Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktub yazıb.

Minval.info xəbər verir ki, məktubda deyilir.

“Cənab Baş nazir!

Biz, aşağıda imzası olan Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma və standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional və qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığı ifadə edən bu məktubu sizə ünvanlayırıq.

Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyir, onların da dərin narahatlığını bölüşürük. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm də qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda və ondan kənarda yaşayan icmaların sağlamlığını və rifahını riskə atır.

Biz, beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edirik.

Qeyd edirik ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial və iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT-yə üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su və sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusən “Yaxşı Səhiyyə və Rifah” üzrə 3-cü, “Təmiz su və Sanitariya” ilə bağlı 6-cı, Məsuliyyətli İstehsal və İstehlak üzrə 12-ci, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsi” üzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.

Biz, Ermənistan Respublikasını regionda ekosistemi ciddi şəkildə korlayan aşağıda adları çəkilən müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırırıq:

  1. Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir. Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60%-i Almaniyanın “Cronimet Mining GmbH” şirkətinə məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir;
  2. Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibindədir və hazırda “Chaarat Kapan” adlanır. İl ərzində burada orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün təhlükə saçır;
  3. Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərləyir. ABŞ-ın “Comsup Commodities” şirkəti kombinatın bütün səhmlərini satın alaraq onun tam payçısıdır. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür;
  4. İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraq “GeoProMining” şirkətinin tam istismarına verib. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib. Çirklənmiş Zod (Sotk) çayının Kür çayına töküldüyünü nəzərə alsaq bu, milyonlarla insanın həyatı üçün böyük təhdiddir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu mədənin işləməsinə icazə verməklə regionu çirkləndirməsinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar da çıxarıb;
  5. Avropa İnsan Hüquqları Məhkəməsi 14 fevral 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsi tələb olunub;
  6. Göyçə vilayətindəki Daşdəm (Daşdam) Qızıl Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir. Mədən yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen və civə kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad (Vorotan) çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. Mədən Kanadanın “Lydian International” şirkəti tərəfindən idarə olunur;
  7. Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədənin tullantı sularında mis, qurğuşun və sink kimi insan sağlamlığına və ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədən “Metal Prince” şirkətinin tərəfindən idarə olunur. Mədənin çirkab suları yaxınlıqdakı Tona (Debed) çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə ekoloji problemlərə görə bağlanıb. Lakin 2020-ci ildə mədən yenidən istismara açılıb;
  8. Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması və emalı zamanı hava və suya ağır metallar, toz və digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər və xərçəng də daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir;
  9. Ellər (Qotayq) zavodu mis, sink və qurğuşun istehsal edən metallurgiya zavodudur. Zavod Arpaçayını mis, qurğuşun və kadium kimi insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Zavod kükürd dioksidi, azot oksidləri və bərk hissəciklər də daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri və digər ağır xəstəliklərə səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Zavodda yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir və yeraltı sulara sızır;
  10. Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu Ermənistanda əsas mis əritmə zavodlarından biridir. İldə təxminən 100 min ton mis istehsal edir. Zavod Ermənistanın “GeoProMining” şirkətinə məxsusdur. Zavod atmosferə çoxlu miqdarda kükürd dioksidi və digər çirkləndiricilər atır ki, bu da havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici maddələri Araza daşıyır. Çirkab suları Arpaçayda su canlılarını məhv edir. Göyçə Mis Əritmə Zavodu ətraf mühit və insanlar üçün böyük təhlükə mənbəyidir;
  11. Arazdəyəndə (Yerasx) ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi də dayandırmalıdır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm də sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq;
  12. Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Qızıl hasilatı sənayesi milli sərhədlərdən kənara çıxan ekoloji çirkləndirməyə səbəb olub. Belə ki, mədən geridə böyük həcmdə tullantı süxurları və tullantı yığınları qoyur, bu isə torpağı çirkləndirir, dağlarda aşınma prosesinin kəskin sürətlənməsinə gətirib çıxarır. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir;

Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir.

Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

Qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir.

Yuxarıda sadalanan 12 fakt hələ törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur. Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda fəaliyyət göstərən 60-dan çox vətəndaş cəmiyyəti təşkilatı sizə müraciət ünvanlayaraq xəbərdarlıq ediblər ki, Amuldağ (Amulsar) mədəninin işi ətraf mühitə böyük ziyan vuracaq və buna görə də Ermənistan hakimiyyəti onun fəaliyyətini bərpa etmək qərarını ləğv etməli, prokurorluq isə mədənin ətraf mühitə təsiri ilə bağlı ekspertizanın nəticələrini yoxlamalıdır.

Cənab Baş nazir!

Bildiririk ki, 2014-cü ildə qüvvəyə minən Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyası – Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulur. Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli və davamlı istifadəni təmin etməkdir. Bu Konvensiya su ehtiyatlarının sosial, iqtisadi və ekoloji inkişaf üçün risk yaratdığı təqdirdə, təsirə məruz qala biləcək icmalarla yaxından işləməyi, onların rəyini nəzərə almağı nəzərdə tutur. Lakin Ermənistan hökuməti regionun şirin su ehtiyatına təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı və o cümlədən ermənilərin bu günədək rəylərini, fikirlərini nəzərə almayıb və onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib.

BMT-in Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla, biznesdə məsuliyyətli davranışın təşviqi üçün çərçivəni müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını müdafiə etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması və təsirə məruz qalan icmalarla şəffaf, inklüziv şəkildə əlaqə saxlaması zərurətini vurğulayır.

Ermənistan hökuməti yuxarıda qeyd olunan mədənlərin istismarı ilə həm də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espoo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymur. Espoo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir və ekoloji məsələlərin transsərhəd xarakteri daşığıdı halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır.

Orhus Konvensiyası ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını və ədaləti təmin etməkdə mühüm rol oynayır. Bu konvensiyanı imzalayan ölkə kimi Ermənistan təsirə məruz qalmış region əhalisinin mədən hasilatı fəaliyyətləri, qərarların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları ilə bağlı məlumatlara çıxışını təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir.

Biz Ermənistan hökumətini vətəndaş cəmiyyəti təşkilatları və yerli icmalar üçün mədən hasilatı ilə bağlı dialoq və qərar qəbuletmə proseslərində fəal iştirak etmək üçün əlverişli mühit yaratmağa çağırırıq. Kanadalı professor Steven Emermanın dediyi kimi, “Bu bir həqiqətdir ki, mədən sənayesinin iş qurbanı həmişə su hövzələri olur. Haradakı mədən sənayesi var, orada suyun tullantılarla daimi çirklənməsi təhlükəsi mövcuddur”.

Biz Ermənistandakı mədənlərdə hasilat ilə məşğul olan bütün maraqlı tərəfləri, xarici şirkətləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa və onları əməliyyat təcrübələrinə inteqrasiya etməyə çağırırıq. Biz yataqda kəşfiyyat işlərinə və hasilat sənayesinə investisiya qoyanları hansı ekoloji fəlakəti yaratdıqlarının fərqində olmağa, məsuliyyətli davranmağa dəvət edirik.

Cənab Baş nazir!

Yuxarıda qeyd olunan faktlardan da məlum olduğu kimi, Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub.

Biz sizə müraciət edirik ki, yuxarıda sadalanan beynəlxalq standart və prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya və səhiyyə sahəsində ixtisaslaşmış ekspertlər, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açasınız, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə və monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaradasınız.

Həmçinin tövsiyə edirik ki, güvən, inklüzivlik və ortaq məsuliyyəti gücləndirmək üçün dialoq və məsləhətləşmələr üçün əlverişli müvafiq platformalar yaradasınız. Mədən sənayesində şəffaflıq və hesabatlılığı təmin edərək, zəruri islahatlar həyata keçirib və hasilat sənayesi ilə bağlı vaxtında, etibarlı və hərtərəfli məlumatların açıqlanmasını təmin etmək üçün siyasi iradə və liderlik nümayiş etdirəsiniz.

Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq”.

Məktubu aşağıdakı şəxslər imzalayıb:

  1. “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva
  2. “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov
  3. “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev
  4. “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli
  5. “Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev
  6. Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr İctimai Birliyinin sədri Ayaz Hüseynov
  7. Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova
  8. Pediatrik Kardiologiya ve Revmotologiya İctimai Birliyinin sədri Rəfiyeva Sveta
  9. “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı
  10. “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Cəfərli Elman
  11. “Sosial İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva
  12. Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı
  13. “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov
  14. “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva
  15. “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri
    Cəmile Abdulova
  16. Leykemiya ile Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova
  17. “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin direktoru Sevil İsayeva
  18. “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova
  19. “Səhiyyə və Sağlam Həyat” İctimai Birliyinin sədri Əlizadə Cahangir
  20. “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov
  21. “Ana Kür” Ekoloji Promlemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov
  22. “İnkişaf və Rifah Naminə” İctimai Birliyinin sədri Zəminə Səfərova
  23. Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Əminə Kərimli
  24. “Səma və Eko” Sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova