Zamin HACI“Yarım saatdan sonra qonaqlar başladılar dağılmağa. Qurbanəli bəy atını və Kərbəlayı Qasım yabısını minib düşdülər yola. Bəy başını saldı aşağı və başladı mürgüləməyə. Hərdən bir yuxudan ayılıb atı saxlayırdı, üzünü çöndərirdi Kərbəlayı Qasıma və deyirdi:

– Bu xəncəli soxaram sənin qarnına!”

(Mirzə Cəlil, “Qurbanəli bəy”)

Bu gün – 2 avqust Azərbaycanda kino günüdür, bu münasibətlə bütün kinosevər zəhmətkeşlərimizi qutlayıram. Doğrudan da 2 avqustda bizim tariximizdə çox maraqlı kinolar çəkilmişdir. Hər il olduğu kimi, bu il də milli kino bayramında xeyli sənətkara fəxri adlar verildi, onlardan bir nəfəri hətta xalq artisti adı almışdır, lakin xalq internetdə axtarırdı ki, görəsən, bu yoldaş kimdir. Əlbəttə, yaxşı olardı Rüstəm müəllimə də nəsə medaldan-zaddan verilsin, hər halda, onun hökumətlə arası düzəlmiş kimi görünür. 3-4 il qabaqkı qanqaraçılığı salanların kinoittifaqı yıxılsın. Ağsaqqalın bir neçə sot torpağına Bakı Şəhər İcra Hakimiyyəti göz dikməsə heç gedib Milli Şura kimi xalqımıza yad, pis uşaqlara qoşulmazdı, belə baxanda ailəlikcə təlim-tərbiyəli adamlardır, həmişə müəllimin sözünə baxıblar, düz oturublar, danışanda əllərini qaldırıblar, dərsə dırnağı təmiz gəliblər. İndi həmin icra hakimi də yerindən olubdur, bu mənada barışıq üçün hər cür imkan var. Hətta yaxşı olardı Milli Şurada toplaşanların da hamısına Bakıda kino çəkməyə şərait yaradılsın. Balaca ölkəyik, hamımız de-fakto qohum çıxarıq, niyə bir-birimizi rəncidə salırıq? Bizim hamımızın bir vətəni var.

Üstəlik, səhiyyə idarəsi azərbaycanlıların ölüm səbəblərini açıqlayıbdır, orada əsas yeri şəkər, ürək xəstəlikləri, qan təzyiqi, siqaret-zad tuturmuş. Bunların hamısının yaranmasında isə mehribançılığın azalması, xalq arasında mənfi meyllər, elitanın yoxluğu, icra hakimiyyətinin stadiona yığışmağa icazə verməməsi tipli faktorlar mühüm rol oynayır. Hələ nə qədər insan bir-birini bıçaqlamaqla məşğuldur. O gün mən xəbər lentində alt-alta düz 4 bıçaqlaşma xəbəri gördüm. Sanki millət öz övladlarına kələm, dana, nə bilim, qarpız gözüylə baxır. Hamı bıçaq soxmaqla məşğuldur. Ola bilsin hökumət axırda məcbur olacaq bıçaq satışını qadağan eləsin. Ət doğramaq, kartof soymaq üçün də xüsusi yerlər ayrılacaqdır, ASAN-bıçaq xidməti fason bir idarə qurulacaqdır. Neyləsinlər? Bu millətin ipinin üstünə odun yığmaq mümkün deyildir. Şələni belinə alıb getdiyin yerdə ip qırılar, odun dağılar yolun ortasına.

Bu arada baş bankirimiz Elman müəllimin narazılığını bölüşürəm. Deyir kredit faizlərini azaltmışıq, ancaq millətin nədənsə biznes kreditləri götürməyə marağı artmamışdır, hətta sıfır tam neçəsə faiz (gör nə qədər dəqiq adamdır) azalmışdır. Ay camaat, niyə kredit götürüb bizneslə məşğul olmaq istəmirsiniz? Haçana qədər avaraçılıq edəcəyik, maaşı, pensiyanı, medalı, xalq artisti adını hökumətdən umacayıq? Belə yaramaz. Bizim Qarabağ dərdimiz vardır. Hamımız işləməliyik. Hərçənd bir ara çoxlu adama əmək qəhrəmanı medalları da verilmişdi, görünür, xalqı iş-gücə alışdırmağa müsbət təsiri az olmuşdur. Bəlkə hüquq-mühafizə orqanlarını cəlb eləsək daha məqsədyönlü olar. Özbaşına kredit götürməyəcəklər. Tutursan, içəridə kreditini verib buraxırsan. Vəssalam. Ciblərinə kredit atmaq da olar.

Maşallah, bu məqsədlə məhkəmələrimizin əl-qolu da açılmışdır. İslahat çərçivəsində, deyir, bundan belə vətəndaşın ixtiyarı olacaqdır məhkəməyə getmədən qərar çıxartdırsın. Vallah, çox yaxşı söhbətdir, gözlərim yaşardı. Camaata heç əziyyət vermək istəmirlər. Otur evdə, internet üzərindən hakimin kartına ödənişini elə, qərarını al. Alibaba.com saytındakı kimi. Orada da istəsən Çindəki şirkətə pulunu ödəyirsən, bir neçə müddətdən sonra poçtla malı göndərirlər. Əslində məhkəmələrimizin evdə oturan adamlar üçün qərar çıxartmaq təcrübəsi çox da yeni deyil, qabaqlar var idi, ancaq geniş əhali kütlələrini əhatə eləmirdi. Uzağı beş-on adam belə qərarlar ala bilirdil. İndi isə prosedurun bütün millət üçün əlçatanlığı təmin edilmək üzrədir.

Sevindirici hallar çoxdur, lakin hamısını yazmağa yerim yoxdur.

Zamin HACI