“Manatdan 2 nəfər…” sözləri metronun ətrafını bürüyür, hər yaxınlıqdan keçən olur potensial müştəri, buradan keçənlər “Yox, getmirəm” sözünü əzbərləyir.

Çoxu artıq söhbətin hansı ərazidən getdiyini təxmin etdi. Belə ki, Bakı metrosunun “Koroğlu” stansiyasının qarşısında yenə də pik saatlarda nəqliyyat xaosu yaşanır. Görülən tədbirlərin ömrü uzun çəkmədi…

Minval.info xəbər verir ki, adıçəkilən ərazidəki problem uzun illərdir davam edir. Vəziyyəti dəyişmək üçün burada dayanacaqlar yaradıldı. Marşrut avtobuslara oraya daşındı. Ərazi müasir qaydalara cavab verən hala gətirildi. Amma…

Taksi sürücüləri yenə yolun kənarını zəbt edib, süni tıxacın yaranmasına səbəb olur. Xüsusilə də axşam saatlarında Bakıxanov istiqamətinə hərəkət mümkünsüz hala dönür.

Sürücülər narazıdır

“Buranın normal günü olacaq? Biz niyə evimizə rahat gedə bilmirik? Bu qədər enli yoldan belə keçə bilmirik, çünki yolun 80 faizini taksilər tutub. İllərdir vəziyyət eynidir, arada bir nüçə gün hay-küy qopur, səliqə yaradılır, yenə 4-5 gün keçir, taksilər yolu bağlayır” – deyərək etirazını dilə gətirən sürücü Azər Vəliyev, problemin həll olunmasını tələb edir. Həftədə ən azı bir neçə dəfə buradan yolu düşən sürücülərin demək olar ki, hamısı eyni fikirdədir.

Taksi sürücüləri günahı rəsmi qurumlarda görür

Ərazidə çalışan taksi sürücüsü Kamal deyir ki, onlara da mövud vəziyyətdən narazıdırlar: “Guya bizə xoşdur? İstidə, soyuqda dayanaq yolun qırağında, bağıraq, səsimiz batsın, bəzən müştəriyə görə bir-birimizlə dalaşaq… Amma məcburuq da, çörək qazanırıq. Evimizə, balamıza baxmaq üçün çalışırıq. Elə hamı da bizim üstümüzə düşür, qınayır. Tıxac var, günahkar bizik, şikayət var, səbəb 1 manatdan adam daşıyan sürücülərdir. Bir nəfər də demir ki, “Bu yetim taksi sürücüsü harada dayansın?” Bu işi rəsmi qurumlar həll etməlidir də, yer ayırsınlar, amma daha dünyanın axırında yox, müştərinin bizi, bizim də onları tapa biləcəyimiz yer olsun. Camaat 5 km yol getməsin. Belə olsa hamımız gedib rahat işləyərik. Olmasa düzələn deyil bu məsələ”.

Ərazidə Nəqliyyat Mübadilə Mərkəzi (HUB) əsaslı şəkildə yenidən qurulub və müasir nəqliyyat infrastrukturu yaradılıb. Məlumata görə, HUB-ın yaxınlığında taksi duracaq yerlərinin təşkil edilməsi nəzərdə tutulur. Amma bu prosesin nə zaman başlayacağı bəlli deyil. Problemin aradan qaldırılması üçün görülən və görülməsi nəzərdə tutulan işlərlə bağlı BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlamağa çalışdıq. Lakin qurumun sözçüsü gün ərzində bütün zənglərimizi rədd etdi.

Məhəmməd Türkmən

Minval.info