“Bu gün Azərbaycanın valyuta ehtiyyatları ən yüksək həddədir. Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu birlikdə 52 milyard ABŞ dollarından çox ehtiyatlara malikdir. Ötən il idxalımızın ümumi dəyəri 13,7 milyard dollar olub. Yəni, valyuta ehtiyatlarımız az 3 il idxalı maliyyələşdirməyə imkan verir. Halbuki, dünyada bu göstərici orta hesabla 6 aydır”.

“Report” xəbər verir ki, bunu I vitse-prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov AzTV-nin “Hədəf” verilişində neft bazarında baş verən son prosesləri və onun dövlət büdcəsinə təsirini şərh edərkən deyib.

O həmçinin bildirib ki, hazırda əhalinin əlindəki nağd vəsaitlər, şirkətlərin və fiziki şəxslərin bank hesablarındakı qalıq manatlar, yəni M2 aqreqatı təxminən 18 milyard manat təşkil edir: “Bunun 10 milyard manatlıq hissəsi heç vaxt azala bilməz, çünki iqtisadiyyatda tranzsaksiyaların baş verməsi üçün məhz bu qədər manat lazımdır. Vəsaitin qalan hissəsi isə mobildir. Yəni insanların ehtiyacından aslı olaraq qısa müddətə xarici valyutaya çevirilə bilər.

Son vaxtlar banklara manatla depozit yerləşdirmiş bəzi iqtisadi agentlər depozitlərini geri çəkirlər, bu zaman onlar depozit üzrə hesablanmış faizləri itirirlər. Sonra həmin pullar dollara çevrilir, amma bilirsiniz ki, banklar dollarla kredit verə bilmədiklərinə görə, dollarla depozitlərə də yüksək faiz təklif etmir. Nəticədə iqtisadi subyektlərin qarşısında sual yaranır ki, pulu dollara çevirim heç nə əldə etməyim və yaxud manatda saxlayıb faiz əldə edim. Bankirlərdən əldə etdiyim məlumatlara görə, 2-3 gün bundan qabaq manat depozitini götürənlər sonradan yenidən banklara üz tutur, xahiş edirlər ki, manatda depozitimizi bərpa edin” – deyə o, qeyd edib.