Qəmlo, Kərbəlayi, Abbasqulu Ağa – onlar tarixi şəxsiyyətlər olub.

Minval.info xəbər verir ki, “Axırıncı aşırım” filmi 1971-ci ildə Fərman Kərimzadənin “Qarlı aşırım” povesti əsasında çəkilib.

Məlik Dadaşovun canlandırdığı “Qəmlo” (əsl adı Qəmbəralı Abbasovdur) quldur kimi təqdim edilsə də, 1905-18-ci illərdə Abbasqulu Ağa Şadlinski və Kərbəlayi İsmayılla birlikdə erməni daşnakları ilə vuruşub. Onlar Sovet hökumətinin Kolxozlaşdırma siyasətinə qarşı çıxıb.

Abbasqulu Ağa isə bolşeviklərə qoşulur. 28 iyul 1920-ci ildə Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik “Qırmızı tabor” dəstəsi ilə Naxçıvana gəlib. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşib. Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq edib. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurub, burada ingilis-daşnak işğalına son qoyub. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən “Qızıl Ulduz” medalı ilə təltif edilmişdir.

Mərdliyi ilə seçilən Qəmbəralı Abbasov və Kərbəlayi İsmayıl isə Türkiyəyə yollanırlar. Mustafa Kamal Atatürk onlara burada qalmağı tövsiyə edir. Lakin Qəmlo Türkiyədə qalmır və yenidən Azərbaycana dönür.

Bir neçə il sonra Qurban bayramı günü kirvəsi onu evinə qonaq çağırır. Heç zaman silahı üstündən əskik olmazdı. Həmin gün ilk dəfə evdən əliyalın çıxır. Bəy nəslindən olan ömür-gün həmdəmi Töhfə xanım qarşısını kəsib, silahını götürməyinə təkid etsə də, “belə əziz gündə kirvə evinə silahla getməyin düzgün olmadığını” söyləyir.

Qatıldığı məclisdə ev sahibi başda olmaqla 18 nəfər qəfildən Qəmlonun üstünə hücum çəkir. O, 1931-ci ildə qətlə yetirilir.

Töhfə xanım ərinin ölüm xəbərini alınca ata minib kirvələrinin evinə çapır və həyəti güllə-borana tutur.

Bu hadisədən sonra araya qan davası düşür. Qəmlonun qətlində əli olan 18 nəfərdən 17-si öldürülür.

Qeyd etdiyimiz kimi, film “Qarlı aşırım” əsasında ərsəyə gəlib. Lakin bu kitab çapa çıxdıqdan sonra Qəmlonun yaxınları yazıçı Fərman Kərimzadəyə məktub ünvanlayaraq qoçaq insan kimi ad çıxaran Qəmbəralı Əlirza oğlunun bədii obrazının təhrif olunmasına öz etirazlarını bildiriblər.

Türkiyədə qalan Kərbəlayi İsmayılı isə ermənilər öldürmək istəsələr də, bunu gerçəkləşdirə bilmirlər. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə İğdır ilinin Daşburun kəndinə gəlir. Bu elə bir vaxt idi ki Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaklar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizədən qalib çıxa bilir. Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. O, ömrünü sonuna qədər Iğdır vilayətində yaşayır və 1948-ci ildə 78 yaşında dünyasını dəyişir. Kərbəlayi İsmayıl son nəfəsində bu sözləri dilinə gətiri: “Vedibasarda oğlum, qardaşım uşaqları var. Məzarımı yol kənarında qazın ki, buraya yolları düşərsə, hiss edim”.

Kərbəlayi İsmayılın dəfn olunduğu qəbiristanda onun şərəfinə abidə ucaldılıb. Bu abidə həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.

Hər il aprelin 28-i ərəfəsində İğdır ilinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə ucaldılan abidənin ətrafında mitinq keçirilir. XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir.

“Axırıncı aşırım” filminə gəldikdə, “Qəmlo” “Abbasqulu bəy”i öldürdüyünə görə, Adil İsgəndərovun canlandırdığı “Kərbəlayi” tərəfindən həyatına son qoyulur. Amma bu səhnə senzuradan keçmir. “Kərbəlayi” qəhrəman kimi qələmə verilmiş hesab olunur və bu, qadağan edilir.

Rejissor Kamil Rüstəmbəyov bu səhnəni yenidən çəkir. Bu dəfə “Qəmlo”nu “Kərbəlayi” deyil, “Xudayar”ın qardaşı öldürür. Yeni versiyada “Kərbəlayi”nin adamlarının birinin dilindən “Kərbəlayi Qəmlonu gəbərtdi” cümləsi də ilk çəkilişdən qalıb.

Əslində, Abbasqulu Ağanın 1930-cu ildə Sovet “KQB”si tərəfindən öldürüldüyü ehtimal edilir.

Filmdəki Hamlet Xanızadənin canlandırdığı “Talıbov” obrazı həqiqətdə Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olub.

Ekran işinin povestdəki kimi “Qarlı aşırım” yox, “Axırıncı aşırım” adlandırılmasına səbəb filmin yayda aparılmasıdır.

Samir Mirzə / Minval.info