Şahin Cəfərli: “Səudiyyə Ərəbistanı daxilində baş verən hadisələrin siyasi səviyyədə əlaqələrə ciddi təsir göstərəcəyini düşünmürəm”

Səudiyyə Ərəbistanında noyabrın 5-dən başlayan silsilə həbslər davam edir. Son olaraq daha bir neçə hərbçi ötən həftə saxlanılıb. Hökumət rəsmən elan edib ki, həbslərin səbəbi korrupsiyaya qarşı mübarizə məqsədlidir. Bununla bağlı noyabrın əvvəlində yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi açılıb və iddiaya görə söhbət 100 milyard dollar dəyərində yeyintinin ifşasından gedir.

Ancaq həbslər dairəsi çox genişdir, hərbçilər, iş adamları və ailədən olan məmurlar da saxlanılıb. Bu səbəbdən də bir sıra müşahidəçilər Krallıqda baş verənlərin əslində siyasi proses olduğunu iddia edir. Söhbət 32 yaşlı vəliəhd-şahzadə Məhəmməd ibn Salmanın atasının yerinə kral olmasından gedir. Britaniya mətbuatı kral Salmanın bu günlərdə taxt-tacı oğluna ötürməyə hazırlaşdığını yazır. Həbs olunanların fərqli sahələrdən olmasının isə səbəbi vəliəhdin taca doğru yolundakı maneələrin götürmək məqsədi daşıyır.

Çünki indi kral ailəsində çoxlu sayda iddiaçı və ondan da çox sayda narazı fiqurlar var. Hansı ki. onların nəzarətində silahlı güc, milyardlarla dollar məbləğində pul var. Bəzi məlumatlara görə. Hazırda həbsdə olan səudiyyəli iş adamları və şahzadələrin ümumilikdə 800 milyard dollar dəyərində sərvəti var. Bu məbləğ istənilən hakimiyyət üçün ciddi təhlükədir.
Ancaq Səudiyyə krallığında baş verənlər təkcə ölkə daxili ilə məhdudlaşmır. Hazırda regionda lider dövlət iddiasında olan rəsmi ər-Riyad Yəməndə faktiki savaş aparır, Suriyada savaşan müxalif qruplar üzərində təsiri var. Üstəlik gücü və təsir imkanlarından istifadə edərək Fələstinə təsir etməyə çalışır. Bundan başqa Səudiyyə Ərəbistanı Livanda Hizbullah Hərəkatının tərk-silah edilməsi tələbini qoyub. Bundan başqa İsraillə münasibətləri sürətlə mülayimləşdirən ər-Riyad hazırda anti-İran cəbhəsinə liderlik edir. Görünən odur ki, yeni kurs götürən vəliəhd Məhəmməd bütövlükdə regionda proseslərin axarını dəyişməyə hazırlaşır.

Bəs bu durum Azərbaycana nə vəd edir? Rəsmi Bakı Yaxın Şərqdəki yeni proseslərə, Səudiyyədəki dəyişikliklərə necə yanaşır? Yeni dönəmdə Azərbaycan və Səudiyyə arasında münasibətlər necə olacaq?

 

şahin cəfərli ile ilgili görsel sonucu

 

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, Azərbaycan təkcə Qərb və Rusiya ilə münasibətlərdə deyil, həm də müsəlman dünyasına yönəlmiş xarici siyasətində balansı həssaslıqla qorumağa çalışır: “Hakimiyyətin Qərb və Rusiya arasında seçim etmək niyyətində olmadığını və hazırkı tarazlığı pozmaq istəmədiyini hamımız bilirik. İslam ölkələri ilə münasibətlərdə də buna bənzər strategiya yeridilir. Rəsmi Bakı indiyədək istər islam ölkələri arasındakı münaqişələrdən, istərsə də bu ölkələrin daxilindəki ixtilaflardan maksimum uzaq durub, bundan sonra da uzaq durmağa çalışacaq. Hazırda bir sıra müsəlman ölkələri arasında gərginlik və soyuqluq var, lakin əsas konfrontasiya fərqli məzhəblərin əsas təmsilçiləri olan Səudiyyə Ərəbistanı və İran arasındadır. Azərbaycan tarixi-mədəni əlaqələr və məzhəb baxımından İrana yaxın olmasına baxmayaraq, hər iki dövlətlə mümkün qədər yaxşı münasibətlər qurmağa cəhd edib. Şübhəsiz ki, coğrafi yaxınlıq səbəbi ilə İranla əlaqələrimiz daha çox inkişaf edib, lakin faktdır ki, Azərbaycan iqtidarı bu məsələdə çox da dərinə getməməyə, tərəflərdən birini dəstəklədiyi görüntüsü verməməyə çalışır. Bunu səudiyyəlilər də bilir, ona görə indiyədək onların Azərbaycandan ciddi narazılığına rast gəlməmişik. Təbii ki, qapalı görüşlərdə və ya diplomatik kanallarla hansısa narahatlığın ifadə olunması istisna deyil, amma hər halda, münasibətlərin görünən tərəfində hər hansı problem olmayıb”.

Ş.Cəfərli deyir ki, Səudiyyə Ərəbistanında baş verənlərin Azərbaycanla münasibətlərə təsir edəcəyi inandırıcı deyil. Azərbaycan neytral olmaqda vam edəcək: “Proqnozlaşdırmaq çətin deyil ki, Azərbaycan bu siyasətinə bundan sonra da sadiq qalacaq. Səudiyyə Ərəbistanı daxilində baş verən hadisələrin bu baxımdan siyasi səviyyədə əlaqələrə ciddi təsir göstərəcəyini düşünmürəm. Lakin Tehran və Ər-Riyad arasında münasibətlər daha da kəskinləşərək müharibə həddinə çatarsa, tərəflərin müttəfiq axtarışı güclənə bilər və istisna deyil ki, bu halda Səudiyyə tərəfinin İranla həmsərhəd ölkə kimi Azərbaycandan hansısa istəkləri ola bilər. Bu, sadəcə ehtimaldır. Onu da unutmaq olmaz ki, İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanı hələ də Ermənistanla diplomatik əlaqələr yaratmayıb və təmsil olunduğu bütün beynəlxalq platformalarda Azərbaycana tam dəstək verir. Bu, bizim üçün çox dəyərli mövqedir. Mən hesab edirəm ki, regionda İranın təsirinin indikindən daha çox artması və İranın ideoloji-siyasi ekspansiyası bizim maraqlarımıza uyğun deyil. Səudiyyə dövlətinin tarazlayıcı amil kimi rolu bu baxımdan bizim üçün vacibdir. İranın artan təsirini Səudiyyə Ərəbistanı ilə əlaqələri genişləndirməklə müəyyən qədər neytrallaşdırmaq mümkündür və lazımdır. Eyni zamanda, Azərbaycan Səudiyyə Ərəbistanı daxilində sülh və sabitliyin hökm sürməsində, bu dövlətin beynəlxalq geosiyasətdə öz rolunu konstruktiv şəkildə davam etdirməsində maraqlı olmalıdır. İstənilən halda, əminəm ki, rəsmi Bakı mümkün olduğu qədər İran-Səudiyyə münaqişəsindən kənar durmağa çalışacaq”.

 

Kənan Rövşənoğlu

Musavat.com