Zamin HACI“Dedi, rəhm et mənə, Allah

Yer üzünə göndər bəla.

Qurumasın bu batağım,

Yaşıl yurdum, xoş yatağım”

(İvan Krılov, “Qurbağa və Yupiter” təmsilindən)

Müsavat Partiyasında başqan seçkisi olmuşdur, Arif bəy əlini partiyadan çəkməyərək qalib gəlmişdir. Tofiq Yaqublu və Yadigar Sadıqlı isə əllərini götürüblər, bunu bütün televiziya tamaşaçılarımız debat zamanı gördülər. Doğrudur, bu işdə verilişin prodüseri İsa bəyin Arif bəyə yardım etməsi də rolunu oynamışdır. İsa bəy istəyir ondan sonrakı başqanlar da azı onun özü qədər zülm çəksinlər, müxalifətdə çox qalsınlar. Ancaq müşahidəçilər əvvəldən qeyd edirdilər ki, Arif bəy olmasın, bəs kim olsun? Başqası gəlsə partiyanı daha çox yeyib dağıdacaqdır. Yenə bu başqan yeyib doyubdur.

Xülasə, əvəzedilməz liderlərin çoxalması sevindiricidir. Üstəlik, təqvim də adamın gözünə girir, baxırsan 15 oktyabr yazılıbdır. Axı niyə bu gün oktyabrın 15-i olmalıdır? Aprelin 1-i də ola bilərdi. Ya da 8 mart. Nə bilim, 15 iyun. Gün qəhətdir? Maşallah, təqvim islahatlarımız sayəsində ildə 365-366 günümüz olur. Üstündə gecə də verirlər.

Lap elə 16 iyul olardı. AXC-nin yarandığı gün. Dünən AXC vaxtı baş nazir olmağa imkan tapmış sayın (Ərdoğan Bakıdadır, müraciət forması avtomatik dəyişir) Pənah Hüseynin harasa intervüsünü oxudum, jurnalist soruşur, o boyda zıppıltı-guppultu xalq hərəkatı qayırmışdınız, bəs bir zada nail oldunuzmu. Haqq üçünə, doğrudan da biz o hərəkatı Qarabağa, armud ağacına-filana görə düzəltmişdik, lakin indi heç biri əlimizdə deyilsə, AXC tariximizə qara ləkədən başqa bir şey kimi düşməyibdir. Ancaq sayın Pənah müəllim görün nə deyir: “AXC olmasa indi cəbhə xətti Allah bilir haradan keçirdi, ermənilər düzü-dünyanı tutardılar”.

Vay səni. Deməli, yaxşı qurtarmışıq. Hərçənd mənim yadıma gəlir ki, dava təzə qızışanda, biz də bu gülməşəkər AXC-ni yaradanda, Pənah bəy baş nazir olanda, bağda ərik bitəndə və sair şərtlər daxilində – ermənilər bizdən yalnız Qarabağın dağlıq hissəsini tələb edirdilər. Ətraf rayonları sonradan, bəzi axmaq çayxanalarda deyilən kimi, komplektin üstündə verdik getdi.

Bəlkə bu məsələni ermənilərdən dəqiqləşdirmək olardı. Bir jurnalistdən-zaddan İrəvana göndərərdik, gedib soruşardı ki, ara, siz AXC və Pənah bəy hakimiyyətdə olmasa hara qədər gəlmək fikrində idiniz. Ancaq orada vəziyyət heç yaxşı gündə deyil. Sən demə, bizdəki UZİ soyqırımının tam eynisi orada varmış! Lənət şeytana, hər şeyi bizdən oğurlayırlar! 11 oktyabrda bir sürü erməni analar Beynəlxalq Ana Günü münasibətilə İrəvanın mərkəzində etiraz aksiyası keçiriblər. Şüar isə “Yetər!” olubdur. Bəsdir, kifayətdir mənasında. Ermənicə bu söz “Bavanak” imiş. Bəli, düz anladınız, bizdəki Kifayət, Bəsti, Yetər adlarının eynisi ermənilərdə varmış. Qız uşaqlarına Bavanak adı qoyurmuşlar. Nəticədə Ermənistanda qızlar azalıbdır, indi aksiya keçirənlər də bu gender haqsızlığına etiraz edirmiş.

Bu arada Mərkəzi Seçki Komissiyasının sədri Məzahir müəllim ürəyimizə şübhə toxumları səpibdir, dekabrda cücərməsi ehtimalı vardır. Deyir xaricdən bizim seçkiyə müdaxilə etmək istəyən qüvvələr var. Allah, Allah. Hansısa xarici dövlətlər Biləcəri bələdiyyəsinə öz adamlarını yerləşdirmək, Suraxanı bələdiyyəsində saxtakarlığa yol vermək, Samux bələdiyyəsində seçkini ümumiyyətlə pozmaq fikrindədir. Ola bilsin Donald Tramp MKİ agentlərinə tapşırıbdır, hazırda onlar Ucarın Qazıqumlaq kəndində seçki otağının pəncərəsini qırıb içəridəki protokolları oğurlayıb möhürlənmiş künclərini kəsib ölkəmizdən çıxarmaq istəyirlər! Lənət, lənət, min lənət olsun sizə! Pənah bəy demişkən, Allah balanızı öldürsün! Ya da 2-ci Yelizaveta (bəlkə də üçüncü – mən kraliçaların nömrəsini həmişə qarışdırıram, oxucular üzürlü saysın) Mİ-6 kəşfiyyat xidmətinin təcili toplantısını çağıraraq onlara Bərdənin Soğanverdilər bələdiyyəsinə öz adamlarını yerləşdirməyi, əgər bu mümkün olmasa, köynəyin boyunluğunda gizlətdikləri siçan zəhərini çeynəyib, özlərini Kür çayına ataraq intihar etmələrini tapşırmışdır!

Sonda oxuculara bildirirəm ki, bu yazını  gözünü çəkmədən oxuyan və oxuyandan sonra 10 nəfərə göndərən hər bir kəsə cənnətdə partiya sədri vəzifəsi ənam ediləcəkdir.