“Suriya hökumət qüvvələrinin ali baş komandanı Əsəd deyil, Putindir”

Rusiya ilə Türkiyə 15 gündür Suriyada birgə patrul fəaliyyəti aparır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə ötən həftə qəfil Suriyaya getdi və Bəşər Əsədlə görüşdü. Rusiya ilə Türkiyə arasında Suriya məsələsində problemlərin çözüldüyünü və aradan qalxdığını söyləmək mümkünmü? İddialara görə, Krım məsələsində Türlkiyə əvvəlki mövqeyindən bir qədər geri çəkilə bilər. Rusiyanın da Suriya məsələsində buna görə geri addım atması ehtimal edilir. Bütün bunlar rellaşması mümkün ehtimallar hesab edilə bilərmi?

Politoloq Nəzakət Məmmədova musavat.com-a bildirdi ki, nə Türkiyənin, nə də Rusiyanın Suriyada həlledici qərarlara təsir edəcək qədər geri çəkiləcəyini düşünmək üçün yetərli əsaslar yoxdur. Hazırkı şəraitdə Türkiyə Suriya məsələsində ABŞ-la Rusiya arasında manevr edir. Ərdoğan ənənəvi müttəfiq ABŞ və yeni müttəfiq Rusiya arasında ölkəsi üçün uyğun ssenarinin reallaşması üçün çalışır: “Türkiyə xarici siyasəti hazırda strateji deyil, situativ xarakter daşıyır. Türkiyə yaranmış beynəlxalq şəraitdə məcburiyyət qarşısında Suriyada qalmağa məcburdur, çünki 911 km. sərhəddi olan ölkədə yaranmış vəziyyət Türkiyənin milli, dövlət təhlükəsizliyinə ciddi təhlükə törədirdi. Ümumiyyətlə, Suriya məsələsində və digər beynəlxalq məsələlərdə Türkiyənin daim ABŞ-la Rusiya kimi iki güc arasında manevr etdiyini görürük. Bu müstəvidə Ankara ilə Moskva arasında müttəfiqlik münasibətləri yaransa da, son dövrlərdə Türkiyə ilə Rusiya arasında olan isti münasibətlərin sürətlə soyuduğunu müşahidə etdik. Bu da daha çox Türkiyənin ABŞ-la danışıqlar aparmaq istəyindən irəli gəlirdi. Rusiya Ankaranın onunla əlaqələr qurmaqdan uzaqlaşaraq Amerika ilə əlaqə qurmasını qəbul edə bilmir. Rusiya Türkiyəni təkcə Suriya məsələsində müttəfiq olaraq görmür, eyni zamanda özünün Avrasiya meqalayihəsinin bir parçası, NATO-da separatçı dövlət kimi görmək istəyir. Yaxud Türkiyəni özünün NATO-dakı “Troya atı”na çevirməyə çalışır”.

Politoloq hesab edir ki, Moskva ilə Ankara arasında əsas fikir ayrılığı Əsədin qalıb-qalmaması məsələsilə bağlıdır. Ona görə də gələcəkdə mütləq şəkildə Rusiya ilə Türkiyə arasında ziddiyyət qaçılmazdır: “Bu iki ölkənin Suriya məsələsində sonadək bir yerdə olacağı inandırıcı deyil, gec-tez müttəfiqlik başa çatacaq. Lakin o gün bu gün deyil. ABŞ Suriyadan qoşunlarını çıxarmağa start verəndən, burada onun rolu zəifləyəndən sonra isə Ankara ilə Moskva öz aralarında ziddiyyətlərə başladılar, daha sonra bu ilin fevralında İdlib hadisəsi baş verdi. Deməli, həmin bölgədə Türkiyə ilə Rusiyanı birləşdirən və parçalayan faktor ABŞ-dır. Ankara ilə Əsəd rejimi arasında başlanan lokal xarakterli hərbi əməliyyatların birbaşa müharibəyə çevrilib-çevrilməyəcəyi Rusiyadan asılıdır. Rusiya Əsədə nə təlimat verəcəksə, o da o istiqamət üzrə hərəkət edəcək. Suriyanın hazırkı de-yure prezidenti Əsəd, de-fakto Putindir. Suriya hökumət qüvvələrinin Ali baş komandanı Əsəd deyil, Putindir. Onun icazəsi olmadan Suriya ordusu bir güllə belə ata bilməz. Suriyada bir nömrəli oyunçu Rusiyadır. Yaxın Şərqin açarı hazırda Kremldədir. Bu mənada Türkiyə ilə Suriya rejimi arasında ciddi müharibənin olub-olmayacağı Ərdoğanla Putinin gələcək münasibətlərindən asılıdır. Razılaşmayacaqları təqdirdə isə onlar arasında indi lokal xarakter daşıyan hərbi əməliyyatlar müharibə səviyyəsinə qədər yüksələcək”.