19.09.2026 - 10:38
Ölkə 14 baxış

AZAL və Konservatoriyadan "Səmanın ritmi" müsabiqəsi

18 sentyabr tarixində Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Səmanın ritmi” adlı musiqi müsabiqəsi keçirildi.

Minval.info xəbər verir ki, bu layihənin əsas məqsədi Azərbaycan Hava Yollarının uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyini əks etdirən unikal instrumental kompozisiyaların hazırlanması idi.

Müsabiqədə Azərbaycan Milli Konservatoriyasının 7 tələbəsi ümumilikdə 21 kompozisiya təqdim etdi. Qiymətləndirmə nəticələrinə əsasən, ən çox xal toplayan üç tələbə birinci, ikinci və üçüncü yerlərə layiq görülərək mükafatlandırıldı.

Təqdim olunan əsərlər bəstəkarlar və Azərbaycan Hava Yollarının rəhbər heyətinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova-Talıblı, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, həmin kafedranın müəllimi, Xalq artisti, caz bəstəkarı Salman Qənbərov, müstəqil ekspert qismində isə Bəstəkarlar İttifaqının nümayəndəsi, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə yer almışdı.

Müsabiqə nəticəsində seçilmiş üç kompozisiyanın yaxın aylarda Azərbaycan Hava Yollarının uçuşlarında sərnişinlərin qarşılanması və yola salınması zamanı, eləcə də uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.

“Səmanın ritmi” layihəsi gənc musiqiçilərə yaradıcılıq potensiallarını nümayiş etdirmək və əsərlərini daha geniş auditoriyaya çatdırmaq imkanı yaradır. Azərbaycan Hava Yolları ilə Azərbaycan Milli Konservatoriyasının əməkdaşlığı çərçivəsində ərsəyə gələn kompozisiyalar sərnişinlərin səyahət təcrübəsinə yeni musiqi çalarları qatacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: