Azərbaycanın İranla sərhədində koronavirus həyəcanı var, sərhəd-keçid məntəqəsi demək olar bağlanıb, nə gələn var, nə gedən; yalnız dərmana ehtiyacı olanlar və iranlılar qonşu ölkəyə buraxılırlar…

Azərbaycanın İranla sərhəd şəhərlərindən həyəcan dolu xəbərlər gəlməkdədir: qonşu ölkədə yayılan koronavirus qapımıza yaxınlaşır, sərhədləri bağlamaq lazımdır, oradan gələn ərzaq məhsullarının ərazilərimizə daxil olmasına icazə verməməliyik, bir neçə nəfər Lənkəran və Cəlilabad rayon mərkəzi xəstəxanalarına yerləşdirilib və s. ilaxır…

Türkiyə, İraq və digər dövlətlərin də İranla sərhədləri bağlamasının ardınca Azərbaycanın bu addımı atması tələb olunur. Çünki Qum, Gilan, paytaxt Tehranda koronavirusdan ölənlər var, yoluxanların sayı artır.

Bu da istər-istəməz Azərbaycanda ciddi təşviş və narahatlıq yaratmaqdadır. Apteklərdə ağız maskası və tibbi spirt çatışmazlığı da mənzərəni tam əks etdirir.

koro7.jpg (49 KB)

Odur ki, ötən gün vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın reportyor qrupu olaraq əvvəlcə Biləsuvar sərhəd-keçid məntəqəsinə yollandıq.

Yola düşməzdən əvvəl Bakıdakı apteklərdə maska və tibbi spirt axtarışına çıxdıq ki, İranla sərhəd ərazisinə qabaqlayıcı tədbir görərək gedək.

Amma paytaxt apteklərinin heç birində bunları tapa bilmədik. Biləsuvar rayonuna çatanda da oxşar mənzərə ilə qarşılaşdıq. Apteklərdə nə tibbi maska, nə spirt satılırdı. Satıcılar dedilər ki, hamısını apteklərdən topdan şəkildə yığışdırıb aparıblar.

Yalnız bir aptekdə tibbi spirt tapa bildik, o da 70 qəpiyə, yəni əvvəlki qiymətindən 20 qəpik baha…

“Bu gün maska və spirt olmayacaq, dədə. Gözləmə, sabah bəlkə gətirdilər. Dünən axşamtərəfi hamısını alıb getdilər” – aptekdə əlinə əlcək, üzünə maska taxan əczaçı belə danışdı.

Biləsuvarın mərkəzində isə tək-tük adamların ağız maskası taxdığını görmək olardı. Görəsən, bu qədər tibbi maska və spirt birdən-birə hara yoxa çıxıb?!

Üstəgəl, əhalidə koronavirusla bağlı ciddi bir təlaş, qorxu, panika da yoxdur. Əksinə, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin qarşısında Su çərşənbəsi qeyd olunurdu, konsertə xeyli sayda insan toplaşmışdı.

koro4.jpg (157 KB)

Sakinlər, ümumiyyətlə, koronavirus söhbətinə gülürlər, bu epidemiyanın Biləsuvarda olmadığını söyləyirlər. Amma…

Amma Biləsuvar sərhəd-keçid məntəqəsində mənzərə tamamilə fərqlidir. Rayon mərkəzindən ayrılıb İran sərhədinə yollanarkən elə güman edirdik ki, gömrük qapısında əvvəlki qaydada sıxlığın şahidi olacağıq.

Demə, koronavirusun İranda yayılması əməlli-başlı təsir edib. Nə sərhəd yolunda yük maşınları, TIR-lar var, nə minik avtomobilləri var…

Hətta deyərdik ki, İrana gedən istiqamətdə bizim maşından başqası yox idi. Elə bu mənzərədən aydın olmalıydı ki, koronavirus Biləsuvardan İrana qapıları hamının üzünə bağlayıb.

Biz ora çatanda tam bir  qəbiristanlıq sükutu ilə rastlaşdıq. Sanki Biləsuvar keçid məntəqəsində “qurbağa gölünə daş atıblar”.

Halbuki adi vaxtlarda İranla sərhəddə izdiham, basabas, sıxlıq müşahidə olunurdu. İndi isə bizdən başqa bura gələn ins-cins yoxdur. Elə bil ki, sərhəd yox, hansısa ucqar, unudulmuş, səssiz-səmirsiz kəndə gəlib çıxmışdıq.

koro3.jpg (103 KB)

Az qala sərhədçilər bizə təəccüblə baxırdılar ki, görəsən, ilin-günün bu vaxtında İranla sərhədə “şir ürəyi yemiş” insanlar niyə gəliblər.

Ağzına tibbi maska taxan sərhədçi dərhal yaxınlaşaraq bizə xəbərdarlıq etdi ki, İrana keçid məntəqəsi demək olar işini dayandırıb.

Onun sözlərinə görə, nə gedən var, nə gələn: “Yalnız İran vətəndaşları öz ölkələrinə, İranda qalan bizimkilər də Azərbaycana buraxılırlar.  Buradan da vacibdirsə, ağır xəstəliyin varsa, təcili dərman almaq üçün gedirsənsə, buraxacaqlar. Amma əlində dərman resepti olmalıdır, yoxsa buraxmayacaqlar”.

Sərhədçi onu da nəzərimizə çatdırdı ki, heç bir halda İran tərəfi də, Azərbaycan da qonşu ölkədən alınan ərzaq və digər məhsulları ərazimizə buraxmayacaq.

Odur ki, alış-veriş, bazarlıq üçün nahaq əziyyət çəkib İrana getməyin, onsuz da qonşu dövlətin gömrükçüləri həmin malları buraxmayacaqlar.

koro2.jpg (149 KB)

Daha sonra sərhəd-keçid məntəqəsinin qapısına yaxınlaşırıq. Görürük ki, burada da sərhədçilər və gömrükçülər tibbi maskalardan istifadə edirlər.

Sərhədin qarşısında tək-tük taksilər dayanıb. Onlar da səhərdən bir manatın sahibi olmayıblar.

Yaranmış vəziyyətin nə qədər davam edəcəyini bilməyən həm sərhədçilər, həm taksi sürücüləri deyirlər ki, yaxın günlərdə dəyişiklik gözlənilmir.

“Nə oradan bura, nə burdan İrana keçən olub. Ola bilsin ki, bir-iki nəfər azərbaycanlı və iranlı öz ölkələrinə qayıtmaq istəyəndə hər iki tərəfin gömrük məntəqələrindən pasportlarına möhür vurub buraxırlar.

Yəni faktiki Azərbaycanın İranla sərhədi bağlanıb. Ancaq xəstələrə, dərmana ehtiyacı olanlara və o tayda qalıb bu taya gələnlərə icazə var”, – deyə Biləsuvar keçid məntəqəsinin qarşısında müştəri gözləyən taksi şoferi bildirir.

Onun dediyinə görə, üç gündür bu vəziyyət yaranıb və həm özlərinə, həm bazarlıq üçün İrana gedən alverçilərin qazancına ciddi şəkildə təsir edib.

Hər gün sıxlıq, tıxac yaşanan Biləsuvar keçid məntəqəsində koronavirusa görə gediş-gəlişin tam məhdudlaşdırılması yerli camaatın dolanışığını pisləşdirəcək.

“Çin malları dünyanı necə sürətlə, ucuz qiymətə bürüyürdüsə, indi də onların virusu uzaq Şərqi Asiyadan bura kimi gəlib çıxmaqdadır. Baxın da, sərhədçilərin hamısı özlərini qorumaq üçün ağız maskası tapıblar. Ortada nə virus var, nə epidemiya, gəl ki hər kəs qorxu-hürküyə düşüb. Fikirləşirlər ki, birdən İrandan bizə keçər”, – deyə biləsuvarlı taksi sürücüsü söyləyir.

Onun dediyinə görə, koronavirus qorxusu yalnız İrana bazarlığa gedənlərə, ticarətçilərə zərər vurmaqdadır. Başqa hələ ki heç kimə…

koro1.jpg (60 KB)

Bizsə hər gün səs-küy olan, indi sakitlik hökm sürən Biləsuvar sərhəd-keçid məntəqəsini tərk edib, İranla sərhəd digər əsas ünvana – Astaraya yollanırıq.

Lakin bizə Biləsuvarda məsləhət görülmür ki, Astara sərhədinə gedək. Onlar İranla sərhəd olan Astara keçid məntəqəsinin koronavirusa görə bağlı olduğunu söylədilər. Üç gündür ki, orada da vəziyyət eynidir.

Buna baxmayaraq, İrana daha çox axının olduğu Astara gömrüyünə üz tuturuq. Burada gördüklərimiz isə Biləsuvarla müqayisə olunmaz.