“Ölkənin digər sahələrində olduğu kimi, illərdir orduda da bəzi problemlər yaşanırdı. “Tərtər işi”ilə əlaqəli məsələlərin nəhayət ki, doğru araşdırılması, işgəncə faktları ilə bağlı həbslərin olması ciddi qərarların olduğu ehtimalını daha da artırır. Ordumuz bu kimi məsələlərdən çox qısa müddətdə təmizlənməlidir”.

Bu sözləri Bakupost.az -a REAL partiyasının icra katibi Natiq Cəfərli son zamanlar orduda baş verən həbslərlə bağlı danışarkən deyib.

N.Cəfərlinin fikrincə, ordunun içinə sızmış, başqa dövlətlərin təsiri altında olan hərbçilər ola bilər:

Vəzifə borclarını yerinə yetirməyən, cinayətdə, korrupsiya faktlarında əli olan şəxslərin ordudan təmizlənməsi çox vacib məsələdir. Çox güman ki, “Tərtər işi” ilə bağlı istintaq genişlənərək daha çox bu işdə əli olmuş şəxslərin aşkarlanması faktı olacaq. Son hadisələr ondan xəbər verir ki, bu məsələlərlə bağlı çox ciddi cəzalar və həbslər ola bilər. Korrupsiya faktları illərdir ki, müzakirə olunur. Hazırda ordunun idarə edilməsi ilə bağlı ayrılan vəsaitin müxtəlif şəxslər tərəfindən mənimsənilməsi məsələsi ciddi şəkildə araşdırılmalıdır. Bu işdə əli olan hər kəs vəzifəsindən və rütbəsindən asılı olmayaraq cəzalandırılmalıdır. Qürur və fəxr yerimiz olan ordumuz bu tipli məsələlərdən təmizlənməlidir”.

Ekspertn sözlərinə görə, orduda kadr və struktur dəyişikliyinə ehtiyac var:

“Azərbaycanda ordunun hərbi idarəetməsi ilə inzibati idarəetməsi bir-birindən ayrılmalıdır. Müdafiə naziri hətta mülki şəxs də ola bilər… Çox güman ki, mülki şəxs olmalıdır. Müdafiə naziri mülki şəxs olaraq ordunun təchizatı ilə bağlı iqtisadi, siyasi, sosial məsələlərin həllində iştirak etməlidir. Baş qərargah rəisi isə məhz ordunun hərbi hazırlığına və hərbi addımlarına cavabdeh olmalıdır. Bu dünyanın bir çox ölkələrində qəbul olunmuş, effektiv bir qaydadır. Azərbaycanda da bu tipli qərarların verilməsinə ehtiyac var. Eyni zamanda rütbəsindən asılı olmayaraq əli cinayətə bulaşmış hər kəs ordudan təmizlənməlidir. Ordudakı təmizləmə əməliyyatları xalqın orduya olan güvənini daha da artıracaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Müdafiə Nazirliyinin 4 hərbçisi 10 milyon manatlıq mənimsəmədə ittiham olunaraq həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində (MN) keçirdiyi əməliyyat nəticəsində Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə tutulublar. Onlar barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.