BMT Baş Assambleyasının Qüds qərarının və səsvermənin nəticələrinin ortaya çıxardığı mənzərə
BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamə qəbul edildi. Səsvermədə qətnamənin lehinə 128, əleyhinə 9 dövlət səs verib, 35 dövlət isə bitərəf qalıb. Ümumiyyətlə, səsverməyə 172 dövlət qatılıb.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya-Bu Qüds qətnaməsinin əleyhinə səs verən dövlətlər olub.
Bitərəf qalan ölkələr isə Çexiya, Kanada, Argentina, Fici, Cənubi Sudan, Rumıniya, Polşa, Uqanda, Panama, Filippin, Meksika, Macarıstan, Bosniya və Herseqovina, Haiti, Yamayka, Kiribati, Kamerun, Kolumbiya, Dominikan Respublikası, Ekvador Ginesi, Benin, Vanuatu, Trinidad, Tobaqo, Malavi, Tualu, Solomon Adaları, Ruvanda, Paraqvay, Kiribati, Lesoto, Litva, Butan, Benin, Avstraliya və Antigua və Barbuda olub.
ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heyli səsvermədə İsrail əleyhinə səs verən dövlətlərə maliyyə yardımının kəsilə biləcəyi ilə hədələyib. Türkiyənin “Milliyet” qəzetinin verdiyi xəbərə görə, İsrail nümayəndəsi Denni Danon müzakirələrin nəticəsindən asılı olmayaraq Qüdsün İsrailin paytaxtı olaraq qalacağını söyləyib. O, qətnaməni dəstəkləyənləri fələstinlilərin marionetləri adlandıraraq onları təhqir edib.
Bu arada o da məlum olub ki, ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması ilə bağlı qətnamənin əleyhinə səs verən dövlətlərin nümayəndəlikləri üçün ziyafət təşkil edəcək. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli açıqlama yayıb.
O bildirib ki, səsvermədə iştirak etməyən, bitərəf qalan və qətnamənin əleyhinə səs verən dövlətlərin nümayəndələrinə gələn il yanvarın 3-də “ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti veriləcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə ABŞ-ın dövlətləri hədələməsini “reket” hərəkətinə bənzədib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara BMT-nin Qüdsün statusuna dair qətnamə qəbul etməsindən sonra ABŞ prezidenti Donald Trampın bu şəhəri İsrailin paytaxtı kimi tanıması barədə qərarını ləğv edəcəyini gözləyir: “Biz BMT Baş Assambleyasının Qüdslə əlaqədar əksəriyyət səs çoxluğu ilə qəbul etdiyi qətnaməni böyük məmnuniyyətlə alqışlayırıq. BMT Baş Assambleyası tərəfindən qanunsuz olduğu isbat olunan Trampın bu uğursuz qərarının tez bir zamanda ləğv ediləcəyini gözləyirik. Öz adımdan və Türkiyə xalqının adından Fələstin və Qüdsə dəstək göstərən hər kəsə təşəkkür edirəm”.
Bəs BMT Baş Assambleyasının Qüdsü İsrailin paytaxtı kimi tanımamaq qərarı proseslərə necə təsir edə bilər? Qərarın lehinə səs verənlərin sırasında Avropa İttifaqının böyük dövlətləri-ABŞ-ın müttəfiqlərinin çoxluq təşkil etməsi ABŞ-a meydan oxumaqdırmı? Bu hadisəni dünyanın yəhudi dövlətinə qarşı olduğu hesab etmək mümkünmü? Tramp İsraili dünya ilə üz-üzə qoydumu? Qüds olayını Tramp-Ərdoğan savaşı da adlandırmaq olarmı?
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, BMT Baş Assambleyasının qərarı prezident Donald Trampın və ABŞ dövlətinin siyasi-diplomatik uğursuzluğudur. Hələ Tramp məlum qərarını elan edəndə, yəni bütöv Qüds (Yerusəlim) şəhərini İsrail dövlətinin paytaxtı kimi tanıyanda aydın idi ki, ABŞ bu məsələdə təklənəcək. Çünki onun ən yaxın müttəfiqlərinin belə bu qərara dəstək vermədikləri bilinirdi: “Hələ müttəfiqlər bir yana qalsın, ABŞ-ın öz daxilində də Trampın qərarına ciddi dəstək verildiyini söyləmək mümkün deyil.
ABŞ-ın indiyədək bu məsələdə mövqeyi belə idi ki, Qüds-Yerusəlimin statusu məsələsinə Fələstin probleminin ümumi həlli kontekstində baxılsın, yəni problemin yekun həlli mərhələsi yetişəndə bu mübahisənin həlli də ümumi sülh planının içərisində əksini tapsın. Tramp sırf seçkiqabağı vədini yerinə yetirmək, daxildə ağdərili ultramühafizəkar, millətçi, radikal yevangelist seçicilərin və İsrail lobbisinin dəstəyini almaq üçün ABŞ-ın bu ənənəvi xəttindən kənara çıxdı. BMT Baş Assambleyasındakı səsvermə göstərdi ki, nəinki qitə Avropasındakı müttəfiqlər, hətta Böyük Britaniya, Kanada kimi anqlosaks ölkələri belə ABŞ-ın yanında yer almadı. Nəticədə ABŞ dövləti Qvatemala, Honduras, Mikroneziya, Nauru, Marşall adaları, Palau və Toqo kimi ölkələrin kampaniyasında qaldı, bu isə super gücün dünyadakı nüfuzuna zərbədir”. Ekspertin fikrincə, müttəfiqlərin bu davranışını ABŞ-a qarşı deyil, şəxsən Trampa qarşı bir etiraz kimi qiymətləndirmək daha doğru olar: “İstər Avropa Birliyinin Almaniya, Fransa kimi lider dövlətlərinin, istər Britaniya kimi Avropada ABŞ-ın ən yaxın müttəfiqinin, istərsə də Kanadanın liberal hökumətinin Trampın prezident seçilməsindən məmnun olmadıqları sirr deyil. Trampın çoxtərəfli əməkdaşlıq formatlarına, o cümlədən Avropa Birliyinə soyuq baxması, Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığına dair ABŞ və AB arasında imzalanması planlaşdırılan müqavilənin (TTİP) layihəsini, ümumiyyətlə, zibil qutusuna atması, İqlim dəyişikliyi üzrə Paris sazişindən çıxması, Şimali Amerika Azad Ticarət Sazişini (NAFTA) başqa sənədlə əvəz edəcəyini söyləməsi onunla ənənəvi müttəfiqlər arasında narazılıq yaradan əsas məsələlərdir. Tramp ilə müttəfiq ölkələrin liderləri arasında hər şeydən öncə dünyagörüş fərqi var və hazırkı ABŞ lideri tamam fərqli həyat fəlsəfəsinə sahib insandır. Ayrılıq yaradan təməl problem məhz budur.
Amma ABŞ-la onun müttəfiqləri arasında ciddi qopmanın olacağını gözləmək gerçəkçi olmaz. Çünki onların ABŞ-ın liderliyinə hələ də ciddi ehtiyacı var və ABŞ “dərin dövləti” də Trampı lazım gəldikdə cilovlamağı bacarır. Sual yarana bilər ki, həmin “dərin dövlət” Qüds-Yerusəlim məsələsində Trampın qarşısını niyə almadı? Cavabı budur ki, bu qərarı Tramp birdən-birə özündən uydurmayıb və Konqresin bu barədə 1995-ci ildə qəbul olunmuş rəsmi qərarı var. Sadəcə olaraq, Trampdan əvvəlki prezidentlər Fələstin probleminin həlli prosesinə zərər verməmək üçün həmin qərarın icrasını təxirə salırdılar”.
Ş.Cəfərli eyni zamanda hesab edir ki, BMT Baş Assambleyasının bu qərarının əhəmiyyətini şişirtmək də lazım deyil. Əvvəla, ona görə ki, Baş Assambleyanın qərarları məcburi xarakter daşımır, yəni icrası məcburi deyil. Hətta icrası məcburi olan Təhlükəsizlik Şurasının qərarlarının çox vaxt yerinə yetirilmədiyi bir dünyada Baş Assambleyanın qətnaməsinə əməl olunacağını gözləmək sadəlövhlük olardı: “Çox uzağa getməyə ehtiyac yoxdur, elə bizim özümüzlə bağlı, yəni Dağlıq Qarabağ münaqişəsinə dair BMT-nin həm Təhlükəsizlik Şurası, həm də Baş Assambleyası dəfələrlə qətnamələr qəbul ediblər. Bunların icra vəziyyətini biz çox yaxşı bilirik. Ona görə də Fələstin məsələsinə dair qətnaməyə ABŞ və İsrail tərəfindən əməl olunacağını gözləmək yanlış olar. Üstəlik, onu da unutmaq lazım deyil ki, İsrail indiyədək BMT-nin bu tip qərarlarını yerinə yetirməyib və bu mövqeyinə görə BMT tərəfindən hər hansı sanksiyaya məruz qalmayıb. Bu səbəblə, son qətnamənin önəmini böyütməyə ehtiyac yoxdur. Məsələn, Təhlükəsizlik Şurası tərəfindən bir il əvvəl – 2016-cı il dekabrın 23-də qəbul olunan 2334 saylı qətnamə daha əhəmiyyətli idi. ABŞ-ın da səs verdiyi bu qətnamədə İsrail tərəfindən İordan çayının qərb sahilində aparılan inşaat və məskunlaşdırma beynəlxalq hüquqa zidd və qanunsuz elan olunub. İsraildən tələb edilib ki, bu cür fəaliyyətlərinə son qoysun və 4-cü Cenevrə Konvensiyasının işğalçı ölkələrin boynuna qoyduğu öhdəlikləri yerinə yetirsin. Bu, çox ciddi sənəd idi, lakin Türkiyədə, eləcə də Azərbaycanda böyük əks-səda doğurmadı. Çünki Türkiyə hökumətinin və mediasının 1 saylı mövzusu deyildi. Son qətnamənin müəlliflərindən biri Türkiyədir və bu mövzu həm siyasi rəhbərlik, həm də media tərəfindən davamlı olaraq gündəmdə saxlanıldığı üçün Türkiyədə, həmçinin Azərbaycanda əks-sədası böyük oldu”.
Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, BMT Baş Assambleyasının ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması təklifinə yox deməsi gözlənilən idi. Amma bu o demək deyil ki, təklifin əleyhinə səs verən dövlətlərin hamısı Fələstin muxtariyyətinə simpatisiyası olan yaxud İsrailə qarşı olan dövlətlər idi. Donald Trampdan gələn təklif ilk gündən provakasion təklif kimi dəyərləndirilmişdi. Hətta bu təklifin açıqlandığı ilk gün İsrail baş naziri Netanyahu üçün də gözlənilməz idi və onu çox narahat etmişdi: “Bütün dünya dövlətləri, o cümlədən Netanyahu da bilirdi ki, illərdir regionda olan gərginlik nəzarətdən çıxıb qanlı hadisələrə gətirib çıxara bilər. Bir çox ərəb dövlətlərinin də açıq şəkildə buna qarşı çıxacağı məlum idi. Nəticədə yaranacaq müharibə ocağına dünyanın böyük dövlətlərinin də qoşulacağı məcburiyyəti ortaya çıxacaqdı ki, bu da heç kimə lazım deyildi. Hadisələrin sonrakı fəsadlarının Avropa və digər dövlətlərə qədər gedib çıxacağı ehtimallarını da unutmaq olmaz. Bunu Avropa İttifaqına üzv olan nüfuzlu dövlətlər yaxşı bilirdilər. Trampın təklifinin keçməməsinin əsas səbəbləri budur. Amma mənə elə gəlir ki, qərarın dünya dövlətləri tərəfindən qəbul olunmayacağını Tramp administrasiyası da bilirdi. Bu addımla Tramp seçki öncəsi yəhudi lobbisinə verdiyi sözü tutduğunu göstərmək istədi. Hətta bunu bərkitmək üçün ABŞ-dan hər il milyonlarla, yüz milyonlarla dollar yardım alan dövlətlərə müraciət edərək qərarın lehinə səs verməyəcəkləri halda yardımları kəsəcəyi ilə hədələdi. İclasın gedişində ABŞ-ın BMT-dəki nümayəndəsi Heyli Nikki də bunu təkrar etdi. Nəticədə heç nə baş vermədi. Belə görünür ki, bu məsələdə ABŞ sözdə nə qədər qəti görünsə də qərarın keçməsi üçün ciddi iş görməyib və ya bunu istəməyib. Türkiyə prezidentinin bu məsələlərdə göstərdiyi mövqe isə yeni bir hadisə deyildi. Son illər Türkiyə Fələstin məsələsinə çox həssaslıqla yanaşıb, hər bir hadisəyə eyni kəskin reaksiyaları verib. Buna qədər də Tramp-Ərdoğan münasibətlərində mütəmadi gərginliklər hiss olunub. Bütün bunlarla yanaşı, düşünürəm ki, BMT-nin verdiyi qərar regionda gərginliyin tədricən azalmasına gətirib çıxaracaq. İsrail-Ərəb münasibətləri bu gərginlikdən öncəki məcraya düşəcək”.
Bəzi ekspertlər isə hesab edir ki, bu Trampa qarşı bir sillədir. Gələn il BMT-də islahatlar aparılması zərurəti yarananda Tramp BMT-yə elə bir sərt şillə vuracaq ki, orada toplanan məmur ordusunun samballı faizi ixtisara düşəcək və xərcləri azalacaq. Çünki BMT-nin illik xərcinin 22 faizini ABŞ ödəyir, Rusiya 3%, Türkiyə 0.1%, Azərbaycan isə 0.0001 % ödəyir.
Siyasi ekspert Bəxtiyar Hacıyev isə BMT-də Trampın qərarına dəstək verən 9 ölkədən 4 ölkənin birlikdə əhalisinin Ucar rayonunun əhalisindən az olduğunu bildirib və faktiki olaraq Trampın bu məsələdə təkləndiyinə işarə edib.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”