Zamin HACI Zamin HacıHökumət müxalifətin güclənməsinə çalışır

İyunun 9-da Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədov AXCP sədri Əli Kərimliyə qarşı hökm çıxarıbdır. Sən demə, keçən ilin yayında partiyanın NTK (nəzarət təftiş komissiyası) sədri Aydın Əliyevi həm bu vəzifədən, həm də ümumiyyətlə partiya üzvlüyündən qovublar. O da bizdə hüquqi dövlətçilik olmasını nəzərə alaraq məhkəmədə iddia qaldırıb. Doqquz dəfə (9 !!!) iclas olubdur. Azərbaycan Respublikasının yekə bir binasını zanit ediblər, hakim əba-mantiya, “prakror” kaftan, nə bilim, xalq iclasçıları şortik-mayka geyinərək iclaslara gəlmişdir. Güman edirəm hər tərəfi bir sürü əli qandallı vəkil və şalvarı yamaqlı jurnalist, ağzı maskalı həkimlər də təmsil etmişdir. Bütün bu mərəkə-zırıltı da məhz ondan ötrü olubdur ki, görək Əli Kərimli Aydın Əliyevi AXCP-dən qovmaqda düzmü edibdir. Yəni bir ildir bunu araşdırmaq bizim dövlət üçün olduqca vacib idi.

Nəhayət, ədalət zəfər çalmışdır, Rəşid müəllim taxta çəkicini masaya çırparaq, son qərarı Azərbaycan Respublikasının adından (indi mən yazıram respublikanın da xəbəri olsun, yoxsa çox vaxt belə önəmli hadisələrə biganə, laqeyd qalır) elan etmişdir: Aydın Əliyev həm NTK sədrliyinə, həm də AXCP üzvlüyünə bərpa olunsun!

Sonra bəzi zırramalar deyir, guya Azərbaycanda müxalifətə təzyiq var. Guya AXCP üzvləri sıxışdırılır, nə bilim, hansınısa zibil yığıb, uşağına çörək pulu qazandığı yerdə tutub dəlixanaya salıblar, partiya sədrinin mobil telefonundakı “PUBG” oyununa virus qatıblar və sairə və ilaxır. Elə bu məhkəmə prosesi göstərir ki, partiya dövlətin diqqəti, qayğısı altındadır. Əks halda, niyə ora üzv bərpa edirlər? Halbuki iqtidar Aydın Əliyevin partiyadan qovulmağına sevinərdi, deyərdilər, lap əla, bir nəfər də azaldı, qırılan qoşundandır. Ancaq bunlar AXCP-nin zəifləməyini istəmirlər. Güclü iqtidar budur da bə! Çünki güclü iqtidarın güclü müxalifəti olmalıdır. Ədalətli hökumətə ədalətli müxalifət lazımdır.

Bəzən savadsızlar müxalifətin dəyişməsini də təklif edirlər, deyirlər daha bezmişik, 30 ildir eyni müxalifət liderlərini İctimai Televiziyada və AzTV-nin diskussiya klubunda görürük. İndi bunlar da başa düşməlidir ki, hər şey o liderlərin özündən asılı deyil. Siz nə bilirsiniz, bəlkə Əli Kərimli özü də neçə dəfə partiya sədrliyindən istefa verib, lakin Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid müəllimin qərarıyla təzədən yerinə qaytarılıbdır? Hər şey ola bilər. Özbaşınalıq deyil ki. Biz belə anarxiya və xaosun mənfi nəticələri ilə bir zamanlar üzləşmişik, həmin vaxtdan bəri bütün proseslər dövlətin nəzarəti altında aparılır. İqtidarda, müxalifətdə, aralıqda – harada olursan ol, sənə tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlməlisən.

Hərçənd bu prosesdə müəyyən ikili standartlara rast gəlirik. Sanki iqtidar AXCP-ni başqa siyasi partiyalardan daha çox sevir. Sübutum var. Örnək üçün, Müsavat Partiyasının başqanı İsa Qəmbərin bir neçə il qabaq istefa verməsini yada salaq. Ya da təzədən başqan olmaq istəmədi – elə fərqi yoxdur, dəqiq yadımda qalmayıb, oxucular xahiş eləsələr Azərbaycanın çoxəsrlik şanlı tarixi üçün fantastik önəm daşıyan bu fərqi dəqiqləşdirə bilərəm. Qısası, o vaxt İsa bəy işdən çıxdı, lakin iqtidar onu başqanlığa qaytarmaq üçün heç bir cəhd göstərmədi. Niyə? Bizim üçün çox maraqlıdır. Sanki iqtidarda bəzi qüvvələr Müsavat daxilində ədalətsizlik olmasını arzu edirdilər. AXCP daxilində ədalətsizliyə dözmürlər, Müsavat daxilində isə görməmiş kimi (göz yummaq mənasında) davranırlar.

Sonda Aydın müəllimi AXCP sıralarına qayıtması münasibətilə təbrik edirəm.