“Cəbhədə yaşananların hər anını mediadan, sosial şəbəkələrdən izləyirəm. Düşmən öz cılız əməlindən əl çəkmir, mülki əhalini atəşə tutur.  Çox narahatam. İnanıram ki, haqq-ədalət yerini tapacaq”.

Bu sözləri müğənni Leyla Ramazanlı Musavat.com-a müsahibəsində deyib. Leyla Ramazanlının atası Nurəddin Ramazanov 1992-ci ildə Qubadlıdakı döyüşlər zamanı şəhid olub.

Bu barədə də danışan müğənni şəhid ailələrinin hansı hisslər keçirməsindən söz açıb:
“Şəhid ailələrinin dərdi ürəyindədir. Heç bir söz övladı, valideyni geri gətirmir. Bir şəhid ailəsi, şəhid qızı olaraq onların keçirdiyi hissləri anlayıram, duyuram. Çox çətindir. Lakin biz vətənimiz uğrunda ölməyi bacaran millətik”.

– Siz də bir şəhid övladısınız. Hazırda yəqin ki, qələbə xəbərləri sizi həm də ruhlandırır.

– Bu günlərdə çox həssasam. Anam və bacımla qələbə xəbərlərini gözləyirik. Hər kənd, zirvə alınanda sevinirik. Bir gözümüz gülür, biri ağlayır. Hər dəfə acımız təzələnir.

– Atanız şəhid olan zaman neçə yaşınız vardı? Onu necə xatırlayırsız?

– Atam xatirəmdə ötəri qalıb. Onunla oynamağımız, gülüşləri, bizi əzizləməsi, sevməsi… O zaman 3 yaşım vardı. Təəssüf ki, yaxşı xatırlaya bilmirəm. Anlar gözümün qarşısına gəlir. Kaş bir az böyük olardım, atamla xatirəm çox olardı. Onun ölümü ailəmiz üçün çox ağır itki oldu.

– Qələbə xəbərləri sizdə hansı hissləri yaradır?

– Qələbə sevgisi ilə ürəyimiz yanır. Əsgərlərimizə, hərbçilərimizə güc-qüvvət diləyirəm. Allah onları qorusun. Şəhidlərimizə Allah rəhmət etsin. İnşallah qanları yerdə qalmayacaq. Qələbə xəbərlərinə sevinirəm, şəhid xəbərlərinə üzülürəm. Bu günlərdə qarışıq hisslər yaşayıram.

– Ermənilər Gəncə, Bərdə, Xızı, Tərtər və digər ərzilərimizdə dinc sakinlərin yaşadığı ərazini bombalayırlar…

– Hər şeyi mediadan izləyirəm. İstəyirəm düşmən vəhşiliyini bütün dünya görsün. Xocalı soyqırımını görməzlikdən gəlmək insanlıqdan kənardır.  Dünya bunu görməlidir. Bundan əlavə son günlər yaşananlara da dünya səssiz qalmamalıdır. Dünən Gəncədə yaralanan uşaqları gördüm, içim parçalandı. Allah xalqımıza kömək olsun.

– Atanızla bir anlıq görüşə bilsəydiniz, ona nə deyərdiniz?

– Atamı bacımla tez-tez yuxuda görürəm. Mənə baxır, gülümsəyir. Yuxu gerçək kimi görünür. Sonra ayılıram ki, bu, yuxu imiş, atam yoxdur. Atamın və ümumən şəhidlərimizin qanı yerdə qalmasın. Biz ancaq torpaqlarımız azad olunanda rahat olacağıq. O zaman şəhidlərin ruhu şad olacaq. Atamı yuxuda görəndə doyunca qucaqlayıb, öpmək istəyirəm. Həyatda da görsəydim, sadəcə, qucaqlayıb öpərdim. Onun üçün çox darıxırıq. Atam müharibəyə könüllü gedib. Uşaqların, qadınların ermənilər tərəfindən öldürülməsinə, işgəncə görməsinə dözə bilmirdi. Deyirdi ki, Qarabağda öldürülən qadınlar, ya da qızlarım Leyla ilə Xavər, mənim üçün fərqi yoxdur. Onlar da mənim anam, bacım, qızlarımdır. Atamla fəxr edirəm, hər zaman mənimlədir, bizimlədir, qəlbimizdədir. Düşünürəm ki, atam kəndlərimizin azad olunmasını görüb sevinir”.

Könül İbrahim,
Musavat.com