“SSRİ-nin dağılması, Qarabağ uğrunda müharibə, 20 Yanvar hadisələri, anamın qanlı paltarları – hamısı yaddaşımdadır”

İstər pandemiya dövründə, istərsə də ermənilərin atəşkəsi pozması və cəbhədə yaşananlar zamanı barmaqla sayılacaq qədər tanınmış şou əhli ölkə gündəmini izləyib, sosial şəbəkədə insanları doğru məlumatlandırıb, düzgün təliğat apardı. Onlardan biri də hərbçi ailəsində böyümüş müğənni Nura Suridir. Onun anası Firəngiz Səttarova Azərbaycanda ilk bort-atıcı qadındır. Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir. “Atam” dediyi atalığı Xanlar bəy Azərbaycan Hərbi Aviasiyasının yaradıcılarından biridir. O, Qarabağ müharibəsi döyüşlərinin iştirakçısıdır. Müharibə zamanı 300-dən çox uçuş həyata keçirib.

Sənətçi Musavat.com-un suallarını cavablayarkən bildirdi ki, hər zaman vətəndaş mövqeyi sərgiləməsində hərbçi ailəsində doğulmasının böyük rolu var.

– Hərbçi ailəsində doğulmusunuz. Sizin timsalınızda hərbçi ailəsində doğulan, yaşayan uşaqların yaşadığı hissləri anlaya bilərik. Uşaqlığınıza nəzər salanda valideynləri üçün narahatlıq keçirən bir uşaq görürsünüz, yoxsa daim onların işi ilə qürur duymusunuz, təhlükədə olmalarını qəbullanmısınız? Hərbçi ailəsində doğulan Nura Surinin uşaqlığı necə keçib?

– Bizim uşaqlığımız çox dəyişik keçdi, onu bir neçə kəlmə ilə anlatmaq mümkün deyil. Əvvəldən başlasam, gərək saatlarla danışaq. Biz birdən-birə qıtlığa düşdük, çörək növbələrində dayanmalı olduq. Səhər saat 5-6-da çörək növbəsində dayanırdıq. Əti-yağı talonla alırdıq. Bizim uşaqlığımız qəribə zamana dənk gəldi. SSRİ-nin dağılması, Qarabağ uğrunda müharibə, 20 Yanvar hadisələri, anamın qanlı paltarları – hamısı yaddaşımdadır. Azərbaycanın azadlığı uğrunda mübarizə aparmaq üçün valideynlərimizlə Azadlıq meydanına gedirdik.

Uşaqlığımızı çox qarışıq hisslərlə xatırlayırıq. Mənim üçün daha çətin idi. Çünki ananın da döyüşdə olması uşağı çox sarsıdır. Valideyn diqqətindən kənar qalırsan. Çox qəribə hisslərdir. Eyni zamanda da vətən uğrunda döyüşə getdiyini anlayırsan.

– Sosial şəbəkədə yazmışdınız ki, müharibədə anam iki güllə yarası alıb. Valideynlərinizin müharibədə olduğu dövrləri necə xatırlayırsınız?

– Anam hospitalda olanda qanlı paltarlarını gətirib hamamda yumağa qoymuşdular. Onda elə bildim ki, anam ölüb və məndən gizlədirlər. Qorxdum. Anam həmin hərbi geyimini də, ona dəyən güllələri də saxlayıb. O vertolyotun içində vurulub. Bir güllə böyründən girib, ayağından çıxmışdı. Bir də başından yaralanmışdı. Çox ağır günlər idi.

– Ölkədə yaşananlara müğənni kimliyinizi kənara qoyub, vətəndaş mövqeyi sərgiləmənizdə hərbçi ailəsində böyüməyinizin də rolu varmı?

– Əlbəttə, var. Evimizdə daim vətəndən, vətənpərvərlikdən danışılıb. Anam da, atam (atalığım) da vətən uğrunda canlarından keçməyə hazır olublar. Bundan əlavə, mən və mənim yaşımda olanlar vətənpərvər olmaya bilməz. Çünki biz çox hadisələrin, döyüşlərin şahidi olmuşuq. Kənardan kimsə bizə vətən sevgisini aşılamağa ehtiyac da yox idi. Bu, qanımızda, canımızda var. 80-cı illərin sonundan başlayaraq xalq olaraq bir olmuşuq, vətənimizin azadlığı uğrunda gedən bütün hadisələrin şahidiyik. Bakıya yeridilən tanklar, 20 Yanvar hadisəsi, evinin içində yaralanıb ölən insanlar… Dəhşətli günlər idi. Biz vətənpərvər ruhda böyümüşük, televiziyada ancaq 2-ci dünya müharibəsinə aid filmlərə baxırdıq. Qəhrəmanlıq təbliğ olunurdu. Dosta sadiqlik, vətən sevgisi təbliğ olunurdu.
Bizim planşetimiz olmayıb, kitab oxumuşuq. Dünya görüşümüz artıb. Sevgiyə aid filmlərə baxmırdıq (böyüklərdən utanırdıq).

Firəngiz Səttarova

– Həmvətənlərimizin ermənilərin hücumuna məruz qaldığı görüntülər barədə siz də paylaşımlar etmişdiniz. Hazırda sosial şəbəkədə iki qrup var: bəziləri xaricdə yaşayan ermənilərə hücum etməyi, bəziləri isə məsələnin hüquqi, sivil yolla həllini təbliğ edir.

– Biz bu gün dünyaya erməni aqressiyasını çatdırmağa çalışırıq. Ermənilər isə dünyaya öz yalanlarını tanıtmaq istəyirlər. Bunu etməkdə onlara məşhurlar çox kömək edir. Los Ancelesdə 50 nəfər azərbaycanlının üzərinə 3000 erməni gəlib. Bu hadisəni bütün dünya gördü. Ermənilər öz vəhşiliyini sübut edib bu hadisə ilə.
Biz həqiqətləri çatdırmağa çalışırıq. Eyni vaxtda Bakıda isti evində oturanlar çağırış edir ki, gedib erməniləri döyün, savaş çıxarın. O ermənini döyən şəxs tutulanda ailəsinə siz baxacaqsınız? Niyə biz erməninin etdiyini etməliyik, onlar kimi davranmalıyıq? Hər işi təmkinlə, ağılla, soyuq başla həll etmək lazımdır. Brüsseldə bizim gənci döyənləri bir-bir tapıb cavablarını vermək olardı. Əgər qisas almaq istəyirdinizsə. Ermənilərin əlinə niyə fürsət verirsiniz ki? Video çəkib niyə paylaşırdınız ki?

Bizim xaricdə yaşayan qadınlarımız, gənc qızlarımız, uşaqlarımız var. Hamımız ermənilərin Xocalıda törətdiyi vəhşiliyi görmüşük. Onlar qadına, uşağa baxmadan hücum edirlər. Öz qadınlarımızı təhlükəyə atmamalıyıq. Biz onlar kimi deyilik. Azərbaycan kişisi qadına hücum etməz, onlar edər. Bizim kişilər yaraşdırmaz özlərinə belə alçaqlığı, onlar bunu rahatlıqla edə bilər. Xaricdəki gənc qızlarımızı zorlasalar, kim cavab verəcək? Kimsə burada oturub fətva verməməlidir, hamı düşünülmüş formada addım atmalıdır. Bizim iş adamlarımızın ermənilərə vurduqları zərbə bir ermənini döyməkdən daha ağırdır.

– Hüquqi, sivil yolu seçənlər sosial şəbəkədə birmənalı qarşılanmır. Tənqid, hətta təhqir olunur. Onlara nə demək istərdiniz?

– Təhqirlə tənqidlə bir yerə çıxmayacağıq. Ağıllı hərəkət etmək lazımdır. Bir olmalıyıq. Bir-birimizdə səhv axtarmamalıyıq, pislik etməməliyik indiki durumda.

– Sənətçilərin, məşhurların cəbhədə yaşananlardan sonra vətənpərvərlik ruhunda mahnı oxuması, hərbi geyimdə şəkil çəkdirməsi, səfərbərlik üçün qeydiyyatdan keçməsi də tənqid olundu. Məşhurların vətənpərvərliyi niyə səmimi qəbul edilmir?

– Bu gün vətənpərvərlikdən mahnı oxuyan müğənninin sabah hansısa restoranın ona göndərdiyi yeməyi reklam etməsi, istirahət mərkəzindən əyləncəli görüntülər paylaşması qıcıqlandırır və bu səbəbdən onun vətən sevgisi heç kimə səmimi görünmür. Mən həmişə müğənniləri müdafiə etmişəm. Amma bu dəfə onların hərəkətinə mən də qıcıq oldum. Bir bayraq şəkli paylaşıb, oturublar. Bir milyon izləyicisi olan xalq artisti susub oturub. Nə olub sizə? Niyə həqiqətləri dünyaya rus, ingilis və başqa dillərdə çatdırmaqda dövlətə kömək etmirsiniz? Vitse-prezident Mehriban Əliyeva o gün çıxışında dedi ki, qəhrəmanlığı siz doğruları çatdırmaqla da göstərə bilərsiniz.

Kompüter qarşısında oturub gözəl işlər görə bilərsiniz. Mən bütün hesablarımda müxtəlif dillərdə məlumatlar paylaşmışam. Bunu etməkdən niyə qorxub çəkinirsiniz? Ermənilərmi səhifənizi şikayət edəcək, izləyiciləriniz azalacaq? Bizə bu gün mahnı oxumaq lazım deyil. 1 milyon izləyicisi olan səhifələrdən dünyaya doğru məlumatlar çatdırmaq lazımdır. Bütün günü yediklərini, evini, ətrini paylaşanları görüb əsəb keçirirəm.
Düzgün məlumatlar paylaşıb, təbliğat aparan məşhurlar da var. Amma onların sayı nədənsə azdır.

Könül İbrahim,
Musavat.com