“Bu şəhərdə” komandasının üzvü, əməkdar artist Coşqun Rəhimov Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzərin haqlarında səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Musavat.com-a açıqlamasında Coşqun bildirib ki, tənqidlərə görə komanda janrını dəyişməyəcək: “Birdəfəlik başa düşsünlər ki, “Bu şəhərdə” teatrının janrı hələlik budur. Bütün səhnəciklər iki aktyorun üzərində qurulur. Nə vaxtsa dəyişilsək, kişi “kişi” rolunu oynayar. Müzakirə edən kimlərdir ki? Böyük əsərlərə imza atmış bir insan (gülür)… Müzakirə edənlər 20 min insan deyil ki. 20 min insan 12 gün ərzində gəlib konsertimizi izləyir.

Tamaşaçılar bizi sevir. Bizim bəlli bir auditoriyamız var. Məsləhət görürəm ki, danışılanlara fikir verməyəsiniz. “Konsertlərimizdə qadın obrazları olmasa, tamaşaçılar üçün bu qədər maraqlı olmayacaq” kimi fikirləri heç düşünmürük. Çünki biz peşəkar aktyorlarıq.

Həm də biz konsertlərimizdə tək qadın deyil, kişi obrazlarını da canlandırırıq. Bizim tamaşaçılarımızın arasında hər iki cinsin nümayəndəsi var. Orada hərə özünü görmək istəyir”.

Qeyd edək ki, Rüfət Nəzər sosial media hesabında bu sözləri yazmışdı: “Milli satiramızın cütlükləri, qadınlar və seksual azlıqlardan başqa parodiya ideyası yoxdur? Yumorumuzun səviyyəsi budur? Yoxsa, bu tulalar (ermənilər – red.) dedikləri kimi həqiqətən bizdən istedadlıdır?

Yenə də “Planet Parni iz Baku” nə isə alındırır. Başqalarına baxanda isə ancaq transseksuallara bənzəyirlər, illərdi səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz, gicbəsər yumoru görəndə çox pis oluram. Bu “qıjı” yumorundan uzaq o qədər bacarıqlı gənclərimiz var ki… Amma bu yarı-kişi, yarı-qadınlar o qədər yumorumuzu zəhərləyib ki, camaat başqa nə isə qəbul etmir.

“Qıjı” toy parodiyası, qadınları eşşək yerinə qoymaq, yalnız və yalnız region ləhcəsi ilə zarafatlar… Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib, efirdə də ağıllı-ağıllı elə danışırlar ki…”