə ummuram. Nə də qınamıram. Çünki onun da bacardığı odur. Bacarıb da eləməsəydi, başqa məsələ. Amma insan əgər cahildirsə, onunla artıq heç nə edə bilmərik. Onun da həyat anlayışı yalnız dodaq boyamaqdan ibarətdir, nə edək?

– Son günlər müzakirə olunan hadisələrdən biri də həmvətənlərimizin xarici ölkələrdə ermənilərin hücumuna məruz qalmasıdır.

– O görüntüləri izləyəndə az qalırdı ürəyim dayansın. Son günlər yeməkdən-içməkdən belə kəsilmişəm. Boğazımda bir qəhər düyünlənib. Qışqırmaq, hayqırmaq, söyüş söymək istəyirəm. Az qalıram quş olub uçam yanlarına. Çox arzulayıram haqsızlıq olan yerdə peyda olub, haqqı bərqərar edəm. Amma hələ ki, bu məlum səbəblərdən mümkün deyil. Amma elə bilirəm hələ ki, mən telefonumdan etdiyim paylaşımlarım və təbliğatımla daha çox fayda verə bilərəm. Onsuz da mən Sərhəd Qoşunları zabitiyəm və savaş əmri gələrsə, yoldaşımla bir yerdə birmənalı savaşa gedəcəyəm. Çünki mənim bu savaşı övladlarıma saxlamaq niyyətim yoxdu. Hərçənd, mən belə danışanda Tuğər və Öndər mənimlə dava döyür ki, biz ölmüşük sən müharibəyə gedəsən? Daha anlamırlar ki, anaya balasından və Vətənindən əziz nə ola bilər ki.

– Hazırda sosial şəbəkədə insnalar iki qrupa ayrılıb: bəziləri xaricdə yaşayan ermənilərdən qisas almağı, bizim həmvətənlərimizə etdiklərinin əvəzini çıxmağı, bəziləri isə məsələni hüququ, sivil yolla həlli təbliğ edir. Bu haqda sizin də fikirləriniz maraqlıdır. 

–  Xaricdə yaşayan ermənilərə hücum etmək bizə heç nə verməyəcək. Düşmən o qədər mənfur, o qədər bədxah, o qədər alçaqdır ki, onlardan günü bu gün nə desən, gözləmək olar. Nəzərə alaq ki,27 ildir biz özümüzü bütün dünyaya sübut eləməyə çalışırıq və bu bizdə çox pis alınır – çünki təbliğat çox zəifdir. Və bu gün bu məsələnin hüquqi müstəvidə çözülməsi ən optimal çıxış yolu kimi görsənsə də, hamımız çox gözəl anlayırıq ki, nə BMT-nin, nə ATƏT-in Minsk qrupunun, nə də bir başqasının indiyə kimi gəlmiş keçmiş qətnamələrini bu dığalar saymır və artıq bıçaq sümüyə dirənib. Səbir kasamız dolub. Xalqı da qınamalı deyil. Xalq əzəli-əbədi Azərbaycan torpaqlarını – Qarabağı tələb edir. Və artıq dünya buna bir çözüm tapmalıdır. Çünki dünyada elə bir yer qalmadı ki, orda etiraz aksiyaları keçirilməsin. Və istər Los Ancelesdə, istərsə də Brüsseldə keçirilən aksiyalarda iğtişaşlar törədən ermənilərin həbs olunması haqq-ədalətin olduğunun bariz nümunəsidir. Demək ki, soyub-soyub quyruğunda dayanmışıq. Bir az da səbirli olmaq lazımdır. Bütün dünyaya günlərdir ermənilərin aqressor olduqlarını hayqırırıq. Bu da sübutu. Doğrudur, çoxlu qurbanlar verdik, soydaşlarımız erməni xislətinin böyük vəhşiliklərinə məruz qaldılar – amma əvəzində dünya bir daha kimin aqressor olduğuna şahid oldu.

– Hüquqi sivil yolu seçənlər sosial şəbəkədə birmənalı qarşılanmır. Tənqid, hətta təhqir də olunur. Onlara nə demək istərdiniz?

– Amerika Konqresi 296-cı müddəasına Azərbaycan torpaqlarının xarici qüvvələr tərəfindən zəbt olunmasına dair düzəlişini edəndən sonra düşmənin beyni çöndü. Çünki 2-ci və 3-cü addım artıq torpaqlarımızdan ermənilərin çıxarılması tələbi olacaq. Və bu da erməni istilasının sonu deməkdir. Onlar özləri də bunu çox gözəl anlayırlar və günü bu gün də öz həmlələrindən əl çəkmirlər. Hələ də erməni əsilli və ermənipərəst konqresmenlər inadla Azərbaycanın bu düzəlişi pulla aldığı fikrini irəli sürür və bunu müzakirəyə çıxarırlar. Əlbəttə ki, bu çox gülüncdür, lakin hüquqi müstəvidə həll buna deyilir. Onlar bilə-bilə ki, hazırda hüquqi müstəvidə bizə uduzurlar yenə də öz mübarizələrindən əl çəkmirlər. Bəs biz niyə əl çəkməliyik? Bizim xaricdə yaşayan erməniləri döyməyimiz düşmənin ocağına odun atmağımızdır. Çünki düşmən bundan çox böyük məharətlə elə bizim özümüzə qarşı istifadə edəcək. Olmayan əldəqayırma soyqırımlarını az qala bütün dünyaya zorla qəbul elətdiriblər. O ki, qala əllərində o boyda video materiallar, uydurulmuş Azərbaycan aqressiyasına aid sübut və dəlillər. İndi, görün, düşmən azərbaycanlılar tərəfindən məruz qaldıqlarına 2-ci soyqırım donunu necə geyindirəcəklər. Qurd donundan çıxıb, quzu donuna girəcəklər. Budur mənim qorxduğum. İndiki vəziyyətdə bu cür siyasi səhvə yol vermək olmaz. Bilirəm, xəsarət alan həmvətənlərimə hal-hazırda çox çətindir. Amma bu yol Qarabağa azadlıq yoludur və kim dedi ki, bu asan olacaq? Sabah müharibə başlasa, şəhid də verəcəyik, indiyə kimi də vermişik. Odur ki, mənim əzizlərim, düşmənin provokasiyalarına və təxribatına uymayaq! Bu hadisələri yaşadıqca eynilə Sumqayıt hadisələrini xatırlayıram. Onda da öz elədikləri vəhşilikləri bizim ayağımıza yazmışdılar. Odur ki, ağıllı, səbirli, təmkinli olmaq lazımdır. Siyasət və diplomatiya işlətmək lazımdır. Düşmənin əlinə fürsət vermək olmaz.

Könül İbrahim
Musavat.com