O, Aprel döyüşləri də daxil olmaqla 44 günlük Vətən müharibəsində özünün şücaəti ilə döyüş yoldaşlarının yaddaşında silinməz izlər buraxıb …

“Ölkə.az” xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin baş Leytenantı Həmid Abbasbəylinin xatirəsi anılıb.

Təhsil aldığı 157 nömrəli məktəbin kollektiv və şagirdlərinin iştirakı ilə keçirilən anım tədbirində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra davam edən tədbirdə bu gün şəhidin doğum günü olduğu qeyd edilib, onun Vətən Müharibəsində iştirakından, göstərdiyi şücaətdən söz açılıb.

 

Şəhidimizin anası Gülnara Məmmədova bu gün oğlunun ad gününü bağrına basıb təbrik edə bilməsə də, onunla qürur duyduğunu deyir: “Həmidin ən böyük arzusu idi torpaqları işğaldan azad etmək. Bu günü, bu əmri səbirsizliklə gözləyirdi. Həmidin həmişə bir əli yumruq vəziyyətdə olurdu. Ancaq özü bizə təsəlli verirdi, deyirdi siz özünüzdən muğayat olun, sanki heç müharibədə deyildi”.

Şəhidin təhsil aldığı məktəbin direktor müavini Adil Həmidov da kədərli olduqları qədər, qürur duyduqlarını deyir: “Bu gün biz fərqli bir gün yaşayırıq, həm kədərliyik, həm qürurluyuq. 44 günlük anım günümüzü keçirdik. 44 səhifəlik bu dastanın 3000 müəllifindən biri də Həmiddir”. Tədbirdə şagirdlər şəhidin xatirəsinə həsr olunmuş şerlər və musiqilər ifa ediblər.

Şəhid Abbasbəyli Həmid Cavanşir oğlu haqqında:
İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin Baş Leytenantı Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O ilk təhsilini 1998-ci ildə Binəqədi rayonu Famil İsgəndərov adına 157 №-li tam orta məktəbdə alıb.

Həmid 2006-cı ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuş, 2009-cu ildə liseyi bitirib.

Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbə qəbul olmuş, 2013-cü ildə ali təhsilini başa vurmuşdur.Ardınca 2013–2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzi davam etdirib.
Ali təhsilini başa vurduqdan sonra Həmid cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri kimi xidmət edib.

2015-ci ildə öz ərizəsinə əsasən “Cəhənnəm həftəsi” adlanan ağır təlimlərdən, imtahanlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qoşulub. İşlədiyi müddət ərzində qüsursuz xidmətinə görə​ peşəkar zabit kimi nümunə olub.

5 dekabr 2016-17 fevral 2017-ci ildə Türkiyədə və 18 sentyabr 2017-15 yanvar 2018-c ildə isə Çində xüsusi təlimli kurslardan keçib.

Həmid Abbasbəyli həmçinin “Aprel döyüşlləri”nin fəal iştirakçısı olun.

Həmid idmanda da böyük uğurlar əldə edərək “boks” və ”qaydasız döyüş” idman növü üzrə yarışlarda iştirak etmiş​ həmişə birincilik qazanıb. Həmid xidmət etdiyi dövrdə hərbi paradların iştirakçısı da olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə 2018 ci ilin iyun ayının 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Xüsüsi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib və “Azərbaycan ordusunun 100 illiyi “ yubiley medalı ilə təltif olunub. 2020-ci il iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən Müharibəsinin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı Qələbə paradında​ 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib və “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” medalı ilə təltif edilib.

Həmid Abbasbəyli 27 sentyabr 2020-ci ildən etibarən İkinci Qarabağ müharibəsində iştirak edib. Döyüşlər zamanı ayağından yaralanıb, lakin ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan,Qubadlı,Xocavənd​ şəhərlərinin, Hadrut qəsəbəsinin Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında iştirak edib. Həmid qrup rəhbəri kimi döyüşlərdə böyük şücaət göstərib. O, düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edib, yaralı yoldaşlarını döyüş meydanından çıxarıb.

Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın dəhlizinə nəzarət edən yüksəkliklər uğrunda gedən döyüşlərdə Xocavənd şəhərinin Qırmızı Bazar qəsəbəsi ərazisində​ qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə yaşadığı evinə​ gətirilib, burada böyük izdihamla qarşılanıb, ailə üzvləri ilə vidalaşdıqdan sonra avtomobil karvanının müşayiəti ilə İkinci Fəxri Xiyabana gətirilib və yaylım atəşi ilə təntənəli şəkildə Müdafiə Nazirliyinin nümayəndələrinin,​ Rayon İcra Hakimiyyətinin və Xüsusi Təyinatlı Qüvvələrin iştirakı ilə torpağa tapşırılıb.

Prezident İlham Əliyevin sərəncamı ilə baş leytenant Abbasbəyli Həmid Cavanşir oğlu​ ölümündən sonra
​ “Qarabağ” ordeni, “Vətən uğrunda” “Cəbrayılın azad olunmasına görə” “Füzulinin azad olunmasına görə” və ”Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah Rəhmət Etsin !