İllər öncə tikilən və tikintisinə dövlət büdcəsindən milyonlar ayrılan Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun dağıdılması ilə bağlı yeni görüntülər yayılıb. 
Görüntüləri paylaşan iqtisadçı – ekspert Samir Əliyev qeyd edir ki, dövlət büdcəsindən zamanında bu yola 641 milyon manata yaxın vəsait xərclənib:
“Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması” layihəsində Azərbaycan tərəfinin payı (182 km hissə) maliyyələşdirillməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib. Bundan başqa 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə səhv etmirəmsə, Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir. İndi bu yol dağıdılıb. Çünki bir neçə il idi ki, sürücülər zülm çəkirdilər. Çünki yol yararsız hala düşmüşdü. İndi həmin milyonlar heç nə olmamış kimi dağıdılır və növbət milyonlar hesabına yenidən qurulur”.
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun tikintisi zamanı yeyintilər olubmu?
Məsələ ilə bağlı 52 saylı Quba seçki dairəsinin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AZXEBER.COM-a fikirlərini bildirib. O, qeyd edib ki, hazırda yeni yolda təmir işləri gedir:
“Orada iki yol var, biri köhnə beton yoludur. İkinci də Bakı-Xaçmaq-SDK-Rusiya yoludur. Burada yeni yol çəkilir, amma hələ açılmayıb. Hələ orada iş gedir. İndi istifadə etdiyimiz yol beton yoludur, əvvəl keyfiyyətsiz çəkildiyi üçün bu yol dağılmağa başladı. Bu məsələni də mən bir neçə dəfə Milli Məclisdə qaldırdım. Dövlət başçısı göstəriş verdi ki, yol yenidən təmir olunsun. İndi vəsait də ayrılıb, təmir işləri də gedir. Ola bilər ki, 5-6 ay çəksin, təxmini noyabr ayına qədər, daha sonra istifadəyə veriləcək”.
Deputat həmçinin qeyd edib ki, əvvəlki yolun tikintisində ciddi nöqsanlar olub:
“Ümumiyyətlə, o yol çəkiləndə çox ciddi nöqsanlara yol verilib. “Akkord” şirkəti var idi, yolu o çəkmişdi. İndi yeni yol çəkilir, onun araşdırılmasına ehtiyac olmasa da, orada kifayət qədər mənimsəmə halı var idi”.